Tarix: 18-06-2021 | Saat: 13:08
Bölmə:Karusel / Siyasət | çapa göndər
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.
Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nazir Kəmaləddin Heydərov səfir Cahit Bağçını səmimi salamlayaraq, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qardaş ölkənin uyğun qurumları arasında qarşılıqlı əlaqələrin daim genişləndiyini bildirib.
Ölkələr arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edən nazir Kəmaləddin Heydərov iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin əhəmiyyətindən danışıb.
Səfir Cahit Bağçı səmimi görüşə görə təşəkkürünü bildirərək, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı qardaşlıq və qarşılıqlı dostluq münasibətləri çərçivəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Türkiyənin uyğun dövlət qurumları arasında mövcud sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Digər xəbərlər