Saytımızı qiymətləndirin


 
 

"Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi gücünü siyasi və hərbi gücə çevirdi - RƏY
Tarix: 20-09-2026 | Saat: 14:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi gücünü siyasi və hərbi gücə çevirdi - RƏY

“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi gücünü siyasi və hərbi gücə çevirdi.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

Tahir Mirkişili deyib ki, 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olub: “Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində bağlanan bu müqavilə yeni müstəqillik qazanmış Azərbaycana beynəlxalq etimad yaratdı, ölkəyə böyük həcmdə xarici sərmayənin və qabaqcıl texnologiyaların gəlməsinə yol açdı. “Əsrin müqaviləsi” yalnız neft hasilatı haqqında kommersiya sazişi deyildi. O, Azərbaycanın iqtisadi müstəqilliyinin təməlini qoydu. Əldə olunan gəlirlər ölkənin yenidən qurulmasına, müasir infrastrukturun yaradılmasına, sosial proqramların həyata keçirilməsinə, insan kapitalının inkişafına və güclü dövlət institutlarının formalaşmasına yönəldildi”.

Deputat qeyd edib ki, bu müqavilə Bakı–Tbilisi–Ceyhan kimi strateji layihələrin reallaşmasına şərait yaratmaqla Azərbaycanın dünya enerji xəritəsindəki mövqeyini möhkəmləndirib: “Eyni zamanda, regionda yeni enerji və nəqliyyat əməkdaşlığı modeli formalaşdırdı, Azərbaycanı etibarlı tərəfdaş və mühüm tranzit mərkəzinə çevirdi. Ən vacib məqamlardan biri də budur ki, iqtisadi güc Azərbaycanın siyasi müstəqilliyini möhkəmləndirdi. Müstəqil xarici siyasət yürütmək, milli maraqları beynəlxalq müstəvidə qətiyyətlə müdafiə etmək və güclü ordu qurmaq üçün zəruri maliyyə və strateji imkanlar yarandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə neft gəlirlərinin dövlətin uzunmüddətli inkişafına və müdafiə qabiliyyətinin artırılmasına yönəldilməsi nəticəsində Azərbaycan qüdrətli ordu formalaşdırdı. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin arxasında xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı və siyasi liderliklə yanaşı, uzun illər ərzində yaradılmış güclü iqtisadi baza da dayanırdı. Bu mənada “Əsrin müqaviləsi” nefti iqtisadi inkişafa, iqtisadi inkişafı dövlət qüdrətinə, dövlət qüdrətini isə tarixi Zəfərə çevirən strateji yolun başlanğıcı oldu”.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər