Ana Sayfa > Manşet / Karusel / Siyasət > "Qarabağ Azərbaycandır": Bakı regionda yeni reallıqların müəllifi və təşəbbüskarı kimi - TƏHLİL

"Qarabağ Azərbaycandır": Bakı regionda yeni reallıqların müəllifi və təşəbbüskarı kimi - TƏHLİL


2-12-2020, 13:39. Yazar: Admin

"Qarabağ Azərbaycandır": Bakı regionda yeni reallıqların müəllifi və təşəbbüskarı kimi - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqına müraciətində bir sıra vacib nüanslara toxunub.

Bir güllə atmadan Laçını azad etdik!

Prezident  bildirib ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Bildirib ki, özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq: “Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Beləliklə, nəhayət ki, Dağlıq Qarabağın ətrafında olan 7 rayonun hamısı ordumuzun şücaəti nəticəsində işğaldan azad olundu, Azərbaycana qayıtdı. 30 ilə yaxın davam edən danışıqlarda Azərbaycan tərəfi daim işğal altındakı rayonların sülh yolu ilə azad edilməsinin zəruriliyini bəyan etsə də, istər Ermənistan, istərsə də ATƏT-in Minsk qrupunun üzvləri ətraf rayonlar ətrafında “oyunlar oynayaraq” vaxt aparmaqla məşğul idi. Nəhayət, sentyabrın 27-si hərbi əməliyyatların başlaması və müharibədə ordumuzun Ermənistan silahlı qüvvələrini və onun arxasındakı müxtəlif qrupları məhv etməsi hegemon dövlətləri və İrəvanı fakt qarşısında qoydu.

17 il ərzində Azərbaycana Dağlıq Qarabağı Laçınla birlikdə unutmağı məsləhət görürdülər

Prezident İlham Əliyev Minsk qrupunun bu ədalətsiz mövqeyinə toxunaraq çıxışında danışıqlar zamanı Azərbaycan tərəfinə edilən siyasi təzyiqlərdən danışdı: “Bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər. Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz”.

Bəli, görünür bu illər ərzində danışıqlar zamanı Minsk qrupu başda olmaqla müxtəlif dairələr Kəlbəcər, Laçın və Şuşanın Azərbaycana qaytarılmasına qarşı çıxıb, Ermənistanı himayə ediblər. Lakin Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində bu kimi ədalətsiz təkliflər qəbul edilməyib. Nəticə isə o oldu ki, Prezidentin əsas şərtlərindən biri olan “Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılıq ola bilməz” şərti istər Ermənistan, istərsə də onun havadarları tərəfindən qəbul edildi. Daha doğrusu, Prezidentin prinsipiallığı, ordumuzun uğurlu hərbi əməliyyatları bu qədim və vacib  rayonlarımızın Azərbaycana qaytarılmasına razılıqla yekunlaşdı.

Azərbaycan Ali baş komandanı yeni reallıq yaratdı. Bu reallıq ondan ibarətdir ki, dünənə qədər Laçını, Kəlbəcəri Azərbaycana qaytarmaq istəməyənlər, bu rayonları Dağlıq Qarabağla birlikdə Azərbaycandan ayırmaq istəyənlər, bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası reallığı ilə qarşılaşmalı oldular. Bu reallığı qəbul etmək onlar üçün nə qədər çətin olsa da, fakt ondan ibarətdir ki, Azərbaycan Prezidenti regionda yeni tarixə imza ataraq əsrlərdir ermənilər vasitəsilə bölgədə aparılan geosiyasi konfiqurasiyanı alt-üst etməyi bacardı.

