Saytımızı qiymətləndirin


 
 

Məlahət İbrahimqızıdan Elman Nəsirova sərt reaksiya: “Ya həmin deputatın adını çəksin, ya da sözünü geri götürsün!”
Tarix: 17-09-2020 | Saat: 15:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Elman Nəsirov Prezident yanında Əfv Məsələləri Komissiyanın əvvəlki üzvlərini sərt şəkildə ittiham edib.

 Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Elman Nəsirov deyib ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki üzvlərinin qeyri-qanuni hərəkətlərə yol verməsi barədə ona məlumatlar daxil olub:

 

“Bununla bağlı konkret faktlarla mənə məlumatlar verilib. Bu haqda məlumatlar var, bilmirəm düzdür, ya yox. Amma hər halda bu, ciddi bir siqnaldır. Məndə olan məlumata görə, Komissiyasının deputat üzvlərindən birinin sürücüsü vasitəsilə əfv siyahısına adlar daxil edilib”.

Maraqlıdır, Elman Nəsirov Əfv Məsələləri Komissiyasının adını çəkmədiyi hansı keçmiş deputat üzvünü nəzərdə tutur? Çünki onların sayı 4 nəfərdi.

Belə ki, Prezident İlham Əliyevun sentyabrın 8-də imzaladığı sərəncamla Əfv Məsələləri Komissiyasının tərkibi dəyişib.

Həmin sərəncamla Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin Əfv Komissiyasının sədri vəzifəsindən azad edilməsi rəsmiləşib.


Bundan başqa, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Milli Məclisin sabiq deputatı, Azərbaycanın Ukraynadakı səfir Elmira Axundova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikasının əməkdar müəllimi Cəmilə Ramazanova da yeni komissiyanın tərkibinə daxil edilməyiblər...


Əgər Elman Nəsirov “komissiyanın deputat üzvlərindən biri” deyirsə, onda söhbət ya Bəxtiyar Əliyevdən, ya Səttar Möhbalıyevdən, ya da Məlahət İbrahimqızıdan gedir. Amma bu, sabiq deputat Elmira Axundova da ola bilər.

Deputat Məlahət İbrahimqızı  açıqlamasında ittihama sərt şəkildə reaksiya verib:

“Həmkarım Elman Nəsirovun dediklərinin heç bir əsası yoxdur. Əgər səsləndirdiyinin  arqumenti varsa, onu ortaya qoymalıdır. O, millət vəkilidir. Bu cür məsələlər dedi-qodu, qeybət kimi deyilməməlidir. Əgər Elman Nəsirovda dəqiq fakt varsa, həmin deputatın adını çəkməlidir”.  

Məlahət İbrahimqızı həmkarının  gündəmdə qalmaq üçün populist çıxışlar etməməli olduğunu xatırladıb:


“Əfv  Məsələləri Komissiyasının yüzlərlə üzvü yoxdur ki!. Maksimum 4-5 deputat üzvü var. Konkret olaraq deməlidir ki, “filankəsov filankəs Əfv Məsələləri Komissiyasının üzvü olanda, sürücüsü bu işlə məşğul olub” ya da sözünü geri götürməlidir.  Hesab edirəm ki, bu,  millət vəkilinə yaraşmaz. Biz  cəmiyyətdə nə dedi-qodu etməklə, nə  şou yaratmaqla, nə də populist fikirlərlə  məşğul olmalıyıq. Cəmiyyətin yadında belə fikirlərlə qalmamalıyıq”.


Deputat belə bir halın gerçək olmadığı təqdirdə təəssüfləndiyini də vurğulayıb:


“Hesab edirəm ki, bu cür məsuliyyətsiz fikir səsləndirmək millət vəkilinə yaraşmaz. Çünki Əfv Məsələləri Komissiyasınının üzvlüyünə  təkrar salınmayan cəmi 3 deputat var. Tələb edirəm ki, ya adı və faktı səsləndirməli, ya da sözünü geri götürməlidir.

Əgər Elman Nəsirov həmkarları haqqında əsassız fikir səsləndirirsə, həqiqətən də bu, məndə acı təəssüf hissi doğurur”.

Modern.az



Xəbəri paylaş

356 dəfə oxunub.

Digər xəbərlər