Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
Qarabaginfo "Modern.az"a istinadən xəbər verir ki, dövlət başçısı müşavirədə nitq söyləyib.
Ölkə başçısı qeyd edib ki, bu il məhsuldarlıq çox yüksək olubdur - rekord həddə. Ancaq bunu bütün rayonlara aid etmək mümkün deyil.
“Ona görə indi gətirəcəyim rəqəmlər hər bir rayon rəhbərliyi üçün siqnal olmalıdır. Çünki bu gün bu müşavirədə Prezident Administrasiyasının, mərkəzi icra orqanlarının nümayəndələri, iyirmi rayonun icra başçısı və şirkətlərin nümayəndələri iştirak edirlər. Beləliklə, bu il yeddi rayonda məhsuldarlıq 30 sentnerdən yuxarı olubdur. Bunlar ardıcıllıqla aşağıdakı rayonlardır:
Tərtər - 34,8 sentner, Bərdə - 33,7 sentner, Salyan - 33,2 sentner, Neftçala - 31,6 sentner, Ağcabədi - 30,7 sentner, Saatlı - 30,4 sentner və Beyləqan - 30,3 sentner.
Bu, onu göstərir ki, həm fermerlər, həm şirkətlər, həm də rayon rəhbərliyi bu işlərə çox məsuliyyətlə yanaşıblar və belə gözəl nəticələr əldə edilibdir.
Üç rayonda məhsuldarlıq 30 sentnerə yaxındır - Biləsuvar rayonu – 29,5 sentner, Sabirabad rayonu – 29,2 sentner və Ağdam rayonu- 28,2 sentner.
Yeddi rayonda məhsuldarlıq 20 sentnerdən çoxdur və bu rayonlar nəticə çıxarmalıdır.
Üç rayonda isə məhsuldarlıq 20 sentnerdən azdır. Bax, bu rayonlarda çox ciddi təhlil aparılmalıdır, nə üçün, bunun səbəbi nədir? Bunun səbəbi olmalıdır. Ucar – 19,3 sentner, Hacıqabul – 14,4 sentner, Ağsu – 9,9 sentner. Hacıqabul və Ağsu rayonlarının icra başçıları dəyişdirildi, yeni icra başçıları təyin edildi. Onlar bu işləri geniş təhlil etməlidirlər və sonra məlumat verməlidirlər ki, məhsuldarlıq nə üçün çox aşağı səviyyədədir”.
Prezident İlham Əliyev müşavirədə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovdan pambıqçılıqda məhsuldarlığın nə üçün çox aşağı səviyyədə olduğu barədə məlumat tələb edib:
- Ucar Rayon İcra Hakimiyyətinin başçısı məlumat versin, hazırda məhsuldarlıq nə üçün aşağı səviyyədədir?
Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov:
- Cənab Prezident, pambıqçılıq ənənəsi Siz qeyd etdiyiniz kimi yaddan çıxmışdı. İndi yeni pambıq növləri yetişdirilir, əkin sahələrinin seçimi aparıldı. Pilot layihələr rayonda tətbiq olundu və növbəti illərdə daha yüksək məhsul götürüləcək.
Prezident İlham Əliyev: - Yox, növbəti illərdə, əlbəttə, daha yüksək məhsuldarlıq olacaq. Mən bunu soruşmuram, mən soruşuram, bu il nəyə görə məhsuldarlıq aşağı səviyyədə olub. Bu barədə məlumat verin.
Mənsur Məmmədov: - Cənab Prezident, bütün aqrotexniki tədbirlər görüldü. Ucar torpağının xüsusiyyəti bir qədər çətinlik yaratdığı üçün məhsuldarlıq yüksək olmadı. Pilot sahələrdə yeni texnologiya ilə daha yüksək məhsul götürüldü və bu, göstərir ki, gələcəkdə məhsuldarlıq yaxşı olacaq.
Prezident İlham Əliyev: - Buna fikir verin, bu, dözülməz bir rəqəmdir. Əyləşin. Özü də qonşu rayonlarda məhsuldarlıq yüksəkdir. Misal üçün, Yevlax rayonunda 26,4 sentner və digər qonşu rayonlarda məhsuldarlıq daha yüksəkdir.