Saytımızı qiymətləndirin


 
 

Ərəb “turistləri”,Acınohur və həqiqətlər...
Tarix: 28-03-2021 | Saat: 21:06
Bölmə:Karusel / Problem | çapa göndər

Ərəb “turistləri”,Acınohur və həqiqətlər...

 

Neçə gündür nəinki yazmağa, adımla münasibət və müraciət etməyə imkan tapmamışam, çünki, bu, iki-üç kəlmə ilə ifadə ediləsi şey deyil. Dünən axşam artıq bildiyiniz kimi getdilər (ərəb "turistlər") ərazidən və bu gün (27 mart) şiddətli yağan yağış elə bil ki, onların pis əməlləri ilə yanaşı, iz-tozunu da yuyub aparır. Gedişi olsun, gəlişi olmasın bir daha.

İlk öncə biləsiniz ki, bugünkü günə gec də, olsa qarşısı alınan rəzalətlərdən ən çox sevinən mənəm. Bəli, həddindən artıq sevinirəm və belə barbar, biolojimüxtəlifliyin nadir incilərinə və ümumiyyətlə Təbiətə asi varlıqların ölkəmizə bir  də ayaq basmayacaqlarına əmin olmaq istəyirəm. Neçə illərdir metastaza kimi bütün Azərbaycanın bir çox aran rayonlarında müşahidə olunan bu hal niyə məhz Acınohurda, bu gün ifşa edildi deyə düşünün?! Ona görə ki, əksər təbii biosenozlar artıq çoxdan aqrosenozlara çevrilib və həmin ərazilərin xarakterik biomüxtəlifliyi artıq mövcud deyil. Xarakterik landşaflara məxsus təbii tipik biomüxtəlifliyin qorunub saxlanıldığı çox az ərazi qalıb, bu ərazilərdən biri, bəlkə də sonuncusudur Acınohur. Min zəhmət bahasına Ceyran (Gazelle Subgutturosa) subpopulyasiyasının yenicə bərpa edildiyi, qismən və ya müəyyən səviyyədə mühafizə rejiminin tətbiqi ilə bərpa edilməkdə olan təbii bənzərsiz məkan. Oranı, “Azərbaycanın Serengetiyası” adlandırırdıq. Ərəb bir kənara, bilirsiz kimlə mübarizə aparırıq? Yol kənarında xəbərdarlıq nişanlarında və anşlaqlarda Ceyran fotosuna, “İlisu” adına belə güllə atan özümüzünkürlərə... 

Mən və əməkdaşlarımız hadisələr başlayanacan və demək olar ki, hər gün ərazilərimizdə olmuşuq. Həmin ərəblərin əraziyə ilk gəlişi günündən düz 3 gün qarşılarında biz durduq. Hüququmuz çatmasa belə tələb və müqavimət göstərdik ki, yasaqlıq ərazisinə düşərgə salmasınlar (bu, əsasnamədə göstərilib “çadır düşərgəsinin ərazidə salınması qadağan edilə bilər. “bilər” ama “qadağandır” YOX!) iki gün konvoylarını çəkib qaytardılar, axşam saatlarında ərazini tərk edib getdilər. Üçüncü gündə ədəblə gözlədilər ki, göstəriş veriləcək bizə ki, həmin bu sahədə düşərgə salınmasına əngəl olmayaq. Belə də oldu. Gələnlərin həmin sahəyə düşərgə salınmasına əngəl ola bilmədik. Məhz düşərgəyə və onların orda istirahətinə (istirahəti gətirdikləri çox sayda şahinlərə təlim keçmək, onları yemləmək və s.) mənim şəxsən tanımadığım təsərrüfat subyekti tərəfindən şərait yaradıldı. Bizə isə ETSN-dən onların hər hansı bir qanunsuz fəaliyyətlərinə yol verilməmək göstərişi gəldi (yəni bu bizim yegerlərin bilavasitə vəzifə borcudur ki, fauna elementlərinin mühafizəsini təşkil etsinlər.).

Mən elə o gün sözümü dedim. Bu məsələnin bu cür olacağını təsəvvür edirdim və oldu. Ərəb “turistlər” gəldilər. Nə az nə çox, özünüz şahidisiz neçə nəfər və neçə maşın. İlk günlərdə ancaq quş təlimləri etdiklərini müşahidə edirdik. Amansızlıqdı, vəhşilikdi, nəbilim-nədi öz günahlarıdı. Şahinlərinə ovlatdırdığı göyərçinlər, əhalimizin damdan, çardaxdan tutub bu ərəblərə və ya onların qulluğunda duranlara satdıqlarıdır, çöl göyərçinləri deyil. Heç nəyə haqq qazandırmıram, sadəcə nüanslara aydınlıq olsun deyə qeyd edirəm. Bəli, ölkəmizdə ov qadağası elan edilib. Qadağa bizim növlərin ovlanmasınadır, o cümlədən, şahinlə ovlamaqda qadağan edilmiş bir ov növ hesab edilir. Ama şahin yemlənməsində, ova öyrədilməsində (təlimdə) göyərçinləri nə əvəz edər, onu bilmirəm!

Dediyim kimi ilk günlərdə müşahidə ediləndə bu sadaladığım idi. Ərəblər çölə günortaya yaxın gəlirdilər, çadırlarında nahar edirdilər. Mən şəxsən heç vaxt yaxınlarına belə getməmişəm həmin çadırların. Müşahidələrim ancaq kənardan və ərazilərdən olub. Ərazidə bizim yegerlərdən başqa, ETSN-nin regional inspeksiyasının əməkdaşlarıda müşahidələr aparırdılar. Əvvəlki günləri 6-10 maşın gəlirdi əraziyə. Çadırdan kənara uzaqlaşan maşınların qarşısını kəsən yegerlərimizə, ərəblərin onlara şahinlərin göyərçinlərdən yayınıb uzağa uçmasını bəhanə gətirərək müxtəlif istiqamətlərdə sürətlə şütüyürdülər. Bizdən daim şikayət edirdilər ki, mane oluruq onlara. Bizim əsas hədəfimiz və səyimiz Acınohurda ceyranların gündüzlər dayandığı sahələrə maşınların hərəkərini məhdudlaşdırmaqdır.

Bu istiqamətdə və s. gördüyümüz işləri sadalamaq fikrim də yoxdur. Ərəb “turistlərin” son günlərdə 20-dən artıq maşınla gəlmələri onların hərəkətinə nəzarəti demək olar ki mümkünsüz etmişdi. Bizim buna nə fiziki, nə də texniki imkanlarımız çatmırdı. Ama onu da qeyd etmək istəyirəm ki, ərəblərin özlərinin paylaşdığı videoları “Acınohur ərazisi” (Qax Dövlət Yasaqlığı) kimi təqdim edilməsi həqiqətdən kənardır. Çadırları yasaqlıqda yerləşsə də, onların getmədikləri, çatmadıqları yer yoxdur. Acınohur çölü bütün yasaqlıq deyil, düzən ərazinin ancaq 14 min hektarı yasaqlıqdır və bu Acınohur gölünün yarısıda (2500ha) daxldir. Acınohur düzən ərazisi təxminən 40 min hektardır. Bu ərazilər həm Qax, həmdə Şəki inzibati rayonılarının əraziləridir. Qax Dövlət Yasaqlığının Acınohur ərazisi şərqdən Şəki rayonunun inzibati ərazisi olan Şəki ovçuluq təsərrüfatı, qərbdən isə keçmiş Samux ovçuluq təsərrüfatının əraziləri ilə həmsərhəddir. Ərəblərin idarə etdikləri maşınlar yasaqlıqdan çox bu ərazilərdə hərəkət etdikləri müşahidə edilir.

Yəni, Şəki, Qax, Samux və hətta Yevlax rayonlarının inzibati ərazilərində hərəkət edirlər. Bu ərazilər xüsusi mühafizə rejimi tətbiq edilməmiş qış otlaq sahələridir. Acınohur ətrafı çöllərdə eyniylə tipik fauna elementləri müşahidə edilir. Fevral ayının sonundan sonra Acınohurda böyük bəzgək sürüləri ümumiyyətlə müşahidə edilmir. Bu ov videoları hardan götürülüb onlar tərəfindən paylaşdıqlarını bilmirəm, ama bizim olduğumuz müddətdə və yasaqlıq ərazisində belə faktlar müşahidə edilməmişdir. Acınohur ətrafı ərazilərdə də landşaft eyni xarakterik və bənzərdi, və çadır düşərgəsinin yasaqlıqda olmasına görə elə qələmə verirlər ki qanunsuz ov yasaqlıq ərazisində baş verib. Bəli, heç fərqi yoxdu harda qanun pozulub. Hər hansı bir ov faktı ilə bağlı müvafiq qanunvericiliklə təbiətə dəymiş ziyan müəyyən edilir və cərimə tətbiq edilr. Belə qələmə verilməsin ki, bunları məsuliyyətdən yayınmaq xətrinə edirəm. Hər kəsin müəyyən dərəcədə günahı var. 

İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov




129 dəfə oxunub.

Digər xəbərlər