Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Qarabaginfo.az-a bildirilib ki, aprelin 8-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlanıb.
Bu münasibətlə təşkil olunan mərasimdə DSX rəisinin müavini, general-leytenant İsmayıl Əkbərov çıxış edib, DSX rəisi, general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması, bu ərazilərdə qısa müddət ərzində ardıcıl olaraq yeni hərbi hissələrin fəaliyyətə başlamasının, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərimizin etibarlı mühafizə altına götürülməsi prosesi çərçivəsində qarşıya qoyulmuş tapşırıqların uğurla icra edilməsi baxımından böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.
Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılan şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçiriblər.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən hərbi qulluqçular təltif olunublar.