Ana Sayfa > Manşet / Siyasət > Mehriban Əliyevanın YUNESKO-ya sensasion məktubunun sirri

Mehriban Əliyevanın YUNESKO-ya sensasion məktubunun sirri


17-11-2022, 10:36. Yazar: Admin

Mehriban Əliyevanın YUNESKO-ya sensasion məktubunun sirri

Birinci vitse-prezidentin xoşməramlı səfiri kimi fəaliyyətdən imtinası ermənipərəst təşkilata ən gözəl cavabdır

Məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə UNESCO-nun Baş direktoru Odri Azulaya məktub ünvanlayıb.

“Yeni Müsavat” bildirir ki, Mehriban Əliyevanın bu addımı Azərbaycanın milli və dövlət maraqlarından irəli gələn davranış kimi qiymətləndirilir. Birinci vitse-prezident YUNESKO-nun Azərbaycana qarşı qərəzli münasibətini davam etdirməkdən çəkinməməsinə diplomatik dillə cavab vermiş olub. Əlbəttə, məktub gileylərdən ibarət deyil və protokol qaydalarına görə məhz məlum qaydada yazılmalı idi.

Məktubda Azərbaycanla UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi, UNESCO-nun dəyər və prinsiplərinin irəlilədilməsi sahəsində 2004-cü ildən xoşməramlı səfir kimi fəaliyyəti dövründə təşkilatla çoxsaylı birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda 2013-cü ildə Azərbaycanla UNESCO arasında imzalanmış Çərçivə Sazişi, müvafiq Azərbaycan-YUNESKO Etimad Fondu, mədəni irsin qorunması, qızların təhsili, gender bərabərliyi kimi sahələrdə bir sıra ölkələrdə həyata keçirilən layihələrə dəstək və digər tədbirlər qeyd olunub. Həmçinin 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verilib.

İndiki mərhələdə Vətən müharibəsi nəticəsində ərazilərimizin uzunmüddətli işğaldan azad edilməsindən sonra genişmiqyaslı bərpa və bölgənin dirçəldilməsi işlərinə birinci vitse-prezidentin aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq, onun UNESCO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb. Qeyd edilənlərlə əlaqədar Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub. Ünvanlanmış müraciətdə Azərbaycanın bundan sonra da UNESCO-nun təməl prinsiplərini qoruyub saxlayacağı, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyi diqqətə çatdırılıb.

Məktubda “Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni irsinə dəyən zərərin qiymətləndirilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərə UNESCO missiyasının tezliklə təşkilinə ümid ifadə olunub” cümləsi təsadüfi hesab olunmur. Söhbət ondan gedir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi və vandallığa məruz qalması bütün dünyanın gözü qarşısında baş verib. Qarabağın azadlığından sonra aparılan monitorinqlər daha aydın təsəvvürlər yaratmağa tam imkan verir. Postmüharibə dövründə Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO qarşısında qaldırdığı əsas məsələlərdən biri də məhz bununla bağlıdır.

Ölkəmizin mədəni irsinin məhv edilməsinə, vandallıq aktlarına dair YUNESKO-ya kifayət qədər və davamlı məlumatlar təqdim edilməsinə baxmayaraq, nə işğal dövründə, nə də son 2 illik postmüharibə dövründə Azərbaycanın mədəni irsinə 30 ildə Ermənistan tərəfindən vurulmuş ziyanın qiymətləndirilməsi üçün YUNESKO Qarabağa missiya göndərməyib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESKO-nun xoşməramlı səfiri olduğu 18 ildə Azərbaycan-YUNESKO əlaqələrinin yüksələn xətlə inkişafı, qurumun dəyərlərinin təşviqi yönündə mühüm işlər görüb. Onun təşəbbüsü və dəstəyi ilə bir sıra ölkələrdə mədəni irsin qorunması, bərpası istiqamətində çox mühüm addımlar atılıb. Ancaq YUNESKO Azərbaycanın haqlı tələb və çağırışlarına məhəl qoymaq istəmədi. Belə olan halda əlbəttə ki, Mehriban xanım Əliyevanın Azərbaycana qarşı qərəzli, ikili standartlarla yanaşan qurumda xoşməramlı səfir missiyasından imtinası tamamilə yerinə düşən, adekvat davranışdır. Bu, həm də Azərbaycana münasibətdə qeyri-ədalətli, qeyri-sağlam, qarşılıqsız münasibətdə olan bütün təşkilatlara da ciddi bir mesajdır.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlunun bildirdiyinə görə, birinci vitse-prezidentin addımı ciddi qərar idi: “Mehriban xanım sağ olsun ki, belə böyük bir addım atıb. Azərbaycan qadınına xarakterik olan qərar idi. Ona görə təqdir edirəm və kifayət qədər güclü addımdır. Bu həm də onu göstərir ki, Azərbaycanı heç nə ilə qorxutmaq olmaz. Amma UNESCO-nun bizə belə münasibət bəsləməsinə gəlincə, onlarla işləmək lazımdır. Bizim diaspor fəal olmalı idi, aktiv fəaliyyət göstərməliydik. Bu quruma öz kimliyimizi göstərməliydik. Əgər Ağdamın Xirosimaya çevrilməsini görsəydilər, Füzulidə bayraq sancmağa yer tapılmadığını bilsəydilər, belə qərəzli mövqe tutmazdılar. Amma bizim də onlarla işləməyimizdə boşluqlar olub və düzəltmək lazımdır”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirdi ki, Mehriban Əliyeva uzun illərdir UNESCO-nun xoşməramlı səfiri idi: “Mehriban xanımın adından mətbuatda dərc olunan məktub ən sivil və ən mədəni etiraz formalarından biri kimi qəbul olunmalıdır. UNESCO uzun illərdir ki, Azərbaycanla normal əməkdaşlıq etmir. Biz onları Qarabağa dəvət edirik, azad edilən ərazilərə çağırırıq, dini və mədəni abidələrimizin dağıdılması ilə bağlı missiya göndərilməsini istəyirik, amma bu addımı atmırlar. UNESCO-nun siyahısında olan abidələr dağıdılıb və qurumun bu münasibət göstərməsi ikiüzlülükdür. Mehriban xanım da bütün bunları götür-qoy etdikdən sonra xoşməramlı səfir kimi fəaliyyət göstərməyi özünə rəva bilməyib”.

