Tarix: 16-04-2021 | Saat: 12:58
Bölmə:Karusel / Gündəm | çapa göndər
Öncə qeyd edim ki, əziz dostum Seymur Baycan haqda yazmaq mənim üçün həm asandır, həm çətindir. Asandır ona görə ki... Nəsə, şit zarafatı bir qırağa qoyaq, Seymur bəy ölkəmizdə ədəbiyyatı, sözü təbliğ etmək üçün çox xidmətlər göstərmiş, əziyyətlər çəkmiş adamdır, az qala sovet vaxtının “Bilik” cəmiyyəti, “Ədəbiyyatı təbliğ fondu” kimi fəaliyyətdədir. O üzdən haqqında tənqidi fikirlərimi qətiyyən bildirmək istəməzdim, böyük günah yiyələrinin yanında onun suçu milçək boyda da olmaz.
Sadəcə, başqa əziz dostumuz Şərif Ağayar bugünlərdə məktub yazdı, ortada nəsə ədəbi polemikanın dolaşdığını, həmçinin Seymur bəyin mənim ünvanıma balaca bir “selbə” tolazladığını çatdırdı. Və mənim cavab haqqımı da tanıdıqlarını yazdı, bunu yüksək qiymətləndirərək həmin fürsətdən yararlanıram, çünki indi hər ünvanda adama belə imkan vermirlər. Yəqin bu da “Kulis” saytının demokratikliyinin növbəti nümayişidir. Ciddi sözümdür. Fürsət ikən saytınızın əməkdaşı Ulucay Akifin yazılarını ləzzətlə oxuduğumu bildirmək istəyirəm. İndi bu uzun sicilləmədən sonra keçək sözümüzün canına.
Polemika haqda az sonra, öncə Seymur bəyin haqqımdakı atmacasını sitat verim, bilməyənlərə də əyan olsun:
“Orxan Pamuk yaxşı olar ki, getsin özünün qlamur-burjua kədərləri haqqında dekorativ, surroqat romanlar yazsın və dekorativ, surroqat romanlarının parıltısı ilə Zamin Hacı kimi bədii təfəkkürü təzə-təzə iməkləməkdə, bədii təfəkkürü təzə-təzə formalaşmaqda olan adamların gözünü qamaşdırsın”.
Birincisi, Seymur bəyin bəyənmədiyi adamlar sırasında - Pamuk, Kortasar, Rüşdi və sairənin böyründə mən fəqir bəndəyə yer ayrılmasından çox təsirləndim, hətta sevindim. Buna görə sağ olsun. Böyük qiymətdir. Rəhmətlik Bayram Bayramovun sözüylə yazsam, mənəm, Kortasardır, Borxesdir...
İkincisi, bədii təfəkkürün iməkləmə çağına gəlsək, mənim ilk çap olunan yazılarım şeirlərim idi, bu hadisə 16 yaşımda, SSRİ dövründə, 100 min tiraja yaxın “Gənclik” jurnalında və “Nöqtəsinə, vergülünə toxunmadan” rubrikası altında olmuşdur. Necə deyərlər, indiki uşaqlar bilməz, ancaq Seymur bəyin yaşı çatır, bunun nə demək olduğunu bilməyə borcludur. Buna görə mənə 27 manat neçə qəpiksə qonorar da yazmışdılar və həmin dövrdə bu vəsaitlə 27 dəfə sosiska yemək mümkün idi.
Seymur müəllimin ədəbi təfəkküründə sosiska-kolbasa teması xüsusi yer tutduğu üçün ordan müqayisə apardım. Və mənim bədii təfəkkürümün iməklədiyi o uzaq zamanda Seymur bəy Bakıda hərbi liseydə “sürün” komandası yerinə yetirirdi, lakin gedişat göstərdi ki, bunu da axıracan yaxşı bacarmadı, əks halda layiqli zabit olaraq ana vətənimizə xidmət edər, Sibir meşələrinin boş yerə qırılmasına, ekologiyanın ziyan çəkməsinə səbəb olmazdı.
Ekologiyanı havadan yazmadım. Bu, Seymur bəyin ədəbiyyata mövqeyində, yazıçılara münasibətində əsas ölçü vahidlərindən biridir. O, bəyənmədiyi yazıçılara “süni, surroqat, sintetik, zibil, tullantı” və sairə belə ekoloji yarlıklar yapışdırmağı sevir. Və bu mənada “indi hər şeyin zibili çıxıb, köhnə vaxtı motal pendiri vardı, meyvəni gərək qurdlu yeyəsən”, nə bilim, GMO elə getdi, 5G anteni şüalanma yayır kimi boş-boş temalarda qırıldadan orta statistik bazar adamından fərqlənmir. Məsələn, dünyada indi dəbdədir, plastiki söyən çoxlu adam peyda olub, ancaq bu adamlar başa düşmür ki, plastiklərin kəşfi və geniş tətbiqi olmasaydı insan ömrü çox qısalardı.
