Ana Sayfa > Siyasət > Deputat: "Ermənistan Dağlıq Qarabağı və digər ərazilərimizi işğaldan azad etməlidir"

Deputat: "Ermənistan Dağlıq Qarabağı və digər ərazilərimizi işğaldan azad etməlidir"


20-09-2017, 09:51. Yazar: Admin
Deputat: "Ermənistan Dağlıq Qarabağı və digər ərazilərimizi işğaldan azad etməlidir"
Azərbaycanın məqsədi və ortaya qoyduğu əsas prinsip odur ki, Ermənistan işğal altında saxladığı Dağlıq Qarabağı və digər ərazilərimizi işğaldan azad etməli, Dağlıq Qarabağ da Azərbaycanın tərkibində olmalıdır.

Qarabağinfo.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycanın daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına münasibət bildərərkən deyib.

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu vurğulayan R.Hüseynov deyib ki, Azərbaycan beynəlxalq hüququn, təcrübənin tətbiqi etdiyi ən yüksək statusu Dağlıq Qarabağa verməyə hazır olduğunu bəyan edib: "Dağlıq Qarabağsız Azərbaycan yoxdur. Bu istiqamətə yönəldilən bütün başqa fikirlər və təhlillər qəbuledilməzdir".

Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığını xatırladan deputat qeyd edib ki, bu, həmin ölkənin təkbaşına əldə etdiyi nəticə deyil:

"Ermənistan Azərbaycanın bu ərazilərini nə özünün iqtisadi potensialı, nə də hərbi potensialı ilə işğal etmək gücündə olmayıb. Ermənistanın arxasında dayanan güclər, lobbilər və digər qüvvələr var. "Torpaqları Ermənistan işğal edib" dedikdə, Ermənistanı çox şişirtmiş oluruq. Azərbaycanla danışıqlar aparan Ermənistan hadisələrin üst tərəfindən olan obrazdır. Onun arxasında yenə də dayanan qüvvələr var. Onlar nəyi diktə edirlərsə, Ermənistan da onu edir".
Geri dön