Ana Sayfa > Manşet / Karusel / Siyasət > Azərbaycan Prezidenti: “Erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb”
Azərbaycan Prezidenti: “Erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb”29-10-2020, 10:14. Yazar: Admin |
“Zənnimcə, vəziyyət, əlbəttə, münaqişədən əvvəlki kimi olmayacaq. Biz regionda geosiyasi düzümü çox cəhətdən dəyişmişik. O, artıq dəyişib və bir çox stereotiplər keçmişdə qalıb. Məsələn, Rusiya və NATO arasındakı qarşıdurma kimi. Siz indi baxın, Rusiya və NATO-nun üzvü olan Türkiyə daha çox səmimi və etimada əsaslanan əlaqələrə malikdirlər, nəinki Türkiyə ilə NATO üzvü olan hər hansısa başqa ölkə. Bunlar əvvəl yox idi, bunlar yeni reallıqlardır. Buna görə də, bax, belə dəqiq strukturlaşdırılmış stereotip geosiyasi təfəkkür də ikinci plana keçir. Mən hesab edirəm ki, bu, müsbət amildir. Çünki reallıqları əsas götürmək lazımdır, reallıqları isə siyasətçilər öz fəaliyyətləri ilə yaradırlar. Düşünürəm ki, bu gün bizim regionda regionun gündəliyini müəyyən edən, əməkdaşlığa istiqamətlənən aparıcı siyasi xadimlər arasında çox müsbət əməkdaşlıq formatı yaranır”. Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsi zamanı müxbirin “Siz Qarabağ münaqişəsi başa çatandan, nizamlanandan sonra bizim regionda vəziyyətin geosiyasi inkişafını və qüvvələr nisbətini necə görürsünüz?” sualını cavablandırarkən deyib. Azərbaycan Prezidenti əlavə edib ki, çünki bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıqdan danışmaq olar: “Bizim üçtərəfli formatımız mövcuddur. Düşünürəm ki, gün gələcək, biz artıq dördtərəfli formatda da fəaliyyət göstərəcəyik. Bu, həm tarixi, həm iqtisadi, həm nəqliyyat, həm geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaq. Buna görə Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır”. Dövlət başçısı diqqətə çatdırıb ki, ermənilər Qafqaza onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb: “Mən Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana necə verməsini dəfələrlə demişəm. Bu, tarixi faktdır. 1918-ci il mayın 29-da, Cümhuriyyətin yaranması elan ediləndən bir gün sonra İrəvan verilib. Özü də müzakirələr zamanı qanunverici orqanının İrəvandan olan deputatları bunun əleyhinə idilər, lakin onların fikrini heç kim nəzərə almadı. Bax, beləcə İrəvanı götürüb veriblər. Buna görə də, necə deyərlər, olan olub, keçən keçib. İndi Ermənistan yad cisim olmamalı və işğala son qoymalı, Azərbaycan ilə, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Bu, onlara yalnız fayda gətirə bilər, başa düşürsünüzmü, yalnız fayda. Bütün kommunikasiyalar açılacaq, onlar inteqrasiyalı enerji, nəqliyyat layihələrinin bir hissəsi, ümumi təhlükəsizlik sisteminin bir hissəsi olacaqlar. Baxın, bu gün Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alır. Bu, tamamilə yeni təhlükəsizlik sistemidir. Bu, sadəcə, hava hücumundan müdafiə kompleksinin alınması deyil, yeni təhlükəsizlik, qarşılıqlı etimad sisteminə bir addım yaxınlaşmaqdır. Bunu qarşılıqlı etimad olmadan əldə etmək mümkün deyil. Biz Rusiyadan S-300-ləri çoxdan almışıq. Bu da qarşılıqlı etimad amilidir. Buna görə regionun belə konfiqurasiyası hamının xeyrinədir. Amma Ermənistan başa düşməlidir ki, o, artıq yolun kənarındadır. Artıq ondan ötrü heç kim vuruşmayacaq. Bəs sonra? Əgər o, bizimlə qarşıdurmaya davam edərsə, əgər bundan sonra da Türkiyəyə ərazi iddiaları irəli sürərsə, başa düşməlidir ki, bizim qarşımızda necə dura bilər. Lakin biz qarşıdurma istəmirik, biz sülh istəyirik, onların bizə və xalqımıza gətirdiyi bütün ağrı-acılara və faciələrə baxmayaraq. Buna görə də düşünürəm ki, geosiyasi reallıqlar müsbət istiqamətdə inkişaf etməlidir. Hər halda biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu, belə olsun”. Geri dön |