Saytımızı qiymətləndirin


 
 

Rövşən Paşazadə yazır: Sonuncu nəsihət...
Tarix: 08-04-2020 | Saat: 18:46
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

 

                                                

Bir ata yüz müəllimə əvəzdir.

 

1990-cı ilin aprel ayının 27-də atam Tahir Paşazadənin gənclik və tələbəlik illərinin dostu, tanınmış nəğməkar şair Tofiq Mütəllibovun kiçik qızının toyu idi. Atam, qayınatam və həyat yoldaşımla mən də ora dəvətli idik. Toy o dövr üçün təm-təraqlı keçirdi. Xalqımızın toy adət-ənənələrinə uyğun olaraq, qonaqlar musiqi sədaları altında rəqs edir, valideynlər böyük sevinc hisslərini yaşayırdılar. Masalar ləziz milli yeməklərlə bəzədilmişdi. Atam mənim yanımda əyləşmişdi. O, məclisin qızğın vaxtında birdən mənə tərəf çevrilib dedi: "Çıxaq bir az foyedə gəzişək”. Təbii ki, onun sözünü yerə salmadım.

 

O, foyedə mənə həyatda daim dürüst, insanlarla münasibətdə haqq-ədalətli olmağı, ailəmə qayğı və sevgi ilə yanaşmağı məsləhət edirdi. Atam (babam Hadı Paşazadə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində baş müəllim, sonra isə ömrünün sonuna qədər Maarif (hazırda Təhsil) nazirliyində şöbə müdiri işləyib) ziyalı ailəsində tərbiyə aldığından, ali insani dəyərlər – mərhəmət, xeyirxahlıq hissləri onun həyatının əsas fəlsəfəsi idi.

 

O zaman onun məni qəfildən kənara çəkib öyüd-nəsihət verməyinin səbəbini, düzü, başa düşmədim. Ona məclisə qayıdıb hamı ilə birgə şənlənməyi təklif etdim: "Sabah axşam gəlib evdə söhbət edərik”, dedim. Atam yenə də nəsihətini davam etdirir, mən isə onun ürəyinin dolu olduğunu hiss etdiyimdən diqqətlə qulaq asırdim. O, fikirlərini tamamladıqdan sonra məclisin sonunu gözləməyib dostu Tofiq Mütəllibovla xudafizləşdi. Sonra məndən onu maşınla evə yola salmağı xahiş etdi. Mən onun xahişini yerinə yetirdim.

 

Həmin vaxt mən Qaradağ Rayon İcraiyyə Hakimiyyətində işləyirdim. Bir qayda olaraq, hər səhər saat 8.45 işdə olurdum. İş otağıma yenicə daxil olmuşdum ki, telefon zəng vurdu. Qaynanam telefonda atamın özünü pis hiss etdiyini söylədi. Atam 1976-ci ildə ürəyindən infarkt keçirdiyi üçün düşündüm ki, yəqin yenə səhhətində problem yaranıb. Rəhbərlikdən icazə alıb evə yollandım. Atamın yaşadığı binaya daxil olub mərtəbələrlə yuxarı qalxanda qulağıma çoxsaylı insanların hönkürtüsü gəldi. Başa düşdüm ki, artıq gecdir, atam dünyasını dəyişib.

 

Bu ilin aprel ayının sonunda atamın ölümündən 30 il keçir. Hər dəfə onun haqqında düşünəndə həyatının son anına qədər övladlarına qayğı və həssaslıqla yanaşmağı yadıma düşür. Tahir Paşazadə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirdiyindən, ədəbiyyatımızın klassikləri Nizami, Nəsimi və Füzulinin yaradıcılığını gözəl bilir və onların əsərlərini orjinaldan mütaliə edirdi. Atam rəssamlıq təhsili almasa da, rəngli boya ilə peşəkarlıqla işləməyi bacarırdı. Onun bu fitri istedadı hər üç övladına keçmişdır.

