Ana Sayfa > Yazar > Kamal Abdullanın “Kölgə” hekayəsində arxetiplərin psixolji təhlili
Kamal Abdullanın “Kölgə” hekayəsində arxetiplərin psixolji təhlili21-10-2022, 13:33. Yazar: Admin |
Hər bir varlıq özünün əksi ilə birlikdə tamlıq təşkil edir. Xeyir və şər, insan və tanrı, gecə və gündüz kimi anlayışlar əks mənalı olsa da bunlardan biri olmadığı zaman digəri öz mənasını itirir. İnsan həm müsbət, həm də mənfi keyfiyyətləri ilə birgə formalaşıb keçmişi, bugünü və gələcəyi arasında körpü qurur. İctimai xadim, dilşünas, ədəbiyyatşünas, yazar Kamal Abdullanın "Sirri-zəmanə” adlı kitabında da bunun şahidi oluruq. Altı müxtəlif silsilədə təqdim olunan hekayələrdə yaşadığımız dünya və sonsuz başqa dünyalar haqqında insanın duyğuları, yuxuları və təsəvvürləri nəql olunur. "Səhvlərimizin qrammatikası" silsiləsinə daxil olan "Kölgə" hekayəsində isə Karl Qustav Yunqun analitik nəzəriyyəsinin arxetipləri sənətkar obrazı vasitəsi ilə göstərilir. Arxetiplər kollektiv şüursuzluğun nəticəsidir. Arxetip - obrazın və onun daşıdığı mənanın başlanğıcdakı vəhdəti, hər ikisinə aid “xüsusi enerji”dir. Ədəbiyyatda ümumi olaraq 12 arxetip üslubundan istidadə edilsə belə əsasən, arxetiplərin təməli Persona (maska), Kölgə, Anima və Animusdan ibarətdir. Hekayədə Cadugərlər ölkəsində yaşayan sənətkarın kölgəsinin badənindən ayrılması ilə özündə baş verən dəyişikliklər vurğulanır. Sənətkar onu tərk edən kölgəsinə yaxalanmamaq üçün plan qurur: adını, evini, işini dəyişir, tanışlarından üz döndərir və ən çətin məqam olaraq sevgilisini dəyişir. Zahiri olaraq o yeni birinə çevrilir, ancaq kölgəsi onu yaxşı tanıyır və sənətkarı rahat buraxmır. Sənətkar nə qədər kölgəsindən – özündən qaçmağa çalışsa da sonda kölgəsi yenidən bədəninə girir və onu öldürür.
Hər bir insanın öz kölgəsi var və onsuz yaşaya bilməz. Kölgə arxetipi insanın özünə etiraf etmədiyi, lakin ona xas olan xarakterinin xoşagəlməz tərəfləridir. Bunlar əxlaqi nəzarətə müqavimət göstərir. Bütövlükdə "mən"ə meydan oxuyan əxlaqi problemdir. Sənətkarın simasında göstərildiyi kimi günümüzdə biz insanlar da sosial mühitdə öz keçmişlərini gizlətmək üçün maska geyinir və öz kölgəsindən qaçmağa can atır. K.Yunqun fikrincə mövcud-sosial mühitdə qəbul olunmuş əxlaq və davranış normalarını əsas götürərək həmin maskanı geyinirik. Sənətkarın simasında göstərildiyi kimi insanlar sosial mühitdə öz keçmişlərini gizləmək üçün maska geyinir və öz kölgələri - keçmişlərindən qaçmağa can atırlar. Ancaq gözdən qaçmaması lazım olan bir məqam var isə o da budur. Keçmiş insanın kölgəsi kimidir - bəzən o bizim, bəzənsə də biz onun axrasınca gələrik. Keçmiş əsla keçməz, keçən sadəcə ömür olar… Həyat Hacıyeva
Geri dön |