Saytımızı qiymətləndirin


 
 

Döyüşçü-jurnalist: “Şəhidin cibindən çıxan yazını hələ də unuda bilmirəm...” – “Müharibə olmasaydı”
Tarix: 30-01-2021 | Saat: 21:01
Bölmə:Karusel / Qarabağ | çapa göndər

<iframe id="ar_container_1" width="1" height="1" frameborder="0" marginwidth="0" marginheight="0" scrolling="no"></iframe>

Müharibə həyatımızda elə iz qoydu, elə köklü dəyişikliklər etdi ki, bir ömür boyu bəlkə də “müharibə olmasaydı, belə olardı, elə olardı...” deyəcəyik. Bəlkə, daha yaxşı olardı, bəlkə pis olardı... Kim bilir?...

Lent.az-ın “Müharibə olmasaydı...” layihəsində müharibənin həyatına birbaşa, yaxud dolayısıyla təsir göstərdiyi, həyatını dəyişdiyi insanlarla həmsöhbətik.

Növbəti həmsöhbətim döyüşlərdən yeni qayıtmış həmkarımız İlham Tumasdır.

Qarabaginfo.az müsahibəni təqdim edir:

Onunla istəsəm də rəsmi söhbət qura bilməyəcəm, uzun illərin dostu ilə kənar adammış kimi danışmaq çox çətin olardı. İlham Tuması tanıyanda əynində hərbi paltar vardı... İllər sonra o paltar yenə əynindədir... 

- Hələ ilk müharibə başlayanda harda idin?

- Mənim atam Cəbrayıldandı, anam qərbi Azərbaycandan. Müharibəyə qədərki proseslər hər iki tərəfə öz təsirini göstərdi. Uşaqlığım Cəbrayılda keçib, bir müddət qərbi Azərbaycanda nənəmin yanında məktəbdə oxumuşam.

Müharibə həyatıma birbaşa təsir göstərib. Düşünürəm ki, müharibə olmasaydı, mən indiki insan olmazdım.

- Elə qərbi Azərbaycanda, nənənin yanında yaşayardın...

- Bilmirəm, ola bilərdi. Əslində Sumqayıtda dünyaya gəlmişəm, amma uşaqlığım hər iki tərəfdə keçib. Müharibə mənim xarakterimi dəyişdi, taleyimi dəyişdi, yaşam tərzimi dəyişdi. İnsanlara, dünyaya baxışımı dəyişdi. Müharibə olmasaydı, necə olardı, bilmirəm...

- Bir az açaq onları, necə dəyişdi xarakterini, yaşam tərzini?

- Sərtləşdirdi məni, əslində romantik, sentimental adamam. Hesab edirəm ki, 1992-ci ildən müharibədə iştirak etməyim məni formalaşdırdı. İkinci Vətən müharibəsi tamam başqa bir məsələdir - onu danışarıq. 1996-2000 zabitlik dövrü oldu. Raquf Orucov, Polad Həşimov kimi qardaşları tanıdım.

- O vaxtlardan tanıyırdın də onları?

- Bir yerdə xidmət keçmişik. Polad Həşimov onda baş leytenant idi. 1996-cı ildə mən ali təhsili başa vurub, zabit kimi xidmətə getmişdim. Deyə bilmərəm ki, müharibə olmasaydı, yaxşı olardı, düzgün deyil belə demək. Müharibə olmalı idi. Tək mənim taleyim deyil, müharibə yüz minlərin taleyində rol oynadı. Cəmiyyəti dəyişdi.

Aprel döyüşləri bir başqa təsir göstərdi, Tovuzda baş verənlər tamam yeni dəyişikliklər yaratdı. İndi yolda rastlaşan bütün hərbi formalılar bir birinə hərbi salam verirlər, tanıdı- tanımadı.

- Mülki şəxslər belə onlara hərbi salam verir, xüsusi sevgiylə yanaşırıq.

- Bəli, Azərbaycan yeni münasibətlər doğdu, hamı isinişib. Qazilərə, hərbiçilərə xüsusi qayğı və sevgi formalaşıb - bunları müharibə yaratdı.

- Xalq olduq...

