Saytımızı qiymətləndirin


 
 

Bakıda yataqxana söküntüsü etiraza səbəb oldu: İcra Hakimiyyətindən AÇIQLAMA
Tarix: 09-02-2021 | Saat: 14:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda sakinlər bina söküntüsünə etiraz etməsi ilə bağlı məlumat yayılıb.

Söhbət Xətai rayonu, General Əliağa Şıxlinski küçəsi 42 ünvanından gedir. Əhalinin iddialarına görə, aidiyyəti qurumlar binanın sökülməsi prosesinə başlayan zaman onların razılığını almayıb.

Bu səbəbdən də bir qrup sakin hazırda qəzalı vəziyyətdə olan və sökülməsinə hazırlıq gedən binanın qarşısında etiraz edirlər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Xətai Rayon İcra Hakimiyyətinin ərazidə olan nümayəndəsi, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov  bildirib ki, sözügedən binanın qəzalı vəziyyətdə olmasına dövlət tərəfindən qərar verilib:

“Fövqəladə Hallar Nazirliyinin qərarına əsasən, beşmərtəbəli və 146 mənzildən ibarət olan bina kəskin qəzalı vəziyyətdədir. Orada sakinlərin yaşaması təhlükəlidir. Binada yaşayan sakinlərdən 120-dən çoxu ilə danışıqlar aparılıb və müqavilə bağlanılıb. Həmin binada mənzillərin hər birinin ümumi sahəsi 12-25 kvadrat metr olub. Sakinlərə təhlükəsizlik məqsədilə mərhələli şəkildə binadan çıxmaları bildirilib. Əslində yeni binanın tikintisi ötən il oktyabrın 1-də başlamalı idi. Binanın tikintisinin 2022-ci ilin fevral ayında tamamlanması planlaşdırılır”.

O bildirib ki, hesablamalarla yataqxananın sahəsinə müvafiq olaraq hər ailəyə 30 min manat vəsait ayrılsa da, sakinlər buna razılıq verməyib:

“Bu məsələdə razılığa gəlinməsi üçün sakinlərlə və podratçı şirkətlə danışıqlar aparıldı. Beləliklə üçtərəfli - Xətai Rayon İcra Hakimiyyəti, vətəndaş və podratçı təşkilat arasında müqavilə imzalandı. Müqaviləyə əsasən, yataqxananın yerində tikiləcək yaşayış binasından sakinlərə sahəsi 54,5 kvadrat metr olan tam təmirli mənzillər veriləcək. Bu müddət ərzində isə sakinlərə kirayə haqqı ödəniləcək. Artıq təlimatlara uyğun olaraq binada kommunikasiya xətləri ayrılır və söküntü prosesinə hazırlıq gedir”.

“Lakin hazırda etiraz edən bir qrup sakindən bəzisi heç o binada yaşamırdı, bəzisi isə bu söhbətlərdən sonra süni şəkildə sənədlərdə dəyişiklik edərək bağlanan müqaviləyə etiraz ediblər. Araşdırma aparılıb və bu proseslərin müqavilədən sonra baş verdiyi müəyyən olunub. Həmin ailələrlə də danışıqlar aparılır, vəziyyət izah edilir. Çünki bu məsələdə qeyri-dəqiqlik ola bilməz. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən zəruri tədbirlərin hər biri dəqiqliklə və qanunvericiliyin normalarına uyğun şəkildə görülüb”, - deyə P.İmanov sonda əlavə edib.
Oxu.az



Xəbəri paylaş

1332 dəfə oxunub.

Digər xəbərlər