Ana Sayfa > Karusel / Sosial > Koronavirusun əsas əlamətləri və qorunma yolları -
Koronavirusun əsas əlamətləri və qorunma yolları -17-03-2020, 17:37. Yazar: Admin |
“İmmuniteti zəif olanlar, yanaşı digər ağır xəstəliklərindən əziyyət çəkənlər, immunsupresor müalicə altında olan şəxslər, yaşı 70-dən yuxarı olanlar koronavirusla bağlı risk qrupuna daxildir”. Bunu e-tibb.az üçün yazdığı məqalədə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Nazxanım Qasımova qeyd edib. Onun sözlərinə görə, “COVID-19” yayılan bölgələrdə səyahətdə olanlar və ya “COVID-19” xəstəsi ilə kontaktda olmuş şəxslər də risk qrupuna daxildirlər. Həkim vurğulayıb ki, “COVID-19”-un əsas əlamətləri qızdırma, öskürək və nəfəs darlığıdır. Mütəxəssis, xəstəlikdən qorunmağın yolları ilə bağlı aşağıdakı tövsiyələri verib: - Tez-tez əl, ağız-burun çevrəsi antibakterial sabunla yuyun. Ələlxüsus bayırdan evə gəldikdə. Avtomobildə, işdə, əl çantalarında əl dezinfektanları, nəm antibakterial salfetlərin olması vacibdir - Duzlu su və ya dəniz duzlu steril burun spreyləri ilə burun mənfəəzini təmizləyin - Xəstə insanlarla kontaktdan çəkinin - Xəstəliyin yayıldığı bölgələrə səyahət etməyin - Ev şəraitində olun, sosial aktivliyi azaldın, toplu şəkildə keçirilən tədbirlərdən uzaq durun - Əlləriniz təmiz deyilsə, göz, ağız və burun nahiyəsinə toxunmayın - Ən yaxınlarınız, ailə üzvlərindən başqa evinizə yad insanları buraxmayın - Şübhəli simptomlar varsa, 7 gün evdə qalın Bundan başqa, həkim vurğulayıb ki, ailədə yaşı 70-dən yuxarı olan şəxs, hamilə və ya risk qrupuna daxil olan digər insanlar varsa, onların xəstə (şübhəli ) şəxsdən 14 gün müddətində başqa yerdə qalması məsləhətdir və ya ailə ilə birgə qalmaq məcburiyyəti varsa, o zaman maksimum az kontaktda olmaq vacibdir: “Əgər “COVİD-19” simptomları varsa və ağır keçirilirsə, mütləq müvafiq qurumlara müraciət edilməlidir”. APA Geri dön |