- Ay sağ ol, müharibə bizi xalq kimi formalaşdırdı.  Deyəsən, Viktor Hüqonun sözüdür – müharibə xalqın gimnastikasıdır. Yəni müharibə olmasa xalq süstləşər, yuxuya gedər, ətalətdə olar. Müharibə çalxalayır, hərəkətə gətirir. Beş il əvvəlki xalq deyilik bu gün.

- Həmişə 1990-cı ilin 20 Yanvarındakı birliyi, vətənpərvərliyi arzulayardıq-indi o xalq yoxdur deyirdik. Deməli, zamanı çatanda özünü büruzə verər elə hallar, bu gün də elədir.

- Çox böyük qələbə qazanmışıq, amma o böyüklüyü saxlayaq, şitini çıxartmadan. Mən İctimai televiziyanın əməkdaşıyam bir onun efirində müharibə haqqında danışdım, başqa heç yerdə danışmaq istəmirəm. Bir də sizə müsahibə verirəm, vəssalam. Hərbi formanı nüfuzdan salmayaq - onu geyinib hər efirə çıxmaqla, hər şeyi danışmaqla. Məndən də çox haqqı olan döyüş dostlarımız var, ciddi zədə alanlar var. Onların problemlərini həll etmək, səhhətlərinin qayğısına qalmaq lazımdır.

“YAŞAT” fondunun yaradılması yaxşı haldır. Həm də görün, tərkibində kimlər var-kimlər idarə edir o fondu. Hamısı şəhid övladları, şəhid ailəsi. Rəhbəri qazidir, problemi biləcək. Raquf Orucovun xanımı Sevinc xanım var.

- İlham, uşaqlığını əlindən aldı müharibə, daha tez böyüdün, eləmi?

- 92-ci ildə bir şəklim var, mən şəkil çəkdirməyi xoşlamıram, yoldaşlar çəkiblər, baxıram, elə bil yaşa dolmuş adamın şəklidir. Birdən-birə böyüyürsən. Bu müharibə isə tamam başqa idi. Mən hərbi ekspert deyiləm, amma bu, daha çox artilleriya müharibəsi oldu. Texnoloji müharibə idi.

- Müharibənin də sanki intellektual forması yaranır, eləmi? Həm də 90-larda müharibə bir az kortəbii idi, bir yerdən idarə olunmurdu, ordu formalaşmamışdı...

- Burda isə, çox şükür, hər şey düşünülmüş və planlaşdırılmışdı. Konfidensiallıq ciddi şəkildə qorunurdu. Gecəylə gedirdik, bilmirdik hara gedirik, hansı ərazidir. Komandanlıq vardı, o bilirdi və biz onun arxasınca gedirdik. Təbii ki, boşluqlar da oldu. İdeal ordu yoxdur, gərək o boşluqları indi aradan götürək.

- Bu ordu hər gün müharibə keçməyib, ilk müharibəsi idi.

- Bəli. Düşünürəm ki, Azərbaycan peşəkar orduya üstünlük verməlidir. Bu müharibədə bizim xüsusi təyinatlıların yeri əvəzsiz oldu. Onların elədiyi hərb tariximizin şanlı səhifəsidir. Ən ağır əməliyyatlara onlar gedirdi, ağır yük daşıyırdılar. Canavar uşaqlardır, onlardan çox yetişməlidir. Mən qeyri-peşəkar zabitəm, mənim əvəzimə o 25-30 yaşlı peşəkar zabitlərimizə yaxşı təminat verib, ordu formalaşdırmalıyıq.

- Sənin yaxşı səsin var, şeiri sevirsən, müharibəni musiqiyə, poeziyaya çevirsən necə izah edərsən?

- Düşünməmişəm...

Müharibə şəxsi həyatında silinməsi mümkün olmayan hansı izi qoydu?

- Əksinə, müharibə mənə çox kömək oldu. Qarabağ müharibə ilə alınmalı idi, başqa yolu görünmürdü. Qolunu, gözünü, ayağını, həyatını itirənlər oldu, düzdür. Günorta oturub bir yerdə çörək yediyin insan axşam süfrəsində yanında olmur, həyatda olmur artıq, çox ağır olur adama. Müharibənin amansız tərəfləridir. Biz müharibəni təbliğ etmirik, amma etiraf edirik ki, xalq müharibədə formalaşır. Strukturlar yoxlanır, sınanır.

- Müharibədən sonra adaptasiyan çətin olmadı ki?