Laçının nəqliyyat əhəmiyyəti və Ermənistandan Dağlıq Qarabağa çəkiləcək yeni yol

Laçın dəhlizi ilə bağlı Prezidentin prinsipial şərtinin üçtərəfli bəyanatda yer alması çox vacib məqamdır. Laçının azad edilməsi həm də, ona görə əhəmiyyətlidir ki, uzun illərdir, Ermənistanı Xankəndi və ətrafı ilə birləşdirən nəqliyyat yolu məhz bu rayon vasitəsilə həyata keçirilir. 2010-cu ildən sonra İrəvan-Xankəndi istiqamətində alternativ yolların çəkilməsi ilə bağlı cəhdlər olsa da, indiyə qədər məhz Laçın şəhərindən keçən yol hərbi yüklərin daşınması və ümumiyyətlə iki tərəf arasında əlaqələrdə xüsusi paya malik idi. Laçın rayonu ərazisindən keçən dəhlizi Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistanın “nəfəs yolu” adlandırırdılar. Həm birinci, həm də ikinci Qarabağ müharibəsi dövründə Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təchizatını bu yol vasitəsi ilə həyata keçirirdi. Prezident İlham Əliyev Laçın dəhlizi məsələsinə toxunaraq Ermənistanın bu rayonla bağlı üçtərəfli bəyanat ərəfəsində başqa təklifinin olduğunu da  diqqətə çatdırdı: “Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.

Buradan görünür ki, Laçınla bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında danışıqlar heç də asan keçməyib. Bəyanatın digər həssas bəndlərində olduğu kimi, Laçınla bağlı bənddə də Prezident həm Laçın dəhlizinə müəyyən müddət üçün Ermənistan ordusu tərəfindən nəzarətinə razı olmayaraq nəqliyyat xəttinin rus sülhməramlıların məsuliyyəti altında olmasına nail olub, həm də israr edərək Ermənistanla Xankəndini birləşdirəcək dəhlizin gələcəkdə Laçından deyil, alternativ dəhlizdən keçməsi üzərində dayanaraq,  yeni yolun inşası bitən kimi  Laçın şəhəri məsələsini də Azərbaycanın lehinə həll edib.

Təsadüfi deyil ki, Prezidentin Ermənistandan Dağlıq Qarabağa alternativ yol inşa ediləcəyinə dair sözlərindən sonra Ermənistandakı müxtəlif ekspertlər və ermənipərəst xarici dairələr həyəcan siqnalı çalıblar. Laçın şəhərinin içi ilə keçən yolun yeni yol ilə əvəzlənməsi Prezidentin Bəyanatdakı bütün nüanslardakı incə məqamlara diqqətlə yanaşdığının göstəricisidir.

“Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir”

Bəyanatın 9-cu bəndi isə tamamilə yeni baxışları, yeni reallıqları ortaya çıxarır. Bu bəndin icrası nəticəsində Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan arasında nəqliyyat dəhlizinin açılması Naxçıvanı mühasirədən çıxaracaq və eyni zamanda yeni nəqliyyat damarı açacaq. “Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər”, - dedi Prezident xalqa müraciətində. Prezident qeyd etdi ki, bizim üçün ən vacib məsələlərdən biri Naxçıvanı Azərbaycanın böyük hissəsinə birləşdirmək olub. Bununla da mənfur düşmənin 1990-cı illərdə mühasirəyə aldığı Naxçıvan faktiki olaraq blokadadan azad olunur. Bundan başqa, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında Zəngəzur vasitəsilə əlaqənin bərpa olunması həm də kifayət qədər ciddi geosiyasi əhəmiyyət daşıyır.

Dağlıq Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar.

Dövlət başçısı həmişə olduğu kimi, dekabrın 1-də xalqa müraciətində də Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu bəyan etdi. “Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar”, - deyə Prezident bildirdi.

O bu ifadə ilə bütün dünyaya çatdırdı ki, bu gün Dağlıq Qarabağın gələcəyi ilə bağlı həqiqətə uyğun olmayan şərhlərlə və çıxışlarla məşğul olanlar bilsinlər və agah olsunlar ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, oradakı ermənilər də məhz bizim vətəndaşımızdır. Azərbaycan vətəndaşı olan Dağlıq Qarabağ erməniləri 30 il ərzində yaşadıqları həyatdan daha yüksək səviyyədə yaşayacaqlar. Bu günə qədər onlar Ermənistanın və Dağlıq Qarabağda onlardan oyuncaq kimi istifadə edən separatçıların girovuna çevrilmişdilər. Azərbaycanın işğal altındakı torpaqlarını talan edən, orada qeyri-qanuni şəkildə qızıl və digər təbii sərvətləri istismar edən qondarma rejimin liderləri və Köçaryan-Sarkisyan ikilisi oğurladıqları bu pullardan bir qəpik belə Qarabağda yaşayan ermənilərin həyat şəraitlərinin yaxşılaşdırılmasına sərf etməyiblər.

Bu gün Azərbaycan Respublikası istər iqtisadi, istər hərbi, istərsə də siyasi baxımdan regionunun ən güclü dövlətidir. Məhz bu dövlət region xalqlarının xoşbəxt gələcəyinin  yeganə təminatçısı rolunda çıxış edir, bundan sonra çıxış etməkdə davam edəcək. Ermənilər də gələcəkdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağdakı vətəndaşlarımız kimi daim Bakının diqqət və qayğısını hiss edəcəklər. Bu, həm də ermənilərə təxribatlardan uzaq olmaq, hansı ölkənin vətəndaşı olduqlarını unutmamaqı üçün bir ismarıcdır.

Fransanın Qarabağla bağlı ədalətsiz mövqeyinin tənqidi

Prezident ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın adekvatlıqdan uzaq olan mövqeyini də kəskin tənqid edib: “Kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə, versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmır. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz”.

Dövlət başçısının da qeyd etdiyi kimi, təəssüflər olsun ki, rəsmi Paris Cənubi Qafqazda nəhayət ki, sülhün əldə edilməsindən sonra da sakit dayanmaq niyyətinin olmadığını sübut etməkdədir. Fransanın yüksək vəzifəli şəxsləri planetin müxtəlif münaqişələrində olduğu kimi, Azərbaycan və Ermənistan arasında yaşanan münaqişə ilə bağlı da sülhü təmin edən bəyanatlar vermək əvəzinə, qızışdırıcı və regionda sabitliyə xələl gətirən çıxışlar etməkdədirlər. Lakin yaxşı olardı ki, Fransa bu addımları ilə onsuz da dünyada sarsılmış imicini daha da ayaqlar altına atmasın. Makron Cənubi Qafqazdakı yeni reallığı həzm etməlidir. Artıq nə Dağlıq Qarabağ var, nə də Dağlıq Qarabağ münaqişəsi. Üçtərəfli bəyanatda Ermənistan Baş nazirinin imzası da bunun bir sübutudur. Belə olan halda Fransa senatorlarının və oradakı bəzi digər siyasətçilərin ermənilərdən daha çox erməni simasında olması siyasi intihardan başqa bir şey deyil.

Ermənistan ya kapitulyasiyanı imzalayacaqdı, ya da tamamilə məhv olacaqdı

Prezident müraciətində qeyd etdi ki, hər kəs yaranmış yeni reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı: “Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun”.

Dünənə qədər Azərbaycan dövlətinə və xalqına meydan oxuyan və işğalçılıq niyyətlərini genişləndirmək istəyən ümumdünya erməni diasporu, erməni kilsəsi və Ermənistan dövləti 44 gün ərzində ordumuz tərəfindən elə bir vəziyyətə salındı ki, indiyə qədər qurmuş olduqları xəyalları yerlə bir oldu. Ermənistanın aciz vəziyyətə düşərək dünya liderlərindən imdad diləmələri Nikol Paşinyan başda olmaqda bütün Ermənistanı, onun hərbi-siyasi elitasını rəzil duruma saldı. Ermənistanda siyasi, iqtisadi, sosial böhran kulminasiyaya çatıb. İşğalçı ölkənin ordusu darmadağın edilib, bütün iqtisadi potensialı və onsuz da minimum olan maliyyə ehtiyatı məhv olub, sosial problemlər daha da kəskinləşib. Ölkə borc içində boğulur, büdcə defisiti maksimuma çatıb, ÜDM istehsalı azalıb, xarici ticarətdə mənfi saldo 2 dəfə artıb, sosial müdafiə minimuma düşüb. Müharibədə 10 mindən artıq erməni hərbçisi həlak olub, on minlərləsi yaralanıb, ordunun texniki bazası məhv olub. Ölkəyə Qarabağdan on minlərlə qaçqın gəlib - onları təmin etmək üçün böyük vəsaitlər lazımdır. Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır, xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Otuz il ərzində pulsuz yığdıqları texnika  44 gün ərzində məhv edilib. Prezidentin də vurğuladığı kimi, “Ermənistan, sən dalansan. Biz səni dalan etdik”.

