Ana Sayfa > Müsahibə > Potensiallı gənc idmançı: "Məqsədim Azərbaycana Olimpiya medalını gətirməkdir"
Potensiallı gənc idmançı: "Məqsədim Azərbaycana Olimpiya medalını gətirməkdir"3-11-2022, 14:18. Yazar: Admin |
Azərbaycanda idman sahəsi üzrə gənc yaşında uğurlara imza atan bir çox idmançılar var. Potensiallı, döyüş bacarığı yüksək səviyyədə olan, istedadlı idmançılarımızdan biri də Kənan Əliyevdir. O, idmanın kikboksinq və uşu sanda növləri ilə məşğul olur. 16 yaşlı idmançının baş məşqçisi Emin Rzayevdir. Hazırda Kənana Binəqədi "Arktika" klubunda əməkdar məşqçi olan Elçin Eminov və Elşən Rəsulzadə idmanın sirlərini aşılayır. Davamlı olaraq əzmkarlıqla və məşqçilərinin tapşırıqlarına əməl etməsiylə Kənan qısa müddət ərzində bir sıra parlaq uğurların sahibi olub. O, İsmayıllıda respublika turnirində, Bakıda isə 2022-ci il oktyabr 24-də keçirilən açıq turnirdə bütün rəqiblərini məğlub edərək birinci yerə çıxıb. Son olaraq uşu sanda üzrə Abşeronda keçirilən Bakı turnerində 2-ci yerə layiq görülüb. Respublikanın bir çox bölgələrində keçirilən turnirlər Kənan üçün Avropa və Dünya çempionatlarında uğura aparan yolun bir parçasıdır. Yeri gəlmişkən deyək ki, onun atası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi patrul xidmətinin zabiti Nurlan Əliyevdir. Atası Kənanın bu yolda ən böyük dəstəkçilərindən olub. "DİN-i təmsil etmək mənim üçün qürurdur. Uşaq yaşlarımdan atam və babam idman sahəsinə yönəlməyimdə ən böyük dəstəkçilərim olublar. Babam gənc yaşlarında taekvondo ilə məşğul olub və mənə də uşaqlıqdan öyrədib. Onların və məşqçilərimin inamı və güvəni sayəsində bir çox yarışlardan yüksək nəticə ilə ayrıldım. 2023-cü ildə Türkiyədə açıq turnirə qatılacam və bunun üçün məşqlərim davam edir. Daha böyük məqsədim isə Azərbaycana Olimpiya medalını gətirmək və bayrağımızı yüksəklərdə dalğalandırmaqdır"- deyə gənc döyüşçü bizimlə söhbətdə bildirdi. Kənanla müsahibə zamanı yaşıdlarını da idmana sövq etdiyini, idmanın sağlamlıq üçün çox vacib olduğunu vurğuladı. Son zamanlar azyaşlılar arasında yayılan narkotik bəlasının qarşısını almaq üçün idman növləri ilə məşğul olmağın ən düzgün yol olduğunu qeyd etdi. O, idmanı bütövlükdə həyat tərzinə çevirmək üçün həm də akademik təhsil almaq niyyətindədir. 11-ci sinif şagirdi olan Kənan bu il İdman Akademiyasına qəbul olmaq üçün hazırlaşdığını bildirdi. Baş məşqçi Emin Rzayevin dediklərinə görə isə, Kənan çox ümidverici idmançıdır. Bu yaşında nəticələri gözəl olduğuna, çəkisinin ağırlığına, əzminə və həyəcanına görə gələcəkdə Olimpiada medalı ondan gözlənilir. Biz də Kənan Əliyevə bundan sonrakı idman karyerasında daha böyük qələbələr arzu edir və Azərbaycan bayrağını daim zirvələrə qaldırmasını diləyirik. Həyat Hacıyeva
Geri dön |