Ana Sayfa > Manşet / Karusel / Siyasət > Əliyev-Paşinyan görüşü: Zəngəzur dəhlizi masada, Rusiya hərəkətə keçir
Əliyev-Paşinyan görüşü: Zəngəzur dəhlizi masada, Rusiya hərəkətə keçir25-08-2022, 14:54. Yazar: Admin |
Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyanın növbəti görüşü keçiriləcək. Ermənistan KİV-ləri görüşün bu il avqustun 31-də Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə Brüsseldə baş tutacağını iddia edir.
Belə bir görüş baş tutarsa, gündəlikdə nələr olacaq?
Bu barədə Qarabaqinfo.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Moskvada keçirilməsi nəzərdə tutulan növbəti görüşündə əsas məsələ Zəngəzur dəhlizi olacaq.
Onun sözlərinə görə, Azərbaycan və Rusiyanın bu məsələdə Ermənistana təzyiq göstərəcəyi istisna olunmur. Çünki Zəngəzur dəhlizi Azərbaycanla yanaşı, Türkiyə və Rusiya üçün də vacibdir.
Keçmiş nazir qeyd edib ki, Ermənistanın 10 noyabr bəyannaməsinin digər şərtlərini yerinə yetirməsi üçün ilk növbədə Zəngəzur dəhlizi açılmalıdır:
"Hesab edirəm ki, sülh sazişi görüşün gündəmində olmayacaq. Əsasən digər praktiki mövzular müzakirə olunacaq. Əsas müzakirə mövzusu kommunikasiya ilə bağlı olacaq. Azərbaycanın fikrincə, Zəngəzur dəhlizi işlək vəziyyətə gətirilməldir ki, 10 noyabr 2020-ci ildə imzalanmış sənəddən irəli gələn öhdəlikləri Ermənistan yerinə yetirsin”.
Avqustun sonunda Rusiyanın paytaxtı Moskvada keçiriləcək Delimitasiya kommisiyalarının görüşünə gəlincə, T.Zülfüqarov gözləntilərinin müsbət olmadığını söyləyib:
“Delimitasiya prosesində hansısa irəliləyişləri çox da gözləmirəm. Çünki delimitasiya digər praktik proseslərlə bağlıdır. Azərbaycan bu məsələdə o qədər də tələsimir. Biz görürük ki, Ermənistan əsas prinsiplərə riayət etmək istəmir. Yəni bizim daxili işlərimizə qarışmaqda davam etmək niyyətindədir. İrəvan bunu Qarabağda gedən proseslərə münasibətində göstərir. Həm də bu texniki məsələdir. Təbii ki, belə şəraitdə hansısa texniki məsələnin aktual olmasına inanmıram”.
Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının ilk görüşü 24 may 2022-ci il tarixində olub. Azərbaycan və Ermənistan tərəfdən komissiyalara Baş nazir müavinləri Şahin Mustafayev ilə Mher Qriqoryan rəhbərlik edir. modern.az Geri dön |