Tarix: 08-10-2026 | Saat: 11:44
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
6-7 oktyabr tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov İspaniya Krallığında səfərdə olub.
XİN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, səfər zamanı paytaxt Madrid şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, İspaniya tərəfindən isə xarici işlər və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Belio başçılıq edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, o cümlədən yaşıl enerji, mədəniyyət, təhsil, turizm, nəqliyyat-logistika və digər sahələrdə əlaqələrin hazırkıvəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub. Bu çərçivədə, ticarət və sərmayələrin təşviqi, habelə “Strateji İqtisadi Dialoq” çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin humanitar minatəmizləmə sahəsində təcrübə mübadiləsi və praktiki əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İspaniya Hökuməti Prezidentinin (Baş nazirin) Ofisində Xarici İşlər Departamentinin direktoru Pilar Sançez-Bella Solis ilə görüşüb.
Nazir Elnur Məmmədov həmçinin İspaniya Senatının vitse-prezidenti Xavyer Maroto ilə görüşüb. Tərəflər parlament diplomatiyasının təşviqi və ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin rolunu vurğulayıblar.
Bundan əlavə, nazir müavini Elnur Məmmədov İspaniya Diplomatik Məktəbində müəllim və tələbə heyəti üçün “Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimatla çıxış edib.
Səfər zamanı xarici işlər nazirinin müavini tərəfindən İspaniyanın aparıcı kütləvi informasiya vasitələrinə iki ölkə arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə müsahibələr verilib.
Digər xəbərlər



















