Tarix: 13-07-2026 | Saat: 22:09
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Qlobal Media Forumu artıq qısa müddətdə beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu platformalardan birinə çevrilib. İlk dəfə 2023-cü ildə təşkil olunan forum bu il dördüncü dəfə keçirilir və dünyanın onlarla ölkəsindən jurnalistləri, media rəhbərlərini, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.
Bu il forum "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunub. İnformasiya müharibələrinin, dezinformasiyanın və saxta xəbərlərin beynəlxalq münasibətlərə təsirinin artdığı dövrdə təşkil olunan tədbirdə medianın sülhün qurulmasındakı rolu, obyektiv informasiyanın əhəmiyyəti və qlobal informasiya təhlükəsizliyi geniş müzakirə edilib.
Forum çərçivəsində Prezident İlham Əliyevin çıxışı və media nümayəndələrinin suallarını cavablandırması iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Forumdan sonra siyasi şərhçilər və media ekspertləri dövlət başçısının səsləndirdiyi mesajları müxtəlif aspektlərdən təhlil ediblər.
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov hesab edir ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq informasiya dialoqu üçün mühüm platformaya çevrilib. Onun fikrincə, xüsusilə dezinformasiyanın və informasiya müharibələrinin geniş yayıldığı bir dövrdə belə tədbirlərin əhəmiyyəti daha da artır.
Hafiz Səfixanovun sözlərinə görə, forum xarici media nümayəndələrinin Qarabağda aparılan bərpa və quruculuq işlərini yerində görməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
O, Prezident İlham Əliyevin forumda çıxışı zamanı səsləndirdiyi bu fikri xüsusi vurğulayıb: "Tədbirin keçirilməsində ideya elə bir mühitin yaradılmasından ibarət idi ki, dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə etsin, Qarabağ və Şuşa ilə tanış olsunlar. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər”.
Qlobal Cənub QHT Platformasının Baş katibi Fuad Kərimli isə Prezident İlham Əliyevin Yaxın Şərqdəki vəziyyətlə bağlı sülh amilinə verdiyi əhəmiyyəti ön plana çıxarıb. Onun sözlərinə görə, Azərbaycan mürəkkəb geosiyasi şəraitdə yerləşməsinə baxmayaraq, sülhün tərəfdarı kimi çıxış edir.
Fuad Kərimli deyib ki, dövlət başçısı sülhün təkcə iqtisadi inkişaf üçün deyil, insanların mənəvi və psixoloji vəziyyəti üçün də vacib olduğunu xüsusi vurğulayıb. O hesab edir ki, Prezidentin "Sülh təkcə inkişaf üçün deyil, insanların psixoloji durumu və mənəvi əhval-ruhiyyəsi üçün də vacibdir" fikri forumda səsləndirilən ən mühüm mesajlardan biri olub.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimlinin fikrincə, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun və artan geosiyasi rolunun növbəti nümayişi olub. O bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın inkişaf prioritetlərini, Orta Dəhlizin və Zəngəzur dəhlizinin strateji əhəmiyyətini, həmçinin ölkənin beynəlxalq sistemdə mövqeyini aydın şəkildə ortaya qoyub.
Zaur İbrahimlinin sözlərinə, Prezidentin Azərbaycanın artıq "orta dövlət" kimi qəbul olunması barədə dediyi fikirlər xüsusi əhəmiyyət daşıyır. O, dövlət başçısının "Bu terminologiya ölkənin potensialının tanınması, milli maraqlarını müdafiə etmək qabiliyyəti deməkdir – böyük dövlətlərin nə düşündüyündən və ya nə etdiyindən asılı olmayaraq" sözlərinin Azərbaycanın müstəqil xarici siyasət kursunun beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisi olduğunu vurğulayıb. Zaur İbrahimli əlavə edib ki, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilməsini sürətləndirir.
Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Xatirə Vəliyeva isə bildirib ki, Prezident İlham Əliyevin forum çərçivəsində verdiyi mesajlar Azərbaycanın regional və qlobal gündəmdə tutduğu mövqeyi, sülhə və əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirib. Onun sözlərinə görə, Şuşa Qlobal Media Forumu artıq Azərbaycanın dünyaya mühüm siyasi və informasiya mesajları çatdırdığı beynəlxalq platformaya çevrilib.
Siyasi ekspert Əhməd Abbasbəyli isə forumun məhz Şuşada keçirilməsinin simvolik əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, uzun illər işğal və informasiya manipulyasiyalarının hədəfi olmuş şəhərin bu gün beynəlxalq media dialoquna ev sahibliyi etməsi Azərbaycanın postmünaqişə dövründə sülh və beynəlxalq əməkdaşlıq gündəliyinə verdiyi töhfəni nümayiş etdirir.
Əhməd Abbasbəyli qeyd edib ki, informasiya müharibələrinin və saxta xəbərlərin geniş yayıldığı şəraitdə medianın əsas missiyası həqiqətin qorunmasıdır: “Medianın əsas vəzifəsi həqiqətə söykənən, obyektiv və məsuliyyətli informasiya təqdim etməkdir. Media yalnız məlumat ötürən vasitə deyil, həm də dialoqu təşviq edən, qarşıdurma və nifrət dilinin qarşısını alan mühüm ictimai institutdur”.
Beləliklə, ekspertlərin ümumi qənaətinə görə, IV Şuşa Qlobal Media Forumu təkcə media sahəsində peşəkar müzakirələrin aparıldığı beynəlxalq tədbir deyil, həm də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin, sülh gündəliyinin, regional əməkdaşlıq təşəbbüslərinin və artan beynəlxalq nüfuzunun dünyaya təqdim olunduğu mühüm platformadır. Forumda səsləndirilən fikirlər göstərir ki, müasir dövrdə həqiqətin qorunması, etimadın bərpası və dezinformasiyaya qarşı mübarizədə medianın rolu əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir.
Digər xəbərlər

