- Bir həftə çəkdi məndə, yuxularım qarışdı, sonra keçdi getdi. Depressiya vaxtım deyil. Təbii ki, zədəm yoxdur, zədə alan qardaşlarımız ağır keçirir. Bir-birimizə şəfa verən də özümüzük. Döyüş yoldaşının qoxusu bütün depressiyanı, zədəni sağaldır. Onlarla ünsiyyətdə olmaq, dərdləşmək çox böyük stimul verir.

- Ümumiyyətlə, ünsiyyət yaxşı nəticə verər. Döyüşlərdən çıxmısan, qalibsən, bölüşməli çox söhbətlər var, amma gəlib düşmüsən sərt karantinə. Danışmağa, bölüşməyə adam tapmırsan, qapanırsan. Doğmalar, dostlar gərək bunu nəzərə alsınlar ki, onlarla söhbət etmək, onların danışıb boşalmalarına şərait yaratmaq lazımdır.

- Düşünürəm ki, onları danışdırmaq lazımdır, onlara tribuna vermək lazımdır.

- İstərdim hadisələr danışasan ordan.

- Bir yoldaşımız vardı, atası infarkt keçirmişdi, soruşdum nədən olub, danışdı ki, döyüşdən əvvəl çox soyuq idi, mən öz buşlatımı döyüş yoldaşıma verdim ki, mən elə üşüyən deyiləm. Elə də girmişik döyüşə deyir, dostum şəhid olub. Buşlatın cibindəki yazılmış ad, soyadla bu şəhidi hazırlayıb göndərirlər bu birisinin evinə. Hətta uşağın anasının ona bağışladığı saat da buşlatın cibindən çıxıb, anası deyib hə, mənim verdiyim saatdır, mənim oğlumdu. Atası oğlunun şəhid olduğunu eşidib infarkt olur. Yazıq dağdan döyüşlərdən qayıdandan sonra evə zəng eləyib, məsələdən hali olub. Özü də Ahıska türküdür, qürur duyurdum o oğlanla. Allah şəfa versin atasına.

Bir də şəhid dostlarımızdan bir cavan oğlanın cibindən çıxan adını, məkanını yazmalı olduğu boş gilizdən çıxan kağızda yazılmış söz hamını kövrəltdi. “Qurbanlıq quzu” yazılmışdı o kağıza... İndiyə qədər unuda bilmirəm...

- Müharibədə məzəli əhvalatlar da olur.

- Olur e, amma danışılası olmur)

- Zamanı geri çəkib 88-ci ilə qoysaq, nəyi dəyişərdin, dəyişmək istərdinmi?

- Yox, heç nə üçün peşman deyiləm. Dolğun həyat yaşamışam. Heç kimin taleyi o birininkinə oxşamır. Bu da mənim taleyimdir. İtirdiklərimə də peşman deyiləm. Belə yaşamışam, mənim həyatımdır, yaxşı eləmişəm.

Ağla qara, yaxşıyla pis zəncirvari bağlıdır. Pis olmasa, yaxşı da olmazdı.

- Fikir vermisən, sevincdə kədər var, amma kədərdə sevinc yoxdur. Deməli, kədər daha fundamentaldır. Kədər ağırdı, batmandı, kədərdə gülə bilməzsən. Şopenin matəm marşı var e, üç hissədən ibarətdir-birincidə ağır xəbəri eşitdiyin andır-ağır gedir, ikinci hissədə  artıq kədərin içində artıq xatirələrə dalırsan, üçüncü hissədə xatirələrdən qayıdırsan itkiyə-filankəs artıq yoxdur, xatirəyə dönüb. Budur həyat.

Müharibədən əvvəl gələcək üçün qurduğun planlar dağıldı, indi müharibədən sonradır və artıq yeni planlar, yeni sabah olmalıdır.

- Döyüşə getməzdən əvvəl yaxşı layihələr vardı, qaldı yarımçıq, indi onu davam etdirəcəm. Mənim taleyimdə müharibə Qarabağı geri qaytarmağımızla yaxşılığa dönüş yaratdı. Bu, mənim həm də şəxsi işim idi, qalanları düzələr. Yeni həyata başlayacam, siqareti atacam...

- Evlənəcəm də de...

- Niyə evlənmirəm ki...



Xəbəri paylaş

2341 dəfə oxunub.

Digər xəbərlər