Saytımızı qiymətləndirin


 
 

“Cavadova dedim ki, ikisindən birini seç: ya DİN-dəki vəzifəndə qal, ya da siyasətlə məşğul ol...”
Tarix: 18-03-2021 | Saat: 21:15
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Cavadova dedim ki, ikisindən birini seç: ya DİN-dəki vəzifəndə qal, ya da siyasətlə məşğul ol...”
“Onu hələ tələbəlik illərindən tanıyırdım. Yaxşı münasibətimiz vardı... Vətənpərvər bir insan idi...” 
 
AMİP lideri Etibar Məmmədov Moderator.az-a müsahibəsində 1995-ci il Mart hadisələrinə münasibətindən,  həmin olaylar  zamanı qardaş qırğınının baş verməsində maraqlı olan qüvvələrdən, 1990-cı il 20 Yanvar qətliamı, 1992-ci ildə Laçının işğalı ərəfəsində və s. keçmiş “OMON” komandiri Rövşən Cavadovla birgə olduğu məqamlardan,  Mart hadisələrindən sonra rəhmətlik polkovnikin mərhum oğlu Laçın Cavadovla İstanbuldakı görüşündən  və s. bəhs edib.
Qarabaginfo.az həmin müsahibəni təqdim edir:
 
-Etibar bəy, siz 1991-1992-ci illərdə Dövlət Müdafiə Şurasının da üzvü kimi, yəqin ki, o illərdə “OMON” komandiri və Daxili İşlər nazirinin müavini kimi çalışmış  mərhum polkovnik Rövşən Cavadovla da ünsiyyətdə olurdunuz?
 
- Rövşən Cavadovu hələ tələbəlik illərindən tanıyırdım. Yaxşı münasibətimiz vardı...  1980-cı illərin sonundan, yəni Azərbaycanda milli azadlıq hərəkatı başlanan dövrdən isə Rövşənlə daha da yaxından ünsiyyətdə olduq. 1988-1989-cu illərdə - hərəkatın artıq yüksək səviyyədə olduğu bir vaxtda R. Cavadov Laçında  milis nəzdində xüsusi dəstə komandiri idi. Sonradan o, erməniılərə qarşı fəaliyyətinə görə bir müddət işdən azad olunmuşdu. Və həmin dövrdə Rövşən bizimlə bərabər hərəkatın tədbirlərində iştirak edir, təhlükəsizlik və mühafizə işlərinin təşkili ilə məşğul olurdu. 1990-cı ilin Yanvar hadisələri zamanı mənimlə bərabər idi. Bilavasitə 20 yanvar gecəsi də bir yerdə olmuşduq... Sonra isə Rövşən “OMON”un yaradılmasında fəal iştirak etdi və həmin qurumun komandiri oldu. Daha sonra da Daxili İşlər nazirinin müavini vəzifəsinədək yüksəldi...
 
-Xaraktercə necə insan kimi tanıyırdınız onu?
 
-Vətənpərvər bir insan idi. Ətrafındakılar daim onun xətrini istəyirdi. Eyni zamanda yaxşı təşkilatçı idi. Ancaq, təəssüf ki, sonrakı siyasi proseslərdə Rövşən Cavadovun fəaliyyətində təzadlar yarandı. Və bəzi silahlı qüvvələrimiz kimi, onun rəhbərlik etdiyi “OMON” da siyasi proseslərə cəlb olundu. Və nəticə bütövlükdə Azərbaycan üçün acınacaqlı oldu. Yəni “OMON”un üzvü olan oğullar bizim ən güclü, cəsarətli, vətənpərvər və bacarıqlı övladlarımız idi. Onlar Qarabağın erməni işğalçılarından müdafiəsində canları, qanları bahasına fəal iştirak edirdilər. Təəssüf ki,  onların daxil olduğu qurumların siyasi oyunlara qoşulması sayəsində taleləri faciələrə, əzablara ürcah oldu... Yəni mən həmişə ona tərəfdar olmuşam ki, silahlı qüvvələr siyasi proseslərə cəlb olunmamalıdır... 
 
-1992-ci ilin mayın ortalarında, Şuşanın işğalından sonra təxminən eyni günlərdə Rövşən Cavadov da, siz də Laçına yollanmışdınız. Həmin günlər onunla görüşmüşdünüzmü?
 
