Saytımızı qiymətləndirin


 
 

Bəxtiyar Hacıyev yazır
Tarix: 11-11-2020 | Saat: 13:36
Bölmə:Karusel / Yazar | çapa göndər

Bəxtiyar Hacıyev: "İmkan verməyəcəyik ki, kimsə haqqımızı yeyib parlamentdə otursun" - VİDEO
 Üzr istəyirəm, ən yumşaq ifadə ilə desəm, bəzi düşük xiyarlar dünəndən Rusiya qoşunlarının hazır gözləyib, gecə ilə Qarabağa girməsindən narahat olanlara min söz deyiblər. Gah deyirlər qələbəyə sevinə bilmirlər, gah deyirlər İlham Əliyevə müxalifdirlər, gah deyirlər torpaqlarımızın azad edilməsini istəmirdilər və s. və ilaxır. Sanki, ölkədə tək vətənpərvərlər bunlardır və Şuşanın azad edilməsi təkcə bunları sevindirib, rus əsgərlərinin Qarabağa girməsinə üzülənlər Şuşanın azad edilməsini istəmirmiş filan.
Mən də rus əsgərlərinin Qarabağa gecə ilə soxulmasından narahatam və bunu dünən yazmışam. Elə düşük xiyarlardan da, VTB kimi rus bankında işləyən ştatlı trollar da mənə də bəzi şərhlər yazıblar. Biri hətta yazmışdı ki, orduya yardım adı ilə biznes qurmuşdunuz, müharibə dayandı deyə üzülürsünüz. Görün, şərəfsizliyin, düşüklüyün, səviyyəsizliyin həddi nə qədər aşağı düşə bilərmiş. Təbii ki, bizim gecə-gündüz işlərimizə belə səviyyəsizlərin verdikləri dəyər yox, hərbi hissə komandirləri, zabitlərin verdikləri dəyər önəmlidir və zamanla bu barədə də yazacam.
Qələbəni coşqu ilə qeyd edib, soyuq başla oxuyacaqsınızsa, normal, mədəni şəkildə fikirlərinizi bildirəcəksinizsə, rus qoşunlarının gəlməsinə niyə üzüldüyümüzü, niyə narahat olduğumuzu geniş yazım, müzakirə edək. Yox, "Horvorddo bono oyrodoblor? Qolobomozo ostomorsonoz" deyib, düşüklüyə davam edəcəksinizsə, başqa yerdə oynayın.
- Azərbaycan ordusu və siyasi hakimiyyəti Türkiyənin də bir çox sahədə dəstəyi ilə çox uğurla hərbi əməliyyatları davam etdirib, illərlə işğal edilmiş torpaqları günlər və həftələr içində ard-arda azad edirdi. Hamımız da buna görə sevinir, bir yumruq kimi birləşirdik, hər kənd, qəsəbə, rayon azad ediləndə bütün varlığımızla sevinirdik.
- Şuşanın azad edilməsindən sonra ermənilərin diz çökdüyü, döyüş taqəti qalmadığı, Qarabağdan tam çıxmaqlarının an məsələsi olduğu görünürdü. Belə bir vaxtda döyüşlərdən əvvəl də, döyüşlər zamanı da Ermənistana sayı-hesabı bilinməyən texnika, raket verən Rusiya gecə ilə müdaxilə etdi. O Rusiya ki, verdiyi və Ermənistanın atdığı raketlər cəbhədə əsgər və zabitlərimizi hədəf almışdı, Gəncədə, Bərdə və Tərtərdə mülki insanlarımızı, Mingəçevirdə strateji obyektləri.
- Bir anlaşma, bəyanatla gecə ilə 15 yük təyyarəsi qoşun və texnika Azərbaycan ərazisinə, Qarabağa girdi. Bunun hüquqi tərəflərini hüquqşünaslar müzakirə edərlər. Bəziləri imzalanan anlaşmanın qoşunların ölkəyə girməsinə əsas vermədiyini, qoşunların girməsinin hərbi müdaxilə olduğunu bildirirlər.
- Ermənilərə Qarabağda yaşamağa icazə verilməli idimi? Azərbaycan tərəfi etnik təmizləmə aparmadığını deyirsə, Azərbaycan müstəqil olanda orada etnik ermənilər yaşayıbsa, bu gün də orada ermənilərə yaşamağa icazə verilməli idi, ancaq bunu Azərbaycan tərəfi bütün erməni qoşunlarını çıxardıqdan sonra, öz iradəsi ilə etməli idi, Rusiyanın diqtəsi ilə yox.
