Saytımızı qiymətləndirin


 
 

"Paşinyan Koçaryandan qorxduğu üçün sülh sazişi bağlaya bilmir"
Tarix: 30-07-2021 | Saat: 16:37
Bölmə:Karusel / Region | çapa göndər

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaz bölgəsinə səyahəti, Azərbaycan dövlət başçısının Moskva səfəri, ardınca AzTv-yə geniş müsahibəsi və dərhal Paşinyanın Putinlə telefon danışığından sonra Ermənistanın Kəlbəcər istiqamətində törətdiyi təxribatları daha da genişləndirməsinin səbəbləri elə ermənilərin üzü kimi o qədər müxtəlifdir ki, onları bir-birindən ayırıb əsl səbəbi müəyyən etmək heç də asan deyil. 
 
Əlbəttə, ilk baxışda guya əl altından Azərbaycanla sülh sazişi bağlamağa razı olan, bununla da Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləməsini bilən  Paşinyan, görünür indi başda quldur Koçaryan, onun dostu “Biz hakimiyyət dəyişikliyinə nail olmaq niyyətindəyik", - deyən Seyran Ohanyan olmaqla digər milliyyətçi ermənilərin silahlı çevriliş hədə-qorxusundan “öz havasını” oynaya bilmədiyindən, gah Rusiya “çastuşkası”na, gah da Rusiyadan qoparılması üçün ABŞ və Fransa tərəfindən başına atılan “şabaşa” görə daha çox “popurri” oynamaq zorundadır. 
 
Paşinyan yaxşı anlayır ki, artıq Azərbaycan üçün Dağlıq Qarabağ adlı subyekt yoxdur və onun statusu da cəhənnəmdə yanır. Bunu bir müddət öncə bölgəyə səfərə gəlmiş Şarl Mişelin Bakıda və Putinin isə Moskvada İlham Əliyevlə görüşü zamanı  Dağlıq Qarabağ ifadəsini işlətməmələri də təsdiq etdi. Ancaq onun erməni milliyyətçilərindən çəkinərək indiki halda Ermənistan-Azərbaycan sərhədi boyunca əvvəlcə ABŞ və Fransanı nəzərdə tutub “Qərbdəki dostlarını”, sonradan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun yerləşdirilməsini və ya əgər bu təşkilat çərçivəsində belə bir qrup yaradılması mümkün deyilsə, monitorinq qrupu ATƏT-in Minsk Qrupu formatında yaradılmasını təklif etməsi özünü sığortalamaq üçün siyasi ziqzaqvari gedişdən başqa bir şey deyil. Ən sadəsi isə Paşinyan Koçaryandan qorxduğu üçün sülh sazişi bağlaya bilmir. 
 
Çünki, Paşinyan yaxşı bilir ki, Rusiya bölgədə əsas söz sahibi olduğundan, istər ABŞ və Fransanı ayrı-ayrılıqda, istərsə də ATƏT-in Minsk Qrupu ilə, yəni elə yenə də ABŞ, Fransa və Rusiya üçlüyündə hərbi qüvvələrin Cənubi Qafqazda yerləşdirilməsini istəmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə isə, bu təşkilatın hazırki  rəhbəri Stanislav Zas hələ bir müddət əvvəl Kəlbəcərdə baş verənləri sərhəd hadisəsi kimi qiymətləndirərək, belə olayların KTMT nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəalarına aid edilmədiyini bildirmişdi. 
 
Yeri gəlmişkən, Paşinyanın bundan əlavə, “Hazırkı situasiyada Rusiya sərhədçilərinin Azərbaycanla bütün sərhəd boyunca dayaq məntəqələrinin yerləşdirilməsi məsələsinə baxmağı məqsədəuyğun hesab edirəm. Bu, delimitasiya və demarkasiya işlərini hərbi toqquşma riski olmadan gerçəkləşdirilməsinə imkan verəcək”, təşəbbüsünəMoskvadan verilən cavab isə hələ ki, dəqiq deyil. Çünki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu təşəbbüslə bağlı dünən jurnalistlərə “İrəvanla əlaqələr davam edir, əlavə edəcək bir şeyim yoxdur” - deyib.
Əslində Rusiyadan Azərbaycana qarşı hansısa formada xeyir gözləmək nə qədər çətin olsa da, ancaq Paşinyanın Ermənistan-Azərbaycan sərhədinə Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə bağlı söylədiyi “Bu, delimitasiya və demarkasiya işlərini hərbi toqquşma riski olmadan gerçəkləşdirilməsinə imkan verəcək”, ifadəsi mövcud problemin aradan qaldırılması üçün müəyyən ümidlər yaradır.
 
Diqqət edin, əgər Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilərsə, onda tərəflər hazırki mövqelərində qalmaqla, keçmiş sovet respublikaları arasında ərazi bölgüsünü göstərən 1975-ci ildə təsdiqlənmiş SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının geniş miqyaslı xəritəsi əsasında delimitasiya işlərinə başlanar və ardınca sülh sazişi bağlanar. Sözsüz ki, delimitasiya prosesində rusiyalılar ermənilərə tərəfbazlıq etməsinlər deyə bu işdə türkiyəli mütəxəssilərin ən azı müşahidəçi qismində iştirakı çox vacibdir. Çünki Azərbaycan tərəfi Ermənistana qeyd etdiyimiz xəritə üzrə sərhədi müəyyənləşdirməyi təklif etsə də, ancaq qarşı tərəf hər şeyi öz arşınları ilə ölçdüyündən bu xəritəni “falşivı” adlandırır. Bu üzdən də rəsmi Bakının “pazı, pazla çıxararlar” deyimi üzrə hərəkət edib həmin xəritəni rusların əlinə verərək əsrlərdir Azərbaycana “paz” etdikləri erməniləri elə onların öz əlləri ilə zəbt etdikləri ərazilərdən çıxarmaları daha məqsədəuyğun olar. Yeri gəlmişkən, bu işi Rusiya gördüyündənPaşinyan müəyyən mənada Koçaryan və digər “yanların”xofundan həm də sığortalanmış olar.
 
Əslində bu proses baş tutarsa, burada Rusiyanın bölgədəki geosiyasi movqeyi daha da möhkəmlənəcək. Çünki, bu addımla rəsmi Moskva Paşinyanın təklif etdiyi ABŞ və Fransanın bölgəyə girişinin qarşısını alır və Bakı isə öz növbəsində Ermənistanla dövlət sərhədini tamamilə bərpa etmiş olur. 
 
Doğrudur, bu, Rusiyanın gələcəkdə istənilən vaxt bölgədə yeni münaqişə ocağı alovlandırmasına əsas ola biləcəyi baxımından Azərbaycan üçün nə qədər arzuolunan olmasa da, ancaq delimitasiyadan və iki ölkə arasında qarşılıqlı suveren ərazilər tanındıqdan sonra sülh sazişinin bağlanması artıq İrəvanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıması olacaq ki, bu da mövcud münaqişənin birdəfəlik  sona çatmasına ümid yaradır.
 
Ancaq bütün bunlar rusiyalı “sülhməramlıların” Azərbaycan ərazisində lövbərini uzunmüddətə atıb qalmasına aid edilməməlidir. Hərçənd, Moskva bölgədə Türkiyə-Azərbaycan arasında bağlanmış möhtəşəm Şuşa Bəyannaməsinin fərqidədir və istər Xankəndi və ətraf ərazilərdə “sülhməramlıların”, istərsə də sərhəddə dayanacaq rusiyalı sərhədçilərin erməni “fətfası” ilə mümkün təxribatının qarşısının yerindəcə alınacağını anlayır. Digər tərəfdən isə Rusiya yaxşı anlayır ki, Cənubi Qafqazda ədalətin bərpası yolunda  dilənçi, şantajçı və “yanını” ABŞ-la Fransanın “kətilinə” qoymaq istəyən ermənilərdənsə, Azərbaycan və Türkiyə ilə hərtəfli əməkdaşlıq etmək onun üçün daha faydalıdır.
 
Quldur Koçaryanı, Ohanyanı və digər daşnaq “yanları” cin gözündə görüb “üşənən” Paşinyanın qorxusunu onun arvadağası Anna Akopyan bütün ermənilərin baş “katolizatoru” II Qareginin yanına aparıb lap baş-gözünə şapalaqlatdırsa da, xeyiri olmayacaq. Bu üzdən ağır xəstələr sovet dövründə Moskvaya aparıldığı kimi, görünür Paşinyanın da bu xəstəliyinin çarəsi yalnız Moskvadadır. Başqa sözlə desək, Paşinyanın canından Koçaryan qorxusunu 1975-ci ildə yazılmış resept üzrə yalnız Putin çıxara bilər.
 
Mübariz Azərbaycanlı, müstəqil jurnalist


Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70