Seymur bəy ədəbiyyatın olduqca rəngarəng, müxtəlif janrlar, üslublardan ibarət olduğunu qəbul etməyə çətinlik çəkir.
Seymur Baycan peyvəndi, ədəbi genetik tərəqqini qəbul etməyən cır meyvəli yabanı bir yazıçıdır. Meşədə, ac vəziyyətdə qarşımıza çıxsa şad olarıq, başqa vaxt yox. Mən ona təklif edərdim, 17-ci əsr italyan rəssamı Covanni Stankinin 350 il qabaq çəkdiyi qarpızların rəsmini tapıb baxsın və seleksiya elmi sayəsində qarpızın indiki şəkil almasını görsün. Bəlkə nəsə anladı.
Mirmehdi bəy (Mirmehdi Ağaoğlu - red.) Seymur Baycanın dar düşüncəli yanaşmasını “faşizm” adlandırarkən onluqdan vurub. Seymur bəy üçün “ari irq” yazıçılar var, bir də var “qaraçılar, yəhudilər və kommunistlər”. O, özünün antropo-literoloji xətkeşi ilə ortalıqda dolaşıb dünya yazıçılarının qəlbini ölçür. Uyğun gəlməyənlər məhvə məhkumdur. “Rüşdi... Bunu atın zibilliyə. Pamuku qazda boğun. Dostoyevski... Lənətə gəlmiş, bu hələ yaşayır?”.
İndi mən hörmətli oxuculara sual vermək istəyirəm. Sizcə, Seymur Baycan özünün publisistik yazılarını nədən “Mənim mübarizəm” adı altında, silsiləvi şəkildə dərc etdirir? Təsadüfdürmü? Hələ taleyin daha bir ironiyası var ki, Seymur Baycan Adolf Hitlerlə eyni gündə, aprelin 20-də doğulmuşdur. Əlbəttə, insafən sonuncu hadisədə onun bir günahı yoxdur, biz ədalətsizlik etməyək.
Əgər, yuxarıda yazdıqlarımı sübut etməsəm, mən də Seymur bəy kimi arqumentsiz, faktsız tənqidçi olardım. O üzdən gəlin sizə iki sitat yazım.
Birinci sitat: “Kubizm, dadaizm, futurizm, impressionizm və bu kimi şeylərin alman xalqına heç bir dəxli yoxdur. Çünki bütün bu terminlər nə köhnədir, nə də müasirdir, onlar Tanrının istedaddan, gerçək bədii vergidən məhrum elədiyi adamların SÜNİ TÖRƏMƏLƏRİDİR (fərqləndirmə mənimdir – Z.H.) Tanrı o bədii istedadın əvəzinə bunlara boşboğazlıq və yalan, saxtakarlıq hədiyyə edib.”
İkinci sitat: “İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, öz işinizdir, “Gecəyarısı uşaqları” əsərini oxuduqca saxta, süni, enerjisiz, ruhsuz səhnələr ürəyimi bulandırırdı... Kitabı parkdakı zibil qabına tullamaq istədim. Özümü güclə saxladım... Yaradıcılıqla məşğul olan insan hər şeydən əvvəl təmiz sənət əsərini saxta, süni, surroqat əsərdən seçməyi mütləq bacarmalıdır”.
Sitatların sonu.
Bəs bunlar kimlərə məxsusdur? Yəqin ariflər söhbəti artıq anlayıblar, mən də qısa izah edim. Birinci sitatın müəllifi Adolf Hitlerdir. 1937-ci ilin yayında məşhur “Degenerativ incəsənət sərgisi” haqda fürerin şəxsi fikirləridir. İkincisi isə Seymur Baycanın Salman Rüşdinin yaradıcılığına verdiyi qiymətdir.
Ümumiyyətlə, ədəbiyyat, yazıçılar haqda fikirlərini “zibildir, tüpürmək də lazım deyil, cəfəngiyatdır, tulla getsin, soxuşdurur” kimi zirzəmi kafesi leksikonuyla dəyərləndirən adamdan hər cür faşizm təzahürü gözləmək olar. Bəlkə, bu baxımdan Seymur bəyin hərbçi karyerasını davam etdirmədiyinə ən azı Qafqaz dağlarında yaşayan hər kəs şükür etməlidir.
Hər insan fərqli olduğu kimi, ədəbiyyat da fərqli ola bilər. Janrlar var. Üslub var. Ovqat var. Yaş var. Mən Kafkanı əsgərlikdə dərindən oxuyub anladım, başqa yerdə bəlkə çatmazdı. Həmçinin, uca dağlarda hərbi xidmətdən qayıtdığım il Dino Bussatinin “Tatar səhrası”nı oxuyanda dəhşətə gəlmişdim, sanki bu süjeti şəxsən yaşamışdım. Mən Rasim Qaraca və Ramiz Rövşəndən eyni dərəcədə zövq ala bilərəm, sadəcə, halıma baxır. Bu yaxında ağır xəstəlikdən özümə gələn gün Cabir Novruzun şeirlərini oxudum və bəyəndim. Halbuki, həmişə ona lağ edərdim. Cek Londonun döşək altında suxarı gizlədən qəhrəmanının gününə düşmüşdüm. Yenə Seymur bəyin sevimli kulinariya üslubunda yazsam, ağlı olan pitini yayın qızmarında yeməz ki. Hər vaxtın öz yeməyi var.
Orxan Pamuk məsələsinə gələk. Əlbəttə, Nobel komitəsi səhv eləyib, bu ölçü vahidi deyil, Seymur bəy deyirsə bunu da qatlayıb ataq Boğazda bir zibil qabına. Ancaq zarafat bir yana, mənim fikrimcə Pamukun “Məsumiyyət muzeyi” romanı ən gözəl sevgi romanlarından biridir. O romanın girişində Kamalla Füsunun sevişmə səhnəsi var, şedevrdir. Bu roman çağdaş dövrümüzün “Leyli və Məcnun”u, “Romeo və Cülyetta”sıdır. Muzeylər, insanlar, əşyalar, kolleksiyaçılar haqda mükəmməl bədii əsərdir. Pamukun “Mənim adım Qırmızı” romanı qədim dövrlər, miniatür sənəti, rəssamlıq haqda ən yaxşı romanlardandır. Orxan Pamuk Türkiyə insanının, İstanbulun tarixini, obrazını yüksək ustalıqla yaradıb. Min il sonra bu əsərlər əsasında dövrü öyrənəcəklər. Seymur Baycan kimi “pinti yazıçı” (Şərif Ağayar) Orxan Pamuk kimi hər sözün qədrini bilən, mükəmməl süjetlər quran sənətkarı bəyənmir.
Yazıq Pamuk...
Salman Rüşdi də onun kimi. “Gecəyarısı uşaqları” hind xalqının, ümumən o yarımadanın həyatı, tarixi, keçmiş və gələcəyi haqda monumental tablodur. Təsvirlər əladır. Salmanın ironiyası, postmodernizmi, magiyası çox ustadır. İki dəfə “Buker” alan, BBC Culture kanalının “100 ən yaxşı kitab” siyahısına düşən (dünyanın nüfuzlu nəşrlərinin 82 tənqidçisi tərəfindən düzələn siyahıdır) romanı zibil qabına atmaq istəyən yazıçı nə dərəcədə kültürlüdür?
Yeri gəlmişkən, “Gecəyarısı uşaqları”nda qəhrəman Səlim Sinayın Sundarban cəngəlliyində yaşadıqları bir ayrı romandır. Həyatımda oxuduğum ən unudulmaz ədəbi təsvirlər və süjetlərdən biridir.
Kortasar “Cənub şossesi” və “Xəstələrin sağlamlığı” kimi əsərlər yazıb, buna necə pis yazıçı deyərsən? Nabokovun “Ultima Tule” hekayəsinə saxta demək ayıbdır. Utanmaq lazımdır. Bizim bəy isə bu hissdən tamamilə məhrumdur. Yəqin bu da bir xoşbəxtlikdir, mən əziz insan olaraq Seymura bu xoşbəxtliyində daim üzməyi, hətta batmağı arzu edirəm.
Seymur bəy adamların hekayələrdə həqiqətən öldüyünə inanır. Onun elmə münasibəti də saxtadır. Bir yandan fantaziya və xəyallara inanan, nağıllarla yaşayan insanları idiotluqda suçlayır, bir yandan da ədəbiyyat oxumayan adamların elmdə xoşbəxtlik tapmasını absurd, mümkünsüz sayır. Mirmehdi bəy haqlıdır, adam doğrudan daltonikdir.
Sonda Seymur bəyi yaxınlaşan doğum günü münasibətiylə qutlayıram, ölkəmizdə olsa qonaqlıq da verərdim şərəfinə. Səmimi sözümdür, haqqımda nə yazmağından asılı olmayaraq, onun xətrini dünyalar qədər istəyirəm.
Digər xəbərlər