Ç.Qənizadənin fikrincə, əgər UNESCO erməni vəhşiliyini görməzdən gəlirsə, o zaman buna adekvat cavab verilməli idi: “Ona görə Mehriban xanımın bu addımı xalq tərəfindən alqışlanır, ona təşəkkür edilir. Eyni zamanda Fransada UNESCO-nun inzibati binasının yerləşməsi rəsmi Parisin də bu məsələlərdə rolunu gündəmə gətirir. Fransa Senatının qəbul etdiyi əsassız qətnamə də bu nümunələrdən biridir. Ona görə UNESCO-nun Parisdə yerləşməsi bu qurumun antiAzərbaycan qüvvələrin təsiri altında olduğunu göstərir ki, nəticə etibarı ilə bizə münasibətdə riyakarlıq nümayiş etdirir”.

Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, siyasi ekspert Əziz Əlibəylinin sözlərinə görə, bu, Mehriban Əliyevadan UNESCO-ya demarşdır: “Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətindən istefa verməsi günün hadisəsidir. Ermənipərəst təşkilat üçün bundan gözəl cavab ola bilməzdi. Həm kifayət qədər miqyaslı, həm də ölkənin ikinci rəsmi şəxsinin mövqeyi. Bəs BMT-nin qurumu nə etdi bu addım qarşılığında? UNİCEF (BMT-nin digər bir qurumu) açıqlama verib ki, Yer kürəsinin 8 milyardıncı şəxsi Ermənistanda doğulub. Bunların mahiyyəti belədir: O şkalada saniyədə doğulanların sayına bir də baxaq. Heç utanırsınız?”

“Vestnik Kavkaza”nın analitiki Vera Andreyeva deyib ki, Vətən müharibəsindən sonra Azərbaycan XİN və Ombudsman Aparatı dəfələrlə UNESKO-ya vandalizm faktlarını öyrənmək üçün regiona missiya göndərməyi təklif etsə də, nəticəsiz qalıb: “UNESKO bu faktların araşdırılmasında maraqlı görünmürdü. Onlar başa düşürdülər ki, dağıdılmış, minalanmış Azərbaycan torpaqlarını görən istənilən mütəxəssis işğalçı rejimin cinayətlərinin tanınmasının lehinə çıxış edəcək. Bu gün deyirlər ki, UNESKO-nun Bakıya qarşı sərt mövqeyi həm də təşkilatın rəhbəri, 2015-ci ilə qədər Fransanın mədəniyyət və kommunikasiya naziri vəzifəsində çalışmış Odri Azulenin və bildiyiniz kimi, Parisin nüfuzlu nümayəndələrinin sayəsində şəxsi mövqeyi ilə bağlıdır. Onun hərəkətləri nəinki mübahisəli, hətta bəzən cinayət xarakterli görünürdü. Maraqlıdır ki, Azule düz beş il əvvəl - 2017-ci il noyabrın 15-də UNESKO-nun baş direktoru postunu tutub. Deməli, ola bilsin ki, Mehriban Əliyevanın məktubu məhz bu hadisə ilə eyni vaxta düşüb. Daha bir "təsadüf": ötən gün Fransa Senatı prezident Emmanuel Makron hökumətini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməyə baxır. Artıq Azərbaycan əsilli Fransa vətəndaşları “Biz ədalət tələb edirik!”, “Terrorçuluğa YOX!”, “Senat ədalətli olmalıdır!”, “Cənubi Qafqazda sülhün bərqərar olması üçün Fransa neytral olmalıdır!” şüarları ilə senatın binasına gəlib və qərəzli yanaşmasından narazılıqlarını bildiriblər. Əlbəttə, Azule indi Fransanı deyil, bütün dünya ictimaiyyətini təmsil edir, lakin bu, daha böyük məsuliyyətdir. Bəzi ekspertlər artıq UNESKO-nun hərəkətlərində (oxu: hərəkətsizliyində) bədxah niyyəti görüblər".


Geri dön