Qarabaginfo.az xəbər verir ki, bu barədə polisin məlumatında bildirilir.
Məlumatda bağlanmış 30 kəsişmədə yolların hamısının açıldığı vurğulanır: “Hazırda İrəvan küçələrində hərəkət bərpa olunub”.
Ermənistan Polisinin mətbuat xidmətindən TASS-a bildirilib ki, hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmayan 189 aksiya iştirakçısı polis bölmələrinə gətirilib.
Parlamentin vitse-spikeri, müxalif Daşnaksutyun Partiyası Ali Şurasının üzvü İşxan Saqatelyan yerli vaxtla saat 18.00-da “Fransa” meydanında mitinq keçiriləcəyini elan edib. O, mitinqdə bundan sonrakı addımları müzakirə edəcəklərini deyib.
Qeyd edək ki, Ermənistanın birləşmiş müxalifətinin “Müqavimət” aksiyası bir neçə gündür başlayıb. Mayın 1-də İrəvanın “Fransa” meydanında isə mitinq keçirilib. Mitinqdən sonra bəzi müxalifət nümayəndələri çadırlar quraraq meydanda gecələyiblər.
Bu gün səhərdən isə itaətsizlik aksiyalarına start verilib, paytaxtın bəzi küçələri müxalifətçilər tərəfindən bağlanıb. Hüquq-mühafizə orqanları aksiyaya müdaxilə edib, bəzi hallarda aksiya iştirakçılarına güc tətbiq olunub. Toqquşmalarda yaralananların olduğu bildirilir. Xəsarət alanlar arasında jurnalistlər də var.