-Bəli, Laçında da, Şuşanın Turşsu qəsəbəsində də Rövşən Cavadovla görüşdük.  O zaman sabiq  Daxili İşlər naziri Tahir Əliyev də, DİN-in bir sıra yüksək rütbəli digər əməkdaşları və yeni qurulan Müdafiə Nazirliyinin də nümayəndələri  orada idi... 
 
Sonradan mən dövlət əhəmiyyətli məsələlərlə bağlı Bakıya qayıdıb Ankaraya getməli oldum. Həmin vaxt hələ Rövşən Cavadov Müdafiə Nazirliyinin  digər birləşmələri ilə bərabər  Turşsuda qalmışdı...
 
-R.Cavadovun Turşsuda  o vaxt Şuşa və Laçının müdafiəsinə cavabdeh briqada komandiri olan mayor  Elbrus Orucovla mübahisəsinin şahidi olmadınız ki?
 
-Yox, mən həmin vaxt artıq mən Bakıya getmişdim. Onların orada nə haqda söhbət etmələrindən xəbərim olmadı. Yalnız bir dəfə Laçındakı hərbi qərargahda Şuşanın işğalından sonra rayonun müdafiəsi ilə bağlı müzakirələrdə iştirak etdim. Orada həm milis qüvvələrinin, həm  hərbi qüvvələrin, həm də Arif Paşayevin komandiri olduğu yerli hərbi birləşmənin nümayəndələri toplanmışdı...
 
-Sonradan - 1993-1994-cü illərdə R.Cavadovla əlaqələriniz davam edirdimi? Onun hakimiyyətə can atmasını, hansısa xarici və ya daxili qüvvələrə qoşulduğunu hiss edirdinizmi?
 
- Yox. Doğrusu, elə bir şey hiss etməmişdim. Sadəcə,  o zaman belə düşünürdüm ki, “OMON”-un döyüş bölgəsindən Bakıya gətirilməsi və paytaxtda saxlanılması əvvəl-axır hansısa böhrana gətirib çıxaracaq. Çünki həmin qurumdakı gənclər döyüş üçün xüsusi olaraq hazırlanmış, daim döyüşə hazır oğullar idi. Yəni onların döyüş bölgəsində saxlanılaraq hərbi məqsədlər üçün istifadə olunması daha məqsədəuyğun idi. Çünki gec-tez kimlərsə onlardan öz siyasi məqsədləri üçün yararlanmağa cəhd edəcəkdi. Təəssüf ki,  belə bir proses sonradan doğrudan da baş verdi.... 
 
Mən bununla bağlı hələ 1994-cü ildə,  3-4 oktyabr hadisələrindən xeyli öncə Rövşən Cavadovla  görüşüb ona bəzi tövsiyələr vermişdim. Ona demişdim ki, sənin dövlət qurumunda – DİN-də tutduğun vəzifə ilə siyasi fəaliyyətin uyğun gəlmir. Yaxşı olar ki, ikisindən birini seçəsən. Döyüş  xarakterli fəaliyyətlə məşğul olmaq istəyirsənsə, sırf bu işlərlə məşğul ol. Yox, siyasətə daxil olmaq istəyirsənsə, bunun üçün kifayət qədər nüfuzun, sevənlərin, tərəfdarların var. Lakin o halda gərək dövlət postundakı vəzifəni buraxasan. Bunların ikisi bir yerə sığışmaz. Bu, əvvəl-axır  konfliktə, qarşıdurmaya gətirib çıxaracaq. Və nəticədə də həm özün, həm ətrafın, həm də xalq zərər çəkəcək... Təəssüf ki, Rövşən belə davranmadı və söylədiyim proses və  qanlı olaylar da baş  verdi... 1994-cü ilin oktyabrındakı hadisələrin qanlı qarşıdurmaya keçməsinin qarşısını almaq mümkün oldu. Amma nə yazıqlar ki, 1995-ci ilin martında bu mümkün olmadı...
 
-Sizcə nədən belə oldu?
 


Xəbəri paylaş

2342 dəfə oxunub.

Digər xəbərlər