- Sülhməramlılar Qarabağda olmalı idimi? Münaqişənin iki xalq arasında yaratdığı dərin yaralardan sonra etnik ermənilərin orada "bizi qıracaqlar" şüvəni salmaması üçün və beynəlxalq təzyiqlərin azalması üçün bəli, sülhməramlılar da olmalıdır. Ancaq ermənilərə hər zaman dəstək olmuş Rusiya qoşunlarından ibarət yox. Həm də tək Rusiya qoşunlarından ibarət olmamalıdır.
- Mən bu məsələdə iqtidarı da qınaya bilmirəm. Bəlkə də ən pis bir neçə seçim arasından Azərbaycana ən az mənfi təsirləri olan seçilib. Ancaq Azərbaycanın illərdir öz torpaqlarında rus qoşunlarını istəmədiyi bilinirdi. Bunu rus qoşunlarının 90-cı illərin əvvəllərində Azərbaycanda etdiklərini unutmayan vətəndaşlar da istəmirdilər və istəmirlər. Bəlkə də iqtidar "bu dəfə də bura qədər gedə bildik" yanaşması ilə buna razılaşıb.
- Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin bəyanatlarının 3-cü bəndində rus qoşunlarının Dağlıq Qarabağdakı təmas xətti və Laçın koridoru boyunca yerləşdiriləcəyi yazılıb. Deyə bilərsinizmi, bu təmas xətti nədir?
- Anlaşmaya görə Şuşadan yan keçən və Xankəndinə gedən başqa bir yol tikiləcək və bu yola nəzarət Rusiya sülhməramlılarına veriləcək. Azərbaycan öz ərazisində nəzarəti tam bərpa edirsə, Ermənistandan gələn və Qarabağda yaşayacaq ermənilər niyə indiki yolla yox, yeni tikiləcək yolla gedib-gəlməlidir?
- "Qarabağın statusu ilə bağlı anlaşmada heç bir maddə yoxdur, deməli Qarabağın statusu da müzakirə mövzusu deyil" demək də doğru deyil. Anlaşmaya bu maddənin daxil edilməməsi həm Ermənistanın tam müstəqillik, yaxud ən ali muxtariyyət statusu almamasına görə etirazları, Azərbaycan tərəfinin də hansısa status verilmə halında olacaq narazılıqları sakitləşdirmək üçün ertələnən və anlaşmaya salınmayan maddədir. Dağlıq Qarabağın statusunun müzakirəsi sonraya saxlanmış məsələdir, bağlanmış məsələ deyil.
- "Ermənistan bu anlaşmaya etiraz edir, deməli bizim xeyrimizədir" yanaşması da yanlış yanaşmadır. Erməni xalqı hətta məğlub olduqları halda, Ermənistan rəhbərliyinin "biz heç olmasa, Qarabağı müəyyən mənada xilas etdik, tam itirmədik" dedikləri halda buna etiraz edirlər. Biz isə qalib tərəf olduqda anlaşmanı sorğulayan kimi içimizdəki ağıllılar ağız büzürlər ki, sorğulamayın, narahat olmayın, hər şey əladır.
- Xankəndi, Xocavənd, Xocalının kimin nəzarətində qalacağını, oranın hüquqi və faktiki nəzarətinin kimdə olacağını bilirsinizmi? İmzalanmış bəyanatda bu yaşayış məntəqələrinin Azərbaycanın tam nəzarətində olacağı açıq yazılmayıb, əksinə, sülhməramlıların Dağlıq Qarabağla Ermənistan arasında rahat gediş-gəlişə nəzarət edəcəyi yazılıb, "təmas xətti boyunca" ifadəsi yazılıb. İzah edə bilərsinizmi, Azərbaycan ərazi bütövlüyünü bu anlaşma ilə tam təmin edibsə, təmas xətti kiminlə olan təmas xəttidir və nə təmas xəttidir?
- Qısacası, kimsə bu suallardan narahat olmayıb, sevinirsə, sevinsin, bayram etsin. Kimsə "qan tökülməsi dayandı, yaxşıdır" deyirsə, desin. Amma icazə verin bu suallar ətrafında düşünən və rus qoşunlarının gecə ilə Qarabağa daxil olub, bu qədər qeyri-müəyyənlik yaradan anlaşmadan narahat olanlar da narahatlıqlarını ifadə etsinlər.
Əmin olun ki, onlar sizdən az sevmirlər Vətəni və Qarabağın işğaldan tam azad edilməsini sizdən az istəmirlər, şəhid xəbərlərinə sizdən az üzülmürlər, ordumuzun irəliləməsi üçün sizdən az iş görməyiblər və azad edilmiş torpaqlarımızın xəbərlərinə sizdən az sevinməyiblər.


Xəbəri paylaş

354 dəfə oxunub.

Digər xəbərlər