Tarix: 30-09-2026 | Saat: 14:38
Bölmə:Karusel / Dünya | çapa göndər
İsrail hüquq-mühafizə orqanları Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən insidentin terror cəhdi olub-olmadığını araşdırır.
“Ynet”in mənbələrə istinadən yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının nəzərdən keçirdiyi əsas versiyalardan biri pilotlardan birinin təyyarəni qəsdən qəzaya uğratmağa cəhd göstərməsi və bunun terror motivli olması ehtimalıdır.
Şübhəli pilotun dindirildiyi bildirilir.
İsrailin 12-ci telekanalının məlumatına görə, vəziyyətin İsrail Müdafiə Ordusu, Şin Bet və Mossad tərəfindən birgə qiymətləndirilməsindən sonra hadisənin terror aktı ola biləcəyi ehtimalı üzərində daha çox dayanılır.
İlkin məlumata əsasən, təyyarədəki pilotlardan biri Oman, digəri isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır. İsrail mənbəsinin iddiasına görə, Oman vətəndaşı olan pilot təyyarəni qəzaya uğratmağa cəhd edib və ona mane olmaq istəyən digər pilotu bıçaqla yaralayıb.
Mənbənin sözlərinə görə, təyyarədə olan gizli təhlükəsizlik əməkdaşı kabinəyə müdaxilə zamanı kömək edib, salonda olan digər pilotlar isə təyyarənin təhlükəsiz şəkildə enişinə yardım göstəriblər.
Eyni zamanda İsrail hakimiyyəti Səudiyyə Ərəbistanındakı israilli sərnişinlərin ölkəyə qaytarılması üçün tədbirlər görür. Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın bu məqsədlə göstəriş verdiyi bildirilir.
Qeyd edək ki, İsrailin Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətləri yoxdur.
Digər xəbərlər


















