Saytımızı qiymətləndirin


 
 

Aprel işğalı – Ləman Ələşrəfqızı yazır…
Tarix: 29-04-2020 | Saat: 11:27
Bölmə:Karusel / Yazar | çapa göndər

 

Aprel işğalı – Ləman Ələşrəfqızı yazır…

Aprel, sənin….

Əstəğfürallah, söyüş söymək fikrində deyiləm. Əvvəla, ağzım orucdur, ikincisi, məşhur xalq artistindən sonra mən bu işi onun kimi mükəmməl bacarmaram. Söyüş mənlik deyil. Sadəcə, aprel ayı həmişə beynimd  uşaqlıqda sevə-sevə öyrəndiyim bir şeirlə assossiasiya olunur. Müəllif dəqiq yadımda deyil, bəlkə də Süleyman Rüstəm idi. Şeirsə beləydi:  Aprel, sənin töhfələrin gözəldir. İndi, yəqin neçəniz ürəyinizdə yalansa, sənin… , –  deyə yeddimərtəbəli  söyüş söydünüz. Hə, biz bu cür saxta şeirlər, saxta tarixlər öyrəndik,  saxta ömür yaşadıq və bilmədik ki, bu bəy tərifi dövlətimizi xaraba qoyanların şəninədir.

Bu gün Cümhuriyyətin süqutunun 100 yaşı tamam oldu. Tarixi oxumağı sevmirik, bir millət olaraq tarixdən dərs almağı da. Ona görə də bu yazını tarixi-nadir qədər “qəliz” yazmayacam. Sadəcə, bu haqda elementar suallara  cavabımız olsun deyə, yazıram.

XI ordunun Bakı üzərinə hücumu – 52 nömrəli əmrlə həyata keçirilib. Leninin  Şmilqaya və Orconikidzeyə məktubunda deyilirdi. «Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin… Qüvvələr yeridilməsi haqqında Baş komandanla şərtləşin».

Ordu komandanı Mixail Karloviç Levandovski idi. Qulluq etdiyi sistem bu hərb adamının özünü də ən sonda cəzalandırdı.

1938-ci ildə güllələndi!

Əməliyyatın məxfiliyinin təminatçısı Qəzənfər Musabəyovun da daxil olduğu bir qrup yerli bələdçilər idi. Onlar Şaumyana, Mikoyana və başqalarına  müstəqillikdən daha çox sadaqətli idilər. Nə yazıq ki, bu sadaqətin qarşılığını görmədilər. Qəzənfər Musabəyov da Levandovski kimi,  Stalin repressiyasından sağ çıxmadı. O da güllələndi!

11-ci Ordunun qabağında Xəlil paşa başda olmaqla türk abilərimiz gəlib. Türkiyədə milli hərəkatın rəhbəri Mustafa Kamal paşa ingilis hücumlarından müdafiə olunmaq üçün sovet qoşunlarının Türkiyə sərhədlərinə buraxılmasını Azərbaycandan tələb edir və beləliklə də, bir güllə ilə iki dovşan vurulur: həm qan tökülmür, həm də istila həyata keçirilmiş olur. Yəni, bolşeviklərin usta fəndi türk nüfuzundan istifadəyə hesablanır.  1918-ci ilin sentyabrında Nuri Paşanın Bakını işğaldan azad etməsi türkləri günün qəhrəmanı etmişdi, insanlar  türklərə xilaskar kimi baxırdılar. Aprel istilasının önündə mövqe tutan Xəlil paşa bu obrazı dağıtdı. Və 1950-ci illərdə  deyilənlərə görə, Moskvada dünyasını dəyişdi. Rusun nökəri kimi.

Bu gün də rusun nökəri olmaq istəyənlər sıralarımızda “N” qədərdir. Onlar nəyin xiffətini çəkirlər, bilmirəm.  Amma nökərçiliyin xiffəti çəkilməz, arkadaşlar!

Rus istilası bizi 70 il geridə buraxdı. Hamıya tanış olan tarixi təzədən danışmaq niyyətində deyiləm. Amma hamıya tanış olan tarixi yenidən yaşamaq  niyyətimiz də olmamalıdır. Bu gün sosial şəbəkələrdə, cəmiyyətdə sovet nostalgiyasına qapılan çoxlu sayda insan var. Çoxu sovetin şinelindən çıxanlardır, amma, bir çoxu da SSRİ abreviaturasının  dəqiq açmasını belə bilmirlər. Buna rəğmən, rus aşiqidirlər. Eynən Qəzənfər Musabəyov kimi, eynən Əliheydər Qarayev kimi. Çox qorxuram, bu “tovariş”lərdən. Siz necə, qorxmursuzmu?

Ləman Ələşrəfqızı xüsusi olaraq, Gununsesi.org



Xəbəri paylaş

786 dəfə oxunub.

Digər xəbərlər