Tarix: 10-03-2021 | Saat: 16:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Novruz bayramı yaxınlaşdıqca yenidən karantın məhdudiyyətlərinin tətbiq edilib-edilməyəcəyi ən çox müzakirə edilən məsələlərdəndir. Epidemioloji vəziyyətə görə pandemiya başladıqdan sonra məhdudiyyətlərin bir neçə dəfə tətbiq olunduğunu nəzərə alsaq, bu istiqamətdə müzakirələrin intensivləşməsi anlaşılandır”.
Bunu deputat Vüqar Bayramov bildirib.
V.Bayramov qeyd edib ki, karantin qaydaları ilə bağlı qərar qəbul edilən zaman əsas meyar epidemioloji vəziyyət, yoluxma sayı götürülür:
“Bununla yanaşı, artıq 420 mindən artıq vətəndaşımızın peyvəndləndiyini və yoluxma sayının tənzimlənən həddə olduğunu nəzərə alsaq, ictimai iaşə və xidmət sferalarında yenidən qapanma məqsədəuyğun deyil. Xüsusən nəzərə almaq lazımdır ki, bu sektorlarda fəaliyyət göstərən müəssisələr, eləcə də kafe və restoranların qapanmadan sonra fəaliyyətinin bərpası müəyyən zaman və maliyyə tələb edir”.
Deputatın sözlərinə görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır:
“Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, bu sektorlardakı fəaliyyət məşğulluq baxımından da vacib hesab olunur. O baxımdan da, epidemioloji vəziyyət kəskin pisləşməyəcəyi halda bayram günlərində də bu sektorlarda fəaliyyətlərin davam etməsi məqsədəuyğun olardı”.
Modern.az
Digər xəbərlər