Ana Sayfa > Manşet / Karusel > “Yerə sərilən çılpaq, ölü qadını canlı bir yavru əmməkdədir...

“Yerə sərilən çılpaq, ölü qadını canlı bir yavru əmməkdədir...


24-11-2017, 08:56. Yazar: Admin

Gələn il Azərbaycan tarixində bir çox şanlı səhifələrin yüzüncü ildönümü ilə yadda qalacaq. Bunun da əsas səbəbi 1918-ci ilin mayında yaranan Azərbaycan Cümhuriyyətidir. Dövlət qurulduqdan sonra bir çox vacib tarixi missiyaları həyata keçirdi ki, onların da əksəriyyəti elə 1918-ci ilə aiddir.

 

Amma 1918-ci il tariximiz üçün təkcə ağ səhifələrlə yadda qalmayıb.  Həmin ilin 31 Mart soyqırımının da yüzillik indönümü gələn il tamam olur.

 

Modern.az bu səbəbdən,  mart qırğınları, azərbaycanlıların soyqırımı ilə bağlı silsilə yazılara başlayacaq. İldönümünə qədər bu tarixlə bağlı bir çox məsələləri oxucuların diqqətinə çatdıracağıq.

 

Öncə, bu qara səhifənin tarixinə diqqət edək. Təbii ki, erməni daşnakları bolşeviklərlə birlikdə azərbaycanlılara qarşı bir neçə dəfə soyqırımı həyata keçirmişdilər. Mart hadisələri isə bu faciələrin ən pik nöqtəsi oldu. Lakin mart hadisələri ancaq ayın 31-də-sonuncu gün başlamadı ki... Əksinə, tarixi ehtimala əsasən, mart soyqırımının başlanma tarixi gözəl bayramımız olan Novruza-21 marta təsadüf edir.

 

1918-ci ilin martında Bakıda bir çox tikililəri məhv edərək insanları güllədən keçirən  erməni və rus bolşevikləri Azərbaycan tarixində misli görünməmiş faciəyə qol qoydular. Deyilənlərə görə, o zaman Nəriman Nərimanovu da oğurlamaq istəyiblər. Hətta buna cəhd etsələr də, fürsətdən yararlana bilməyiblər. Həmin günün əslində martın 21-nə təsadüf etdiyini və  Nərimanovun bahar bayramını qeyd etdiyini araşdırmaçı Teyyub Qurban vaxtı ilə mətbuatda açıqlayıb.

 

 

Onun sözlərinə görə, Nərimanov məcburiyyət səbəbindən Şaumyanın evinə gedib xahiş edib ki, qırğını dayandırsın. Amma xahişi yerdə qalıb:

 

Ümumiyyətlə, mart soyqırımı ayın 31-də yox, on gün qabaq, yəni 21-də olub. Rus və ermənilər Novruz bayramı günü xalqın başına bu oyunu gətiriblər”.

 

Araşdırmaçı Adıgözəl Məmmədov 1918-ci ildə baş verən soyqırımının əslində, bötövlükdə mart soyqırımı olduğunu bildirib: "Yəni hadisə təkcə 31 mart günündə yox, on günlərlə davam edib. Çünki təkcə Bakıda yox, ölkənin bir çox yerlərində bu faciə törədilmişdi. Burada konkret tarix söyləmək olmaz. Çünki  soyqırımı  bir günün içində törədilmədi. Azərbaycanın bir çox bölgələrində, eləcə də, Bakıda bir neçə gün qanlı hadisələr yaşandı”.

 

Əsas məsələ odur ki, bu soyqırımı olub. Minlərlə insanın acılar içində ölməsinə səbəb olan dəhşət həmin ilin mart ayında törədilib.

 

Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin və ümumən, ADR hökumətinin 31 Mart soyqırımı ilə bağlı qeydlərini təqdim edəcəyik.

 

Qeyd edək ki, bu qeydlər Məhəmməd Əmin Rəsulzadənin seçilmiş məqalələrində və “Xalq cəbhəsi” qəzetinin 2009-cu il sayında işıq üzü görüb.

 

 

Fikrimizcə, mart soyqırımı haqqında ən təsirli qeydlərdən biridir.

 

Məhəmmədəmin Rəsulzadə həmin dövrdə mart soyqırımının canlı şahidi olan M.Kulqedən belə sitat gətirir:

 

"Kulqenin, digər əcnəbilərin o günlərin xatirəsi olmaq üzrə almış olduqları və bu gün əllərdə mövcud olan fotolar çox faciəli mənzərələri əks etdirir. Bir yığım qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu məşum yavruları gəmirir... Çılpaq bir qadın yerə sərilmiş, ölmüş... bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir..."

 

Məhəmmədəmin Rəsulzadənin redaktorluğu ilə Münhen şəhərində nəşr olunan "İstiqlal" qəzetinin 1933-cü il 1 aprel tarixli 31-ci sayı, demək olar, bütünlüklə 1918-ci ilin martındakı Bakı qırğınlarının 15 illiyinə həsr edilib. Azərbaycan Cümhuriyyəti Hökuməti həm 1919-cu, həm də 1920-ci il martın 31-ni Milli Matəm günü kimi qeyd edib.

 

 


Geri dön