Ana Sayfa > Manşet / Karusel / Gündəm > İlham Əliyev: "Bakının xüsusi aurası qorunmalıdır"

İlham Əliyev: "Bakının xüsusi aurası qorunmalıdır"


3-03-2022, 13:07. Yazar: Admin

 

İlham Əliyev: Bakının xüsusi aurası qorunmalıdır

"Ancaq yenə də deyirəm, son vaxtlar görülmüş tədbirlər nəticəsində Bakının memarlıq ansamblı xeyli sağlamlaşdı. Bu gün bir daha demək istəyirəm, Bakı unikal şəhərdir, dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hər kəs deyