Saytımızı qiymətləndirin


 
 

Bu silahlar Çexiyadan Azərbaycana necə gəlib? - Ermənistan ŞOKDA
Tarix: 20-09-2017 | Saat: 10:07
Bölmə:Karusel | çapa göndər

Bu silahlar Çexiyadan Azərbaycana necə gəlib? - Ermənistan ŞOKDA


Azərbaycan ordusunun bu həftənin əvvəlində başlamış irimiqyaslı hərbi təlimləri zamanı Çexiya istehsalı olan "Dana" özüyeriyən artilleriya sistemlərinin (təkərli şassi üzərində) və RM-70 "Vampir" reaktiv yaylım atəşi sistemlərinin ilk dəfə nümayiş etdirilməsi geniş rezonansa səbəb olub.

Qarabağinfo.az virtualaz.org-a istinadən bildirir ki, bu rezonans bir tərəfdən həmin silahların böyük dağıdıcı gücü, son texnologiyalar əsasında modernləşdirilərək yüksək dəqiqliyə malik olması sayəsində Azərbaycanın artilleriya-raket qüvvələrinin düşmən üzərində əzici üstünlüyünü daha da artırması ilə bağlıdır. Digər tərəfdən Azərbaycan ilk dəfədir ki, Avropa İttifaqının silah embarqosunu dəf etməyə nail olur və ittifaqın üzvü olan ölkənin istehsalı olan silah sistemləri əldə edir.

Və indi Ermənistanda bunun üzərində baş sındırırlar ki, Çexiyanın istehsalı olan artilleriya və reaktiv yaylım atəşi sistemləri Azərbaycana necə gəlib çıxıb?

"Azadlıq" radiosunun erməni xidməti bu barədə Çexiyanın Xarici İşlər Nazirliyinə sorğu göndərib. Nazirliyin cavabında deyilir ki, silah ixracına dair informasiyalar mətbuatda dərc edilmək üçün nəzərdə tutulmur.

Hansı ki, bu və ya digər növdə silahın ixracı üçün lisenziyanı Sənaye və Ticarət Nazirliyinin lisenziyalaşdırma Departamenti verir. Bu zaman müvafiq nazirliklərin - daxili işlər, müdafiə və xarici işlər nazirliklərinin rəsmi əsaslandırmaları nəzərə alınır.

Çexiya XİN daha sonra bildirir ki, bu ölkə son illərdə, ümumiyyətlə, Azərbaycana "letal silah" ixracına dair lisenziya verməyib. Bundan əlavə 2016 və 2017-ci illərdə Azərbaycanın Çexiyadan "Dana" M1 özüyeriyən artilleriya sistemi və RM-70 reaktiv sistemləri almaqla bağlı müraciətinə rədd cavabı verilib. Bu barədə müvafiq kanallarla Çexiyanın Avropa İttifaqındakı partnyorları məlumatlandırılıb.

"Çexiyanın Xarici İşlər Nazirliyi çex istehsalı olan silahların hansı yolla Azərbaycana gedib çıxdığını bilmir. Nazirlik bu məsələnin araşdırılmasını davam etdirir" - cavabda göstərilir. Ardınca Çexiya XİN bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Münaqişə qarşılıqlı kompromislər və beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində həll edilməlidir.

Rəsmi Yerevan isə hələlik özünü elə göstərməyə çalışır ki, Azərbaycanın Çexiya istehsalı olan və son texnologiyalar əsasında modernləşdirilmiş artilleriya-reaktiv sistemlərini almasından narahat deyil. Əslində isə erməni ekspert çevrələrində bu silahlarla bağlı ciddi təşviş müşahidə edilməkdədir. Heç bir şübhə yoxdur ki, Azərbaycan Çexiya istehsalı olan həmin silahları qaçaqmalçılıq yolu ilə əldə etməyib və bu, tamamilə leqal mexanizmlər sayəsində mümkün olub. Hansı ki, Azərbaycanın leqal yollarla Aİ üzvü olan ölkədən güclü silah sistemləri əldə etməyə nail olması Ermənistanda pərtlik və çaşqınlıq yaratmaya bilməz.

Virtualaz.org ötən buraxılışlarında "Dana" M1 özüyeriyənlərinin imkanları barədə yazıb. RM-70 "Vampir" sistemlərinə gəldikdə bunlar sovet istehsalı olan əfsanəvi "Qrad" reaktiv-yaylım atəşi sistemlərinin çex versiyasıdır, ancaq imkanlar baxımından daha üstündür. Çexiyanın "Excalibur Army" şirkətinin istehsal etdiyi bu sistemlərin modernləşdirilmiş versiyası olan RM-70 "Vampir" ilk dəfə Paris ətrafında keçirilən "Eurosatory 2016" silah sərgisində nümayiş olunub. RM-70 "Vampir" səkkizoxlu, zirehli "Tatra" T-818 (8X8) şassisi üzərində yerləşdirilib. Bu şassi yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənləri ilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanlarına malikdir.

Sovet "Qrad"ları bir dəfəyə 122 mm-lik 40 raket buraxa bilirsə "Vampir"lər yerləşdiyi şassinin üzərində quraşdırılmış unikal hidravlik sistem sayəsində 80 belə raket buraxa bilir. Belə ki,əsas buraxılış konteynerində raketlərin atışı başa çatdıqdan sonra həmin hidravlik sistem daha 40 raketi paket halında buraxılış konteynerinə yükləyir və bu proses uzağı 1 dəqiqə vaxt aparır. Nəticədə "Vampir" sürətlə atəş mövqeyinə çıxaraq düşmən mövqelərinə təxminən 3-4 dəqiqə ərzində 80 raket yağdıra və çevik şəkildə mövqeyini tərk edib cavab zərbəsindən yayına bilər.


Xəbəri paylaş

636 dəfə oxunub.

Digər xəbərlər