Türkiyə-Rusiya monitorinq mərkəzi

Prezident Azərbaycan üçün sevindirici, Ermənistan üçün isə arzuolunmaz nüans olan Türkiyə hərbçiləri məsələsinə də toxundu. “Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu Bəyanat imzalananda bu bənd o qədər də geniş açıqlanmamışdır. Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki, bu mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb” deyən Prezident Türkiyənin artıq bölgədə olması reallığını da növbəti dəfə bəyan etmiş oldu.

Uzun müddət idi ki, həm Ermənistan, həm Rusiya, həm də ABŞ və Fransa timsalındakı həmsədrlər Türkiyənin münaqişənin nizamlanmasındakı iştirakı perspektivinin üzərindən xətt çəkərək, bunun yolverilməz olduğunu bildirsə də, bu vacib üçtərəfli Bəyanata Türkiyənin də daxil edilməsi, bu güclərin Cənubi Qafqazda reallığın qəbul edilməsi kimi dəyərləndirilə bilər.

Üçtərəfli Bəyanatın ardından noyabrın 11-də Rusiya ilə Türkiyə arasında imzalanan müqavilədə tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Monitorinq Mərkəz yaradılsın. Uzun müzakirələrdən sonra, nəhayət, dekabrın 1-də Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə ortaq nəzarət mərkəzi mövzusunda razılığa gəlib, heyətin sayı hər iki ölkə tərəfdən bərabər olacaq. Bu isə, o deməkdir ki, bölgədə Qarabağ probleminin tənzimlənməsində artıq Türkiyə siyasətçiləri ilə yanaşı, hərbçiləri də fəal rol oynayacaqlar. Bu, həm də o deməkdir ki, 1800-cü illərdən regionu təkbaşına idarə edən Rusiya artıq dəyişən  regional konfiqurasiya ilə qarşılaşmalı olub. Nəticədə, Ankara və Moskva ortaq dil taparaq Suriya və Liviyanın ardından Azərbaycanda da birgə fəaliyyət göstərərək, hər iki dövlətin maraqlarının uzlaşdırılmasına nail olmaq istiqamətində səy göstərəcəklər. Türkiyə və Rusiya liderləri arasında Qarabağ razılığı, üçtərəfli bəyanatda Naxçıvanla bağlı nüansların qeyd edilməsi və ümumilikdə, Qarabağ probleminin həllini tapması bölgədə həm də Azərbaycan-Rusiya-Türkiyə iqtisadi-siyasi birliyini ortaya qoyur ki, bu da rəsmi Bakının gələcək danışıqlarda mövqeyini gücləndirmiş olur.

Yeri gəlmişkən, Laçının azad olunması Azərbaycanın  qarşısına qoyduğu məqsədləri sırasında ən başlıcalarından idi. Tarixin ironiyasına baxın ki, Şuşanın və Kəlbəcərin işğaldan azad edilməsi tarixləri kimi, Laçının da azad edilməsi təqvimləri ermənilərə  psixoloji zərbədir, onlara tarixin silləsidir. 31 il əvvəl, 1989-cu ilin dekabrın 1-də Ermənistan SSR Ali Məclisi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul etmişdi. Məhz dekabrın 1-də Laçının işğaldan azad edilməsi onlar üçün həm də psixoloji bir zərbə oldu.

Beləliklə, 300 ilə yaxın idi ki, böyük qələbələrə həsrət qalan Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ermənilərə və onların havadarlarına dəmir yumruğun gücünü göstərmiş oldu. Ermənistan üçün çox həssas coğrafi ərazi olan Laçın və digər torpaqlar İrəvan diz çökdürülərək işğaldan azad edildi. Bundan sonra isə digər həssas mövzularda tərəflər arasında dialoq davam edəcək. Regionda marağı olan bütün qüvvələr və Ermənistan anlamalıdır ki, Qarabağ Azərbaycandır və 5 ildən sonra bölgə yeni hərbi-siyasi nöqtəyə qədəm qoyacaq.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Apa


Geri dön