Saytımızı qiymətləndirin


 
 

Ermənistan rus silahının nüfuzunu bir daha yerlə yeksan etdi: Erməni PUA-ların qənimi Qroza-S...
Tarix: 01-06-2021 | Saat: 16:59
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan rus silahının nüfuzunu bir daha yerlə yeksan etdi: Erməni PUA-ların qənimi Qroza-S...
Qrifon-12
 
Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "Qrifon-12" tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilməsi, dövlət sərhədlərimizdə erməni təxribatlarına fasilə verilmədiyini bir daha sübut edir. 
"Qrifon-12" Rusiyanın Sankt-Petrburq şəhərində yerləşən "Plaz" şirkəti tərəfindən dizayn edilmiş pilotsuz hava vasitəsidir. "Qrifon-11" modelinin pilotsuz hava vasitəsi əsasında hazırlanana PUA xarici görünüşü və konstruksiya baxımından sələfindən fərqlənmir, lakin bir birindən fərqli cəhətləri də mövcuddur.
 
Qrifon-12 aparatlarının təyinatı
 
"Qrifon-12" modeli hərbi və mülki sahədə istifadə üçün nəzərdə tutulur,  xüsusən də ərazinin havadan aerofotoqrafiyası və çəkilişləri, xüsusi kəşfiyyat işləri (kartoqrafiya, topoqrafiya, geologiya, geodeziya və s.), müşahidə və nəzarət, habelə patrul əməliyyatları üçün istifadə oluna bilər. PUA-nın bu günə qədər istehsalı davam edir.
 
"Qrifon-12" pilotsuz vasitəsi təyyarə konfiqurasiyasında hazırlanır, cihazın işə salınması həm "əllə", həm də xüsusi sürətləndirici katapultdan istifadə etməklə həyata keçirilə bilər. Cihazın yerə enməsi paraşütlə həyata keçirilir. PUA olduqca kiçik ölçülərə malikdir, onun uzunluğu 1 metr, qanad açılımı isə 2 metr 30 santimetrdir. 
 
Taktiki uçuş xüsusiyyətləri
 
"Qrifon-12" pilotsuz vasitəsinin kollektora malik olmayan fırçasız elektrik mühərriki və güc qurğusu, cihazın 3 saat havada qalmasını, 120 km/saat maksimum uçuş sürətini və 90 km maksimum uçuş məsafəsini təmin edə bilir. Ümumiyyətlə xüsusiyyətləri bu aparatların PUA bazarında cidi rəqib kimi qəbul edilməsinə imkan vermir. Onu adətən aşağı sinif vasitələrə aid edirlər.
 
Uzunluğu: 1 m;
Qanad açılımı: 2,3 m;
Hündürlüyü: 0.3 m.;
Maksimum qalxma kütləsi: 5.5 kq;
Kreyser uçuş sürəti: 80 km / s;
Maksimum uçuş sürəti: 120 km / s;
Maksimum uçuş məsafəsi: 90 km;
Maksimum uçuş hündürlüyü: 3100 m;
Təyyarə mühərrikinin növü: elektrik;
İtmə sistemi: bilinmir;
Güc qurğusu: məlum deyil.
 
Qarabağda Belarusun Qroza-S faktoru
 
PUA-nın endirilməsində Azərbaycanın Belarusdan əldə etdiyi "Qroza-S" radioelektron mübarizə kompleksindən istifadə edilib.  Azərbaycan Belarus Respublikasının "Radar" KB sənaye şirkətinin istehsal etdiyi "Qroza-S" PUA ilə mübarizə kompleksinin 2018-ci ildə əldə edib. "Qroza" ailəsinin iki kompleksi hazırlanıb və ictimaiyyətə təqdim edilib.
 
Bir çox PUA-ların müəyyən nəticələr əldə etməsinə baxmayaraq, onlar kiçik ölçü və az kütləyə malik olurlar. Belə hədəflərin aşkarlanması və müşayiət edilməsi asan məsələ hesab edilmir. Bununla yanaşı, ənənəvi vasitələrdən istifadə etməklə obyektlərin məhv edilməsində də nəzərəçarpan çətinliklər mövcuddur. Bu halda, PUA-ların normal fəaliyyətinə əks-təsir göstərə bilən radioelektron vasitələrinin tətbiqi təsirli və effektiv mübarizə metodu hesab edilə bilər. "Radar" konstruktor bürosunun köməyi ilə bir sıra xarakterik xüsusiyyətlərə görə bir-birindən fərqlənən iki xüsusi təyinatlı sistem inkişaf etdirilib. Beləliklə, "Qroza-S" kompleksi ümumi xüsusiyyətlərə müsbət təsiri olan kompozisiyaların müxtəlif komponentlərinin tətbiqinə imkan verən avtomobil şassisinin bazasında qurulub. "Qroza-P" sistemi isə kompakt daşınan stansiya şəklində hazırlanıb, lakin onun da göstəriciləri kifayət qədər qaneedicidir.
 