 

Tahir Hadı oğlu Paşazadə haqqında:

O, 1930-cu il yanvarın 12-də Bakı şəhərindəziyali ailəsində anadan olmuşdur. 190 saylı orta məktəbi bitirdikdən sonra təhsilini tibb məktəbində davam etdirmişdir. 1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil almışdır. Ali məkəbi bitirdikdən sonra Neft texnikumunda pedaqoji fəaliyyətə başlamışdır. 1956-cı ildə Lenin (Sabunçu) rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. Fəal ictimai fəaliyyətinə görə Moskva Ali Partiya məktəbində ikillik partiya rəhbər işçiləri üçün ixtisaslaşdırılmış hazırlıq keçmişdir. Tahir Paşazadə 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində ayrı-ayrı rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan radiosunun xarici verilişlər şöbəsində (fars redaksiyası) baş redaktor, 1972-1976-cı illərdə ilk partiya komitəsinin katibi vəzifəsində çalışmışdır.

Həmin dövrdə 26 Bakı Komissarı (indiki Səbail) rayon sovetinin deputatı seçilmışdir. 1976-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin sədr müavini vəzifəsinə təyin olumuşdur. 1980-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur. O, SSRİ Jurnalistlər İttifaqının üzvü, həmin təşkilatın "Qızıl qələm" mükafatının laureatıdır.

Tahir Paşazadə dövlət və ictimai-siyasi xadim olmaqla bərabər, bir çox qisametrajlı televiziya sənədli filmlərinin ssenaristi idi. O,1986-cı ildə Hindistan milli-azadlıq hərəkatının lideri və ilk baş naziri olmuş Cəvahirləl Nehrunun "Ümumdünya Tarixinə Nəzər” əsərini Azərbaycan dilinə tərcümə etmişdir. Bu kitaba Cəvahirləl Nehrunun qızı İndira Qandiyə (1980-1984-cü illərdə Hindistanın baş naziri olmuşdur) yazdığı məktublar daxil edilmişdir. Əsərdə, həmçinin, bəşər sivilizasiyasının İkinci Dünya müharibəsinə qədərki tarixinin əsas hadisələri şərh olunmuşdur. Tahir Paşazadənin tərcümə etdiyi "Ümumdünya Tarixinə Nəzər” kitabı iki dəfə (1987 və 2018-ci illərdə) nəşr edilmişdir.

O, 1990-cı ilin aprel ayının 28-də vəfat etmişdir.

Tahir Paşazadənin 3 övladı var: Gülşən Məmmədova (Paşazadə), Rövşən Paşazadə və İlqar Paşazadə. Gülşən Məmmədova (Paşazadə"Cinealliance Azerbaijan Film Productionşirkətinin vitse-prezidentidir. Rövşən Paşazadə "Azerenerji ASC"nin İctimaiyyətlə əlaqələr və Media Mərkəzində çalışır və ölkəmizdə ingilis dilində ilk nəşr olunan "Azerbaijan Today " jurnalının (2000-2016 -cı illər) təsisçisi və baş redaktorudur. İlqar Paşazadə (Azərbaycan Respublikasının 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni və Rusiya Federatsiyasının "Dostluq Ordeni" ordeni ilə təltif olunmuşdur) "MİR” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin rəhbəridir.

Xeyirxah, qayğıkeş və səmimi insan olan Tahir müəllimin ölümündən uzun müddət keçməsinə baxmayaraq, bir çox insanların yaddaşında böyük məhəbbət hissi ilə yad edilir. O, Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində çalışdığı illərdə həmişə gənc kadrlara böyük diqqət və qayğı ilə yanaşıb, onlara mənəvi dəstək göstərib. Bu gün mən atamın böyük oğlu kimi çalışıram ki, daim onun riayət etdiyi qanunlarla yaşayım.

 



Xəbəri paylaş

422 dəfə oxunub.

Digər xəbərlər