Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransı başlayıb.
"Qarabaginfo" “Report”-a istinadən məlumat verir ki, tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni iştirak edirlər.
“Asiyanın Qəlbi” - İstanbul Prosesi “Asiyanın Qəlbi” regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platforma sayılır.
VII nazirlər konfransında “Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən dövlətlər və beynəlxalq təşkilatlar, Əfqanıstan İslam Respublikasının xarici işlər naziri, eləcə də Türkiyə, Pakistan, İranın xarici siyasət idarələrinin rəhbərləri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qırğız Respublikası, Qazaxıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri, Rusiya və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Əfqanıstan və Orta Asiya üzrə xüsusi nümayəndələri iştirak edirlər.
Həmçinin İstanbul prosesini dəstəkləyən dövlətlər olan Böyük Britaniya baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, ABŞ Dövlət Departamentinin Cənub və Mərkəzi Asiya üzrə nümayəndəsi, Yaponiya, İspaniya və Norveçin Əfqanıstan üzrə xüsusi təmsilçiləri, İtaliya, Kanada, Danimarka, Fransa, Finlandiya, Polşa, Misir, İsveç və digər dövlətlərin xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndə heyətləri konfransda iştirak etmək üçün Bakıya gəliblər.
Eyni zamanda İstanbul Prosesini dəstəkləyən beynəlxalq təşkilatlar kimi Avropa İttifaqı adından Estoniyanın xarici işlər naziri, NATO-nun Əfqanıstan üzrə yüksək səviyyəli mülki nümayəndəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının və Türk Şurasının baş katibləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Konfransının icraçı direktorunun müavini, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin müavini və digər beynəlxalq təsisatların təmsilçiləri iştirak edirlər.
Tədbirə ümumilikdə 250 nəfərdən çox nümayəndə qatılıb.
“Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində VII nazirlər konfransını işıqlandırmaq üçün 100-dən çox yerli və xarici KİV nümayəndəsi akkreditasiyadan keçib.