Ana Sayfa > Səhiyyə > Genetik testlər haqqında bilmədiklərimiz

Genetik testlər haqqında bilmədiklərimiz


7-03-2024, 12:52. Yazar: Admin

No description available.

 

Genetik testlər dedikdə ağlımıza ilk olaraq öz soy kökümüz haqqında olan testlər gəlir. Bu testlərin olması, bu cür sürətlə yayılması bir elm insanı olaraq məni narahat etməyə başladı. Çünki insanlar bu prosesdə hərtərəfli aldadılaraq tələyə düşürlər. Necə olur ki, ağız içi nümunəniz xaricə göndərilir və sizin babalarınızın Azərbaycanın hansısa bölgəsindən olması sizə deyilir? Bunun üçün göndərilən ölkənin Azərbaycanda çox detallı, yəni bütün bölgələri əhatə edəcək şəkildə kompleks genetik araşdırması olmalıdır. Yəni, Azərbaycan populyasiyası və subpopulyasiyasının genetik datası olmalıdır ki, sizin genetik datalarınız əldə olan daha böyük genetik data ilə qarşılaşdırıla bilsin və sizin genetik soy kökünüz sizə bildirilsin. İndi özünüz fikriləşin, bu prosesdə hansı səviyyədə fırıldağa məruz qalırsınız. Bir çox ölkələr Fransa, Almaniya, Rusiya və s. insanlara bu cür testlərin verilməməsi üçün çağırışlar edib. Hətta bəzi ölkələr DNT-dən şəcərə məqsədləri üçün testlərin götürülməsini qadağan edib.

Daha önəmli bir məqam isə genetik məlumatların növbəti illərdə iş yerlərinə satılması ilə bağlı olan məsələdir. Bunun üçün işə götürən qurum sizin təxminən hansı yaşda, hansı xəstəliyə tutulacağınızı, hansı yaş aralığında yaşayacağınız kimi məlumatlara sahib olacaqlarından, işə qəbul prosesi də çətinləşəcəkdir. Bu məlumatlarlar tibbi sığorta şirkətləri üçün də olduqca dəyərlidir.

Yəqin özünüz artıq təxmin etdiniz ki, sizin soyağacınız niyə hər hansı xarici ölkə üçün bu qədər maraqlıdır?

Digər biotəhlükəsizliklə bağlı önəmli məsələ isə artıq geniş vüsət almış sosial şəbəkə platformalarında 10 il əvvəl və indiki şəkillərin trendi yəni, #10YearChallengedir. Biz bu trendlərə qoşulmaqla nəhəng şirkətlərə biometrik identifikasiya və yaş irəliləyişi üçün alqoritmlərini inkişaf etdirməyə bilmədən kömək edirik. 

Mənim fikrimcə hər hansı bir şirkətə istənilən növ biometrik məlumatın verilməsinin əsas riski ondan ibarətdir ki, məlumatların hazırda necə istifadə edildiyi ilə yanaşı həm də gələcəkdə necə istifadə olunacağı ilə bağlı kifayət qədər şəffaflığın olmamasıdır.

Sonda onu deyə bilərik ki, bir ölkə digər ölkənin genofonduna sahib olduğunda insanların hansı xəstəliklərə, xəstəliklərə hansı yaşda tutula biləcəyini, necə həmin genefondu nəzarətdə saxlaya biləcəyi gücünə sahib olur.  

Çalışın genetik məlumatlarınızın yeganə sahibi siz olasınız. Sizin genetik məlumatlarınız heç bir ölkənin elmi tədqiqatçılarına, həkimlərinə, dövlətinə və ya başqa qurumun genetik şəcərə laboratoriyasına aid deyil. Sizin genetikanız dəyərlidir və yalnız sizə aiddir!!!

Məhkəmə Tibbi Eksperti PhD., Dr.Ulviyyə Mustafayeva


Geri dön