ABŞ prezidenti Donald Tramp İslandiyanı Rusiya sualtı qayıqlarını izləmək imkanına görə NATO-dan çıxarmamağa razılaşıb.
Qarabaginfo.az bildirir ki, bu barədə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Mənim nəzarətim altında” adlı avtobioqrafik kitabında yazıb. Kitabdan çıxarışlar The Guardian-da dərc olunub.
“İslandiya özünün silahlı qüvvələrinin olmaması səbəbindən NATO-ya üzvlük üçün maliyyə töhfəsi tələblərinə cavab vermirdi. Müzakirələr zamanı bu məsələ qaldırıldı. Tramp İslandiyanın Alyansa necə faydalı ola biləcəyi ilə maraqlandı”, – Stoltenberq bildirib.
Pentaqonun keçmiş katibi Ceyms Mettis “İslandiya Rusiya sualtı qayıqlarını izləmək üçün faydalıdır” -deyə cavab verib. NATO-nun keçmiş baş katibi deyib ki, bəzi fikirlərdən sonra Tramp ABŞ-ın “İslandiyanın üzv dövlət olaraq qalmasına icazə verəcəyini” deyib.
Bundan başqa, Stoltenberq 2018-ci ildə ABŞ prezidenti Donald Trampın müttəfiq ölkələrin müdafiə xərclərinin aşağı olmasına qəzəblənməsi səbəbindən alyansın az qala dağılacağını xatırladıb.