"Dostundan 10 manat borc götürüb mənə “mandarin” alacağı üçün çox sevindi”
Qarabaginfo Modern.az saytının istinadən “Atalar və övladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simaların övladları onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...
Həmçinin, məşhur övladlar da dünyasını dəyişən ataları barəsində danışır, onların portretini gözümüz önündə canlandırır.
Bu dəfə dünyadan erkən köçən mərhum tərcüməçi, Azərbaycan oxucusuna Markes, Kafka, Folkner kimi yazıçıları daha yaxından tanıdan ədəbiyyat sevdalısı Natiq Səfərovun qızı Günel Natiq atası ilə bağlı xatirələrini bizimlə bölüşəcək:
Babamdan başlayaq; Əli Səfərovdan...
- Babam Əli Səfərov Naxçıvanda tanınmış adam idi. Bakıda və Naxçıvanda ən məsul vəzifələrdə işləmiş, nazir səviyyəsinə qədər yüksəlmişdi. Əqidəli kommunist, təmiz, vicdanlı adam idi. İşinə son dərəcə məsuliyyətli idi. Görünür, zəhmli adam imiş həm də, çünki nəslimizdə onun haqqında danışanda rəsmi tərzdə “Əli Səfərov belə etdi”, “Əli Səfərov elə dedi”,- deyərdilər. İndinin özündə də aramızda babam “Əli Səfərov” adı ilə yad edilir. Həm də ailədən uzaq düşdüyü, küskünlük yaşandığı üçün arada soyuqluq vardı. Bəlkə də bu səbəbdən o hamımız üçün hər şeydən əvvəl “Əli Səfərov” idi.
“50 yaşında cavan”
- Çox səliqəli adam imiş. Anam deyir ki, indiki evlərin dizaynını o, hələ 70-ci illərdə babamın Naxçıvandakı evində görmüşdü. Mənzil son dəbli ağ mebellə bəzədilmişdi. Cürbəcür suvenirlər və aksesuarlar Əli Səfərovun yüksək zövqündən xəbər verirdi. Həyətində növbənöv bitki və güllər vardı. Babam onların qayğısına böyük məhəbbətlə qalarmış. Hər səhər yuxudan oyananda birinci işi gülləri qoxlamaq, onların enerjisini hiss etmək imiş. Sonra mütləq 1 saat qaçışla məşğul olarmış. Həm bədəncə, həm də ruhən sağlam olan Əli Səfərov düz 90 il yaşadı.
50 yaşlarında nənəmdən ayrılmışdı, cavan bir qadınla ailə qurmuşdu. Əmilərim, əmim oğlanları o qadını ailəyə nifaq saldığı üçün bağışlaya bilmirdilər. Həmin qadının mənfi enerjisi hətta adı çəkiləndə də hiss edilirdi.
Sevincin üsyanı, atamın əsəbi...
- Mən babamı heç vaxt görmədim. Təqaüdə çıxdıqdan sonra təzə həyat yoldaşıyla Naxçıvanda yaşayırdı, Bakıya nadir hallarda gələrdi. Anam danşır ki, bacım Sevincin 2 yaşı vardı, Əli Səfərov Bakıya qonaq gəldi. Bacıma iki eyni cür kukla gətiribmiş. Bacım bir az kuklalarla oynayıb, sonra nəyə görəsə kuklaları atıb, gedib qapını açıb, babama “get!” deyib. Anam deyir, hamımız quruyub qaldıq. Uşağı hansı hissiyyat belə etməyə vadar etmişdi? Çox təəccüblü idi. Ömründə bizə əl qaldırmayan atam çox əsəbiləşib, bəlkə də ilk və son dəfə bacımın əllərindən vurub...
Babamı bağışlaya bilməyən atam bir dəfə dedi ki, “çox qəribədir, atamı sevməmişəm, amma onu yuxuda gördüyüm gün özümü yaxşı hiss edirəm, işlərim də yaxşı gedir”.
Görünür, ataya olan mənəvi ehtiyac onun düşündüyündən də çox imiş..
Bir az da əmim haqqında...
