Ana Sayfa > Yazar > Müasir Azərbaycanda dövlət-din modelinin inkişafında Ümumilli Lider Heydər Əliyevin rolu.
Müasir Azərbaycanda dövlət-din modelinin inkişafında Ümumilli Lider Heydər Əliyevin rolu.6-04-2023, 10:58. Yazar: Admin |
Azərbaycanın son onilliklər ərzində bir çox sahələrdə qazandığı uğurlar heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda hər bir sahədə olduğu kimi, dini sahədə də problemlər aradan qaldırıldı, dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoydu. Ümumilli Liderimiz Heydər Əliyev İslam dinin dəyərlərini xalqımızın milli sərvəti kimi qiymətləndirməsi barədə fikirlərini açıqlayaraq belə demişdir: “Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, İslam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıb. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar”.Heydər Əliyevdən gətirdiyimiz kəlamlar onun xalqımızın ümumi və bəşəri dəyərlərə yiyələnməsində İslamın rolunu yüksək qiymətləndirdiyini göstərir. Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində Azərbaycanda din sahəsində də müəyyən pərakəndəlik yaşanırdı. 70 il ərzində öz dinindən, adət-ənənələrindən ayrı düşmüş Azərbaycan xalqında, cəmiyyətində, belə demək mümkünsə, bir boşluq yaranmışdı. Ölkənin çətin illərində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi, iqtisadiyyatın tənəzzülə uğradığı bir dövrdə bu vəziyyətdən sui-istifadə etmək istəyən qüvvələr ölkədə qeyri-ənənəvi dinləri yaymağa çalışdılar. Müxtəlif xarici missioner təşkilatlarının üzvləri əsas azadlıqlar və insan haqları adı altında milli təhlükəsizliyimizə təhdid olan dini sektaları təbliğ etməyə başladılar. Belə mürəkkəb və ziddiyyətli şəraitdə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin yüksək dövlətçilik təcrübəsi nəticəsində bu sahədə dönüş yarandı. Həmin dövrdə Prezident məscidlərə gedir, müəyyən dini mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin bu sahədə strateji xəttini izah edirdi. Ulu Öndər dərin biliyi, yüksək idarəçilik təcrübəsi, uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərində yaranmış uçurumu aradan qaldıra, dinin birləşdirici gücündən maksimum istifadə edə bildi. Görkəmli dövlət xadimi göstərdi ki, İslam həqiqətən də sülh dini, mehribanlıq dinidir. Heydər Əliyev 1993-cü ilin sentyabrında Təzəpir məscidində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə keçirilən mərasimdə çıxışında bildirmişdi: “Biz bir dövlət kimi Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq.Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz peşəsini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, İslam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün İslam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır”. Təbii ki, Ulu Öndər bu vədinə tam əməl etdi. Bundan başqa, Ümummilli Lider Azərbaycanda bir sıra məscidlərin, tarixi mədəniyyət abidələrinin bərpasında yaxından iştirak etdi. Bakının ən böyük məscidi olan Təzəpir məscidinin, qədim tarixi olan Bibiheybət məscidinin, Mir Mövsüm ağanın ziyarətgahının bərpası bilavasitə onun himayəsi altında həyata keçirildi. 8 aprel 1998-ci ildə Qurban bayramı münasibətilə Mir Mövsüm ağanın ziyarətgahında keçirilən bir görüşdə qeyd etmişdir ki: “İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir... Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”. Sovet dövründə ölkədə məscid statuslu tikililərin sayı cəmi 17 idisə, təsadüfi deyil ki, Azərbaycanın müstəqillik qazanmasından, xüsusilə, Ulu Öndərin respublikaya rəhbərlik etməsindən sonra vicdan azadlığı tam bərqərar olundu, əhalinin dindar təbəqəsinin rahat şəkildə ibadət etməsinə şərait yaradıldı. Qeyd edək ki, bu gün ölkədə məscidlərin sayı artıq 2253-ə çatıb. 1993-cü ildə Heydər Əliyevin “Allahın yolunda hamımız hür olaq” kitabı Azərbaycan və bir neçə xarici dildə nəşr olundu. 1994-cü ilin iyul ayında Ümummilli Lider müqəddəs Məkkə və Mədinədə ümrə ziyarətində oldu. Bu səfəri zamanı müsəlman dünyasının dövlət başçıları, din xadimləri ilə keçirdiyi görüşündə söyləmişdir: “Qurani-Şərifin” bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa dəvət edən tələblərdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”. Ulu Öndər dövlət-din münasibətlərini qanunvericilik səviyyəsində nizamlaya bildi. 1996-cı ildə Prezident Heydər Əliyev “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununda əlavə və dəyişiklikləri təsdiq etdi. Bununla da, dövlət-din münasibətlərində yeni mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Ulu Öndər Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Dövlət Komitəsinin yaradılmasında məqsəd Azərbaycan Konstitusiyasının 48-ci maddəsinin (Vicdan azadlığı) həyata keçirilməsi üçün müvafiq şəraitin formalaşdırılması və dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasını təmin etmək idi. Ulu öndərin milli mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi "Milli mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. "Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir. Ümummilli Liderin siyasi kursunu inamla davam etdirən Prezident cənab İlham Əliyev də dini sahəyə, dindarlara daim diqqət və qayğı göstərir, həmçinin İslam dövlətləri ilə yaxın dost münasibətləri qurub. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda məscidlər yenidən qurulur, bərpa olunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Dövlət başçısı müsəlman bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edir. Özü və ailə üzvləri müqəddəs Kəbəni ziyarət ediblər. Bütün bu işlər bir dövlət başçısının öz ölkəsinin dini çoxluğuna, özünün də mənsub olduğu dini icmaya qayğısının təzahürüdür. Prezident cənab İlham Əliyev son illərdə Azərbaycanda İslamın qorunması və inkişafı, eləcə də İslam həmrəyliyinin gücləndirilməsi və dünyadakı islamofob dairələrə qarşı mübarizə sahəsində 50-dən artıq İslam dövlətləri başçısı sırasında həmişə xüsusi fəallığı ilə seçilib, Azərbaycan dövlətinə qarşı siyasət yürüdən bəzi xarici dairələrdən, rəsmi və qeyri-rəsmi ünsürlərdən fərqli olaraq, əsl İslam təəssübkeşliyi nümayiş etdirib. Bakıda mədəniyyətlərarası, dinlərarası dialoq üzrə bir sıra iri beynəlxalq tədbirlər keçirilib və keçirilməkdə davam edir. Paytaxtımızın 57 müsəlman ölkəsini birləşdirəcək IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək şəhər seçilməsi də təsadüfi deyil. Beləliklə, Ulu Öndər Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində böyük işlər gördü. Bütün bu misilsiz işlərin nəticəsidir ki, bu gün Azərbaycan İslam dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir, müvafiq irimiqyaslı tədbirlər keçirir. Bu gün dünyaya multikulturalizm nümunəsi olan Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq da Heydər Əliyevin müdrik siyasətinin, dini sahədə də balanslaşdırılmış siyasət yürütməsinin nəticəsidir.
Hazırladı: Ramil Şahverdiyev-Balakən rayonu Talalar kəndi “Hetovlar” məscidinin imam müavini Əlaqə nömrəsi: 050 530 08 81
Geri dön |