Konstruksiyası
 
"Qroza-S" kompleksi özüyeriyən avtomobil şassisində qurulur. Azərbaycanın əldə etdiyi kompleks 6x6 şassisinə malik platformada qurulub, lakin şirkət bu kompleksi daha kiçik ölçülü 4x4 "Volat" zirehli vasitəsinə və ya 4x2 mikroavtobus platformasına inteqrasiya edə bilir. Azərbaycanın bu varianta üstünlük verməsi onun tətbiq ediləcəyi ərazilərin relyefi ilə bağlıdır. 
 
Daşıyıcının daxilində operatorlar üçün iki avtomatlaşdırılan iş yeri, radiotexniki kəşfiyyat və REM modulları, bir sıra anten dəstləri və s. yerləşdirilir. Bütün avadanlıqların fəaliyyəti avtonom elektrik enerjisi mənbəyi vasitəsilə təmin olunur. Layihə həyat fəaliyyətini dəstəkləyən digər sistemlərin istifadəsini də təmin edir. Döyüş mövqeyinə çatdıqdan sonra stansiyanın yerləşdirilməsinə 10 dəqiqədən az zaman tələb olunur.
İmkanları
 
"Qroza-S" kompleksi həm PUA-ların, həm də onları uçuşunu təmin edən yerüstü stansiyaların idarəetmə kanallarının aşkarlanmasını təmin edən bir sıra imkanlara malikdir. Hədəfi aşkar etdikdən sonra, kompleksin operatoru növbəti tədbirlərin alqoritmini seçir və onu şəraitə ən uyğun şəkildə "emal" edə bilir.
 
REM kompleksi:
 
- pilotsuz vasitələri marşrutundan yayındıra bilir;
- onu yerə enməyə məcbur edə bilir;
- onun vəzifələrinin icrasına müdaxilə edə bilir.
 
Düşmən PUA-sının aşkar edilməsi, radio siqnalların qəbul edilərək analizi vasitəsi ilə həyata keçirilir. Bu halda yerüstü PUA operatoru konsolundan və ya PUA kanalından yayılan idarəetmə siqnallarının ələ keçirilməsi mümkündür. İlk halda, aşkarlama məsafəsi 10 km, ikinci halda isə 50 km-ə çatır. Kəşfiyyat 100-dən 6000 MHz-ə qədər tezliklərdə həyata keçirilir.
 