- Atamgilin ailə üzvlərinin qəribə taleyi vardı. Həyat onlara müxtəlif tale bağışlamışdı. Qardaşlardan ancaq Abbas iradəcə babama bənzəyirdi. Soyuqqanlı və realist idi. Yaltada hərbi sanatoriyada baş həkim işləyirdi. Hərbi sanatoriya ittifaq miqyaslı, son dərəcə əhəmiyyətli bir qurum idi. Əmim yeganə qeyri-rus idi ki, bu vəzifədə, həm də uzun illər işləmişdi, müəyyən yaşdan sonra da hörmətlə təqaüdə çıxarılmışdı. Bir azərbaycanlının belə bir vəzifə tutmasını ruslar və qeyri-ruslar həzm edə bilmirdilər, Moskvaya Abbas Səfərovun əleyhinə anonim məktublar yazırdılar. Komissiya gəlib sanatoriyanın işlərini ən kiçik detallara qədər araşdırsa da, son dərəcə vicdanlı və təmiz adam olan əmimin işində bircə qüsur da tapa bilmirdi, odur ki, bu vəzifənin xəyalında olanları məyus etməli olurdu.
İndi keçək atama - ailənin ən kiçiyinə
- Atam ailənin ən kiçiyi idi. Qardaşlarından xeyli balacaydı. Öz aləmi vardı. Kitab çox oxuyurdu. Uşaqlıq illəri babama işindən verilən Bakıdakı mənzildə keçmişdi. Həmin ərazi rus və yəhudilərin yaşadığı ziyalı mühiti idi. Görünür bu mühit də atamın dünyagörüşünün formalaşmasına öz təsirini göstərmişdi.
Bir ömrün ifadəsi: “Ürəyimcə yaşadım”
- Böyük bacım o mənzildə dünyaya gəlib. Sonra mənzili 3 qardaş arasında bölüşdürüblər, atamgil Yasamaldakı ikiotaqlı mənzilə köçməli olub. Evimiz kiçik idi, atamın nəinki iş otağı, yazı masası belə yox idi. O zamanlar Yazıçılar Birliyinin öz üzvlərinə əlavə bir yaradıcı otaq ayırmaq imkanı vardı. Şəraitsizlikdən əziyyət çəkən atam ya mənzil, ya da ümumiyyətlə hansısa işdən ötrü bir nəfərin də qapısını döymədi. Qürurlu adam idi. Acından ölsə də heç kimin qabağında əyilməzdi. Bir dəfə dedi ki, “mən ürəyimcə yaşadım. Çünki heç kimin qabağında əyilmədim, heç kimə yaltaqlanmadım. Mən bununla fəxr edirəm”.
Atam Kommunist Partiyasına nifrət edirdi. O vaxtlar müəyyən səlahiyyətli işə sahib olmaq üçün partiya sıralarına daxil olmaq lazım idi. Atamın işlədiyi idarədə ona şöbə müdirliyi təklif etmişdilər, bir şərtlə ki, partiyaya daxil olsun. Şöbə müdirinin maaşı bir az artıq idi. Ailəmizin maddi ehtiyacı vardı. Amma atam əqidəsini heç nəyə qurban vermədi.
Siqaret tüstüləyən acı xatirə
- Sovet İmperiyası dağıldıqdan sonra Kommunist Partiyasının sıralarında olub, onun imkanlarından gen-boluna faydalananlar 180 dərəcə dəyişib bu dəfə partiyaya, Sovet hökumətinə nifrətlər yağdırırdılar. Atam onlara baxıb əsəbiləşirdi, siqareti siqaretə calayırdı. Mühitin riyakarlığı onda hər şeyə nifrət yaradırdı. Tərkidünyalığının bir səbəbi də bu idi... “Mənim insanlara allergiyam var”,- deyəndə riyakar ziyalıları, öz mənafeyi üçün bütün müqəddəs hissləri çeynəyib-atanları nəzərdə tuturdu.
Unudulmayan gen yaddaşı –ulu babasının “əmanəti”
- Çox əliaçıq idi. Bir adamın köməyə ehtiyacı olduğunu hiss etsəydi, son tikəsini verərdi. Çox vaxt dostlarına, qohumlara atam hamıdan gizli əl tutardı, bircə dəfə də dilinə gətirməzdi. Baxmayaraq ki, öz ailəmizin maddi dəstəyə ehtiyacı vardı. Yəqin ki, bu özəlliyi ulu babası xeyriyyəçi Mirzə Məmmədquludan əxz eləmişdi.
Göz yaşı bazarından alınan "mandarin"
- Bizi çox sevirdi. Gənc qız olmama baxmayaraq, məni hələ də zəif, köməksiz balaca qız hesab edirdi. Yadıma gəlir ki, mən balacaydım, 8-9 yaşım olardı. Atamla hardansa qayıdırdıq. Atam çox fikirli idi. Qəfil bir dostuna rast gəldik. Atam ondan 10 manat borc istədi. Dostu pulu verdi. Onunla sağollaşandan sonra atam sevincək dedi: “Gedək, qızım, sənə “mandarin” alaq”. Mənə “mandarin” alacağı üçün sevinən atamın üzünün ifadəsi hələ də xatirimdədir.
