Ana Sayfa > Siyasət > Azərbaycan Prezidenti BMT islahatçılarının ön sırasında
Azərbaycan Prezidenti BMT islahatçılarının ön sırasında19-09-2017, 16:22. Yazar: Admin |
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin mənzil-qərargahında "BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək" tədbirində dünya liderlərinin arasında ABŞ Prezidenti Donald Trampın arxasında ikinci sırada oturması təsadüf deyil. Uzaq 2003-cü ildə BMT Baş Assambleyasının növbəti sessiyasında çıxış edərkən İlham Əliyev BMT-də islahatların aparılmasının vacibliyini bildirmişdi. İlham Əliyev çıxışında qeyd etmişdi ki, artıq BMT-nin mövcud mexanizmlərinin dövrün tələblərinə cavab vermədiyi aşkardır və bununla bağlı BMT-də islahatların həyata keçirilməsi vacib məsələyə çevrilib. O, həmçinin vurğulamışdı ki, Baş Assambleyada da islahatlar keçirilməlidir, orada da həm bu günün reallıqları, həm də yarım əsrlik reallıqlar öz əksini tapmalıdır. Bir il sonra, 2004-cü ilin sentyabrında Assambleyanın 59-cu sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev xatırlatmışdı ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamə hələ də icra olunmayıb. Prezident İlham Əliyev sessiya iştirakçılarının diqqətinə o amili çatdırmışdı ki, Azərbaycanın işğal olunmuş əraziləri narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah alqı-satqısı, qeyri-qanuni iqtisadi fəaliyyət, qaçaqmalçılıq məqsədləri ilə istifadə olunur və bu ərazilər terrorçu yuvasına çevrilib. BMT-nin qlobal məqsədi öz ətrafında bütün ölkələri birləşdirməkdən, sivilizasiyalar və millətlər arasında dialoq təşkil etməkdən, bütün xalqların milli adət və ənənələrinə hörmət münasibətlərinə nail olmaqdan ibarətdir. Bu məqsədləri rəhbər tutaraq Azərbaycan dəfələrlə bu təşkilat qarşısında Ermənistanın silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı təcavüzün qəbuledilməzliyi ilə bağlı məsələ qaldırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT 4 qətnamə qəbul edib - Ermənistan tərəfindən Kəlbəcərin işğal olunmasından sonra 30 aprel 1993-cü il tarixli 822 saylı, Ağdamın işğalından sonra 29 iyul 1993-cü il tarixli 853 saylı, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalı ilə bağlı 14 oktyabr 1993-cü il tarixli 874 saylı və nəhayət, Zəngilan rayonunun işğalı ilə bağlı 12 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələr. Suveren Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul edilmiş bu qətnamələrdə Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanıb, Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinə qəti çağırış yer alıb. BMT qətnamələrində bütün işğalçı qüvvələrin Azərbaycanın ələ keçirilmiş ərazilərindən qeyd-şərtsiz və təxirə salınmadan çıxarılması, yaşayış yerlərini məcburi tərk etmiş insanların təhlükəsiz şəkildə geri qayıtması üçün şəraitin yaradılması tələb olunur. Bundan başqa, BMT-nin baş katibi Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını dəstəkləyən yeddi bəyanat verib. Amma Küveytin İraq tərəfindən işğalı, keçmiş Yuqoslaviya və Əfqanıstandakı hadisələr zamanı böhranın həllinə nail olan BMT, indiyədək Ermənistan tərəfindən 4 qətnaməni yerinə yetirilməməsinə sərt reaksiya göstərməyib. Azərbaycan BMT-nin fəaliyyətinə effektiv töhfəsini verə bilməsi üçün təşkilatla əlaqələrini inkişaf etdirməyə çalışır, irəli sürülən təkliflərin müzakirəsində fəal iştirak edir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının (TŞ) daha məsuliyyətli və demokratik olması, XXI əsrdə yeni təhdidlər, risklər və təhlükələrə qarşı operativ cavab verə bilməsi və qəbul edilən qətnamələrin həyata keçirilməsində təsirli mexanizmin hazırlaya bilməsi üçün TŞ-nin tərkibinin genişləndirilməsinin tərəfdarıdır. Rəsmi Bakı hesab edir ki, BMT Azərbaycanın beynəlxalq sənədlər səviyyəsində tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyərək, Ermənistan qoşunlarının qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, qaçqın və məcburi köçkün azərbaycanlıların doğma torpaqlarına qayıtması üçün şəraitin yaradılması məqsədilə Yerevana qarşı tədbirlər tətbiq etməlidir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda, BMT-nin mənzil-qərargahında keçririlən "BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək" tədbirində bu beynəlxalq təşkilatda dəyişikliklərin həyata keçirilməsinin vacibliyini anlayan, aralarında ABŞ Prezidentinin də olduğu dünya liderlərinin arasında yer almışdı. Elxan Ələsgərov - "Baku Network"un rəhbəri, fəlsəfə doktoru http://bakunetwork.com Əlaqə üçün: Facebook, Twitter и Youtube Geri dön |