Ana Sayfa > Manşet / Karusel / Siyasət > Nəsiminin yubileyi münasibətilə ölkədə bir gündə 650 min ağac əkilir

Nəsiminin yubileyi münasibətilə ölkədə bir gündə 650 min ağac əkilir


6-12-2019, 12:46. Yazar: Admin

 

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir.

Qarabaginfo xəbər verir ki, respublikanın bütün regionlarını əhatə edən bu təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib.

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov bildirib ki, Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5 mindən çox ağacın əkilməsinə başlanılıb: "Bura zeytun, badam, əsasən, meyvə ağacları aiddir. Regionlarda gün ərzində 50 min ağac əkilib. Əminik ki, bu tədbirlə Azərbaycanda çox xeyirxah bir ənənənin əsası qoyulacaq və daha yaşıl ölkə naminə belə kütləvi aksiyalar bundan sonra da davam etdiriləcək".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib ki, hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir: "Ölkəmizdə yeni yaşıllıq zonalarının salınması Azərbaycanımızın daha da gözəlləşməsinə, zənginləşməsinə böyük töhfədir".

BMT-nin Ərzaq və Kənd Təsərrüfati Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Melek Çakmak Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ETSN-in təşkil etdiyi Nəsiminin 650 illiyinə həsr olunan ağacəkmə aksiyası münasibətilə Azərbaycan xalqını təbrik edib. O bildirib ki, bu kampaniya FAO üçün önəmlidir: "Biz meşələrin artırılması yolu ilə karbon qazının atmosferə buraxılmasının qarşısını ala bilirik. Karbon qazının azaldılması, torpaqda saxlanılması həm də biomüxtəlifliyin qorunması və kənd təsərrüfatı baxımından önəmlidir. Fauna və flora müxtəlifliliyi, arıların çoxalması, bal verməsi məqsədilə meşələri kənd təsərrüfatı baxımından vacib sektor kimi görürük".

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, bu layihə ilk növbədə vəzifəsindən asılı olmayaraq hər kəs bir hədəf ətrafında birləşməsinə imkan verir.

Onun sözlərinə görə, eyni zamanda bu torpağımıza, ölkəmizə olan münasibətdən xəbər verir: "Kampaniya ətraf mühitin sağlam olmasına töhfədir. Belə bir tədbirdə iştirak etmək qürurvericidir. Bununla da insanlar faydalanacaq, ölkəmiz gözəlləşəcək. Ətraf mühit sağlamlaşacaq. Bütün bunlar pozitiv münasibət formalaşdırır, dostluğu və birliyi möhkəmləndirir. Burda gördüyünüz birlik hər şeyə dəyər. Biz hər birimiz dövlətimiz, xalqımız üçün çalışırıq. Bu cür layihələrin keçirilməsi təqdirəlayiq və sevindiricidir. Bundan sonra da bu cür aksiyalar davamlı olacaq".

İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari qeyd edib ki, bu təşəbbüs eyni zamanda ölkənin davamlı inkişaf məqsədləri ilə necə paralel fəaliyyət apardığını göstərir: "Bu da Azərbaycanın məqsədinə Nail olmasına böyük töhvə verir. Eyni zamanda Azərbaycan İtaliya arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlıq barədə qeyd etmək istəyirəm biz ümid edirik ki, növbəti ilin əvvəlində prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində biz ətraf mühit sahəsində ikitərəfli sənəd imzalayacağıq".

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək. Eyni zamanda, bu aksiya insanları nəcib təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir. Report.az


Geri dön