“Əlyazmalar yanmır”
- 90-cı illərdə kompüterlər təzə-təzə meydana çıxırdı. Hikmət Hacızadə hansısa əcnəbi şirkətin artıq istifadə etmədiyi, ziyalılara bağışladığı köhnə kompüterlərdən birini atama verdi. Onlar demokratiyadan bəhs edən dəyərli kitablar üzərində işləyirdiər. Artıq kompüter dövrü olsa da, atam yazıları əllə yazır, özü aparıb şirkətə təhvil verirdi. Hikmət Hacızadə atama deyirdi ki, kompüterdə yazmağı öyrənsən, yaxşı olar, materialları internet vasitəsilə göndərmək həm vaxtına qənaət edər, həm də səni yol əziyyətindən qurtarar. Atama kompüterin imkanları qəribə gəlirdi, ona alışa bilmirdi. Əllə yazmağı yadırğamağın mümkün ola biləcəyi fikrini qəbul etmirdi. Kompüterdə yazacağına söz versə də, ona yaxın durmurdu. Yəqin ki, 100 il keçsəydi də, atam qələmin sehrini heç bir texniki nailiyyətə dəyişməzdi.
Natiq Səfərov adına qəribəliklər
- Eləcə də mobil telefona qarşı da eyni fikirdəydi. Şahbaz Xuduoğlu ona ad günündə telefon bağışlamışdı. Atam telefonla bircə dəfə də danışmadı. Eləcə şkafında saxlayırdı. Hərdən çıxarıb baxır, qulağına tutur, təzədən yerinə qoyurdu.
Bu dünyagörmüş, Mövlud Süleymanlının dediyi kimi, “yaradana aid olan səmti duyan” adamın qəribə sadəlöhvlüyü də vardı!
Dünyanı türk dilinə bükmək peşəkarlığı
- Atam böyük maarifçi idi. İndi dəbdə olan, dillərdən düşməyən bir çox yazıçıların adını ədəbi mühitə o gətirmişdi. Markesdən ilk tərcümələri atam etmişdi, onu Azərbaycan ədəbi mühitinə ilk tanıdanlardan idi. Azərbaycan xalqının maariflənməsi üçün əlindən gələni edirdi. Tərcümə kitabları az idi, rus dilini bilməyənlər dünya ədəbiyyatından xəbərsiz qalırdı. Məhz belə məqamlarda atam fədakarlıq edib irəli dururdu, Azərbaycan oxucusuna yeni əsərləri tanıdırdı. “Sanki özü yazıb”,- onu oxuyanların ilk rəyi belə olurdu. Mövlud Süleymanlı yazırdı ki, “onun tərcümələrindən bir cümlə götürmək kifayətdir ki, Azərbaycan türkcəsinin gücünü hiss edəsən”.
Tərcüməyə öz yanaşması vardı. “Əsas olan fikri çatdırmaqdır”, deyirdi. Tərcümə sahəsinin novatorlarından idi.
“Dahiliyin tarixi əslində eksperimentlərin tarixidir” - Kamal Abdulla Natiq Səfərova həsr etdiyi məqaləsində belə yazırdı.
“Heyf ki, özü yazmadı, amma...”
- Təəssüf ki, bədii tərcüməyə maliyyə ayrılmırdı, bu sahədə də böyük boşluq vardı. Atam özəl tərcümələr etməli olurdu, dissertasiyalar, kitablar yazırdı. Öz müəllifliyi altında dərc olunmayacağını bilsə də, onları da böyük zövqlə, həvəslə hazırlayırdı.
Özü yazmasa da, yazıçı dostlarına mövzu və istiqamət verərdi. Mövlud Süleymanlı bir məqaləsində etiraf edir ki, o, demək olar ki, bütün yazılarını Natiq Səfərovun baxışları və düşüncəli üzü qarşısında yazıb. Atamın anlayışı, səviyyəsinin onu həmişə izlədutunu qeyd edirdi.
Gizli qalan sirri
- Bədii əsər yazmadı, amma ustad qələmi nələrə qadir idi! Bir dəfə mən evdə lazımsız kağız-kuğuzun içində bir əlyazma tapdım. Qeyri-adi, orijinal bir əsər idi. Mən onun hansısa məşhur əcnəbi yazarın əsəri olduğunu zənn etdim. Hadisələr 15-16-cı əsrlərdə cərəyan edirdi. Sən demə atam Tərcümə Mərkəzinin əməkdaşlarının bədii obrazlarını yaratmışdı, həm də orta əsrlərin ruhunda! Əslində atam onu zarafatla yazmışdı, işıq üzünə çıxarmaq fikri yox idi. Təsadüfi deyil ki, əsər kağız-kuğuzların içində yox olub getdi. Amma yazsaydı, necə əsərlər yarada bilərdi!
