Suriyanın Hələb şəhərinin cənubunda, əl-İys qəsəbəsi ətrafında Suriya ordusunun mövqelərindən birində güclü partlayış baş verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.
Partlayışların orduya məxsus silah və sursat anbarında baş verdiyi bildirilib. Davam edən partlayışlar səbəbindən xilasedicilərin hadisə yerinə çatmasında çətinlik yaranıb və əhaliyə əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Hələb qubernatorluğu xəstəxanaların və təcili yardım qruplarının hazır vəziyyətə gətirildiyini açıqlayıb. Partlayışlardan sonra Dəməşq-Hələb beynəlxalq avtomobil yolu da bağlanıb.
Məlumata görə, hadisə nəticəsində azı 4 nəfər yaralanıb. Partlayışın dəqiq səbəbi hələ açıqlanmayıb.