"Qroza"-nın tətbiqi metodları
 
PUA-nı aşkarladıqdan sonra "Qroza-S" operatoru bu və ya digər metoddan istifadə edə bilər. Müdaxilə ilə kanalın sadəcə basdırılması və daha təsirli digər metod seçilə bilər. Məlumatların yerüstü PUA idarəetmə məntəqəsinə ötürüldüyü radiokanal 10 km-ə qədər məsafədə basdırıla bilər. PUA qəbuledicisinin boğulması isə 30 km-ə qədər məsafədə təmin edilir. Basdırma kanallarının enerji potensialı 300 vattdan az olmamalıdır. Müdaxilə tətbiq edilərkən PUA idarəetmə paneli komandaları ötürmə qabiliyyətini itirir, aparat özü də telemetrik, video və s. siqnalları qəbul edə bilmir.
Düşmən PUA-ları ilə mübarizənin daha çətin, lakin az maraqlı və perspektivsiz olmayan bir metodu da peyk naviqasiyasının spufinqi adlanır. Bu metodun mahiyyəti GPS, GLONASS, "Galileo" və ya "Beidou" sistemlərinə aid naviqasiya peyklərinin siqnallarını basdırmaqdan ibarətdir. Bu halda, basdırılma müdaxilə ilə deyil, peykin PUA-ya ötürdüyü siqnalın ələ keçirilərək təqlid edilməsi ilə həyata keçirilir. Müvafiq siqnalların istifadəsi, PUA-nın idarəetmə qurğusunun yanılmasına səbəb olur. Belə bir təsir sayəsində PUA öz koordinatlarını düzgün müəyyən etmək qabiliyyətini itirir, buna görə REM stansiyasının "saxta" siqnallarını icra etməyə yönəlir. Kompleksin belə bir funksiyası Ermənistan pilotsuz vasitəsini mühafizə olunan zonadan uzaqlaşdırmağa və onu yerə endirməyə imkan verib. "Qroza-S" kompleksinin spufinq metodu ilə istifadəsi 20 km-lik məsafə ilə məhdudlaşır. 
"Qroza-S" stansiyasının Qarabağ hərbi teatrında ciddi perspektivləri mövcud olduğunu 2019-cu ildə yazmışdım. Bu texnika qısa müddət ərzində müəyyən edilən istənilən koordinatlara hərəkət edərək orada yerləşə və funksiyalarının avtonom yerinə yetirilməsinə başlaya bilir. Münaqişə zonasında müxtəlif sinif və tiplərə aid PUA-ların aktiv istifadəsinin daim aktual bir mövzu olduğunu və son hadisəni nəzərə alaraq deyə bilərik ki, "Qroza-S" REM stansiyası uğurlu seçimdir. Əvvəlki illərdə "Qroza-S" REM stansiyası barədə analizlərin birində təklif etmişdim ki, 10-12 ədəd stansiyanın cəbhənin müxtəlif istiqamətlərində, xüsusilə birliklərin əsas qüvvələrinin çəmləşmə istiqamətində yeləşdirilməsitam məqsədəuyğundur, birlik komandanlarına tabe olacaq stansiyaların döyüş növbətçiliyinə cəlb edilməsi, düşmənin istifadəsində olan ARMİ-55, "Krunk" və s. kimi ciddi texnoloji imkanlara malik olmayan PUA-ların yerə endirilməsinə şərait yarada bilər. 
 
Nəticə
 
Ermənistanın təxribat məqsədilə Rusiya aparatlarına üstünlük verməsi, onların istifadəsinin qismən geniş sahəni əhatə etməsi və cihazın çox aşağı qiyməti ilə əsaslandırılıa bilər. Halbuki Ermənistanın Rusiyadan əldə etdiyi hərbi avadanlıqlara görə vəsait ödəməsi nadir rast gəlinən hadisədir. 
Təbii ki, son baş verən bu hadisə, Ordumuzda xidmət edən bütün heyətin üstün mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərir, döyüş ruhunun yüksək səviyyədə saxlanılmasında isə çox vacib və əhəmiyyətli rol oynayır.
 
PUA-nın Azərbaycan ərazisində yerə düşməsi Ermənistanın atəşkəsə əməl etmədiyini və növbəti təcavüz fəaliyyətlərinə hazırlaşdığını nümayiş etdirir. Əfsuslar olsun ki, üstündən kifayət qədər zaman keçməsinə baxmayaraq, bu vasitələri istehsal edərək Ermənistana verən Rusiya, birgə bəyanatın şərtlərini fasiləsiz olaraq pozmaqda davam edən Ermənistanı qınayan bəyanatla çıxış etmir. Bu isə bir daha Kremlin münaqişənin həllində maraqlı tərəf olmadığını ehtimal etməyə əsas verir. 
 
Maraqlı orasıdır ki, Ermənistan bu dəfə özünün istehsal etdiyi vasitələrdən deyil, Rusiyanın PUA-sından istifadə edib. Basqa sözlə desək, Ermənistan Rusiya hərbi avadanlıqlarının nüfuzunu yerlə yeksan etməyə uğurla davam edir. Görəsən Rusiyanın Ermənistan qarşısında qəbahəti nə qədər böyükdür ki, belə bir vəziyyətdə belə İrəvanı qınaya bilmir?
 
İstənilən halda, Azərbaycan Ordusunun Ermənistana aid Rusiya PUA-sını ələ keçirməsi, Ermənistanın Azərbaycan sərhədlərində nəinki gözlənilməz əməliyyatları həyata keçirməsini, hətta kəşfiyyat xarakterli uçuşlar keçirmək imkanlarının tam məhdud olduğunu göstərir.
 
Ədalət Verdiyev, Hərbi ekspert


Xəbəri paylaş

1319 dəfə oxunub.

Digər xəbərlər
5-08-2022, 12:56 Sabah yağış yağacaq