Acı və möcüzəli aqibət
- Ədəbiyyatı öz taleyi seçən atamın aqibətini bəlkə də Söz yazdı. “Əlahəzrət söz”,- atam belə deyirdi. Sözün Allahlığına inanırdı. Məsələ belə olub...
Tənqidçi Cavanşir Yusifli 90-cı illərdə “Cahan” jurnalında çalışanda Folknerdən hansısa mətn vermək istəyib, çünki böyük yazıçının yubileyi yaxınlaşırmış. O, Tərcümə Mərkəzində atamla görüşüb və arzusunu deyib. Atam mətni götürmək üçün onu kompüter otağına yollayıb. Deyib ki, bu hekayə (“Uoş”) heç yerdə çap edilməyib.
Cavanşir müəllim tərcüməni orijinalla tutuşduranda məyus olub, sondan iki-üç, bəlkə daha çox səhifə edilməyib. Atam başqa bir hekayəni də verə bilərdi, ancaq niyə məhz axıra qədər eləmədiyi bu hekayəni verdi - şübhəsiz ki, o dəmdə bu sual heç kimin ağlına gəlməzdi.
“Hekayənin sonluğunu tərcümə eləməkdən qəzaya düşməkdən qorxan kimi qaçan insan - bədii mətn yaratmasa da, tərcümə prosesində onların dərinliklərinə baş vuran və dünyada, həyatda durduğu yerdə qəzaya uğramaq perspektivini hiss edərək yaşayan tərcüməçi gözləri açıq şəkildə “mətnin taleyə dönüşü”nü yaşayır”,-deyir Cavanşir Yusifli.
Atam hekayənin sonunu tərcümə etməmişdi. Hekayənin sonunda yanğın vardı. Real həyatda atamın ölümünə səbəb olan yanğın.
“Uoş” hekayəsində də qəhrəman əlində dəryaz yana-yana jandarmaya tərəf yürüyür, yana-yana... “Natiq Səfərov hekayənin bu hissəsinin tərcüməsindən qaçmışdı, yayınmışdı, ancaq “qəza mətnindən” qaçmaq olmur... Necə ki Kamü qaça bilməmişdi...”,- Cavanşir Yusifli yazır.
Atamın dərin intuisiyası var idi. Ömrün bütün anları haqqında heç vaxt eşitmədiyin sözləri, fikirləri, yozumları söylərdi...
“Atamdan sonra”
- Ramiz Rövşənin imza günündə kitabı imzalatmaq üçün ona yaxınlaşdım. Böyük şairin kitabı imzalayanda kövrəldiyini, qəribsədiyini hiss etdim. Yaxınlıqda duran bir nəfər Ramiz Rövşənin atama yazdığı “Adam” şeirini xatırlatdı, “ona iki şeir həsr etmişəm”, dedi şair. Və kitabı böyük doğmalıqla mənə qaytardı.
Hələ də yaşamağa dəyər...
- Bu doğmalığı mən Kamal Abdullada da gördüm. Bacım Türkiyədən təzə gəlmişdi, işə ehtiyacı vardı. Mən də təzəcə xəstəlikdən qalxmışdım. İkimiz də ruhən sarsıntı keçirmişdik. Bacımla universitetə, Kamal müəllimin qəbuluna getdik. Qəbul otağında oturub həyəcan keçirirdik. O isə bizi elə qarşıladı ki, bütün həyəcanımız, üzüntülərimiz yaddan çıxdı. Yanındakı köməkçisinə “Mən bu qızların əmisiyəm”,-dedi.
Belə anların şahidi olduqca elə bilirsən, doğma adamlar səni tərk etməyib, yanındadır və hələ də yaşamağa dəyər...
QEYD: Məşhur tərcüməçi Natiq Səfərov 1943-cü ildə Naxçıvan şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. İlk iş yeri Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi olub. Müxtəlif illərdə “Azərbaycan” jurnalında, “Yazıçı” nəşriyyatında, “Qanun” jurnalında və Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çalışıb.
C.Steynbek, U.Folkner, Q.Q.Markes, A.Platonov, V.Şukşin, O.Süleymenov və bir sıra görkəmli yazıçıların əsərlərindən etdiyi tərcümələr oxucular tərəfindən rəğbətlə qarşılanıb.
2004-cü ilin 26 sentyabrında vəfat edib.