Tarix: 26-01-2018 | Saat: 17:56
Bölmə:Karusel / Kriminal | çapa göndər
Gürcüstan Baş Prokurorluğu Azərbaycandan olan cərrah-transplantoloq barəsində cinayət təqibinə başlayıb.
"Qarabaginfo" xəbər verir ki, "Apa.az"ın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstan Baş Prokurorluğunun bu gün yaydığı məlumatda bildirilir ki, cərrah M.K. pasientlərin böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham olunur.
"Cərrah M.K. istintaq orqanlarına gəlməkdən imtina etdiyinə görə prokurorluq məhkəməyə onun saxlanılması barədə qərar qəbul etməklə bağlı müraciət edib. Müraciət təmin olunandan sonra M.K. axtarışa veriləcək, - deyə məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Tbilisidəki “Lanset” klinikasının direktoru 2016-cı ilin əvvəlində Azərbaycandan M.K. adlı cərrah-transplantoloq dəvət edib. Həmin həkimin tibbi ixtisası üzrə Gürcüstan tərəfindən verilən müvafiq sertifikatı olmayıb.
“Klinika rəhbərliyi pasientlərin cəlb olunması məqsədilə sosial şəbəkə və televiziya vasitəsilə Türkiyədən transplantologiya sahəsi üzrə həkimin dəvət olunduğu, onun qaraciyər problemləri olan insanlar üçün ödənişsiz konsultasiyalar keçirdiyi barədə məlumatlar yaymağa başlayıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, 2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya konsultasiya üçün müraciət edib, onların təcili qaraciyər köçürülməsinə ehtiyacları olduğu deyilib. Pasientlərə həmçinin bildirilib ki, bu cür əməliyyatları uğurla həyata keçirmiş Türkiyədən olan bir qrup cərrah- transplantoloq Gürcüstandadır.
Pasientlərdən biri klinikanın direktoruna 99204 lari (40 min dollardan çox) ödəyib. Digər pasientlə isə onun 10 aprel 2016-cı il tarixində 40 min dollar ödəyəcəyi ilə bağlı razılıq əldə olunub.
“Lanset” klinikasında 2016-cı ilin mart ayında əməliyyat olunmuş hər iki pasient bir həftə sonra vəfat edib.
İstintaqla müəyyən olunub ki, əməliyyatlar qanunsuz aparılmaqla yanaşı, pasientlərin təcili əməliyyata ehtiyacları olmayıb və qoyulmuş diaqnoz təsdiqini tapmayıb.
Qeyd edək ki, “Lanset” klinikasının direktoru Fərman Ceyranov dələduzluq maddəsi ilə ötən ilin may ayında həbs olunub. F. Ceyranovu 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Tbilisi şəhər məhkəməsində onun işinə baxılır.
Gürcüstan Baş Prokurorluğunun məlumatında qeyd olunan cərrah-transplantoloq isə Mircəlal Kazımidir.
Qeyd edək ki, M. Kazımi F. Ceyranov həbs edilən vaxt ünvanına səslənən ittihamları rədd etmişdi.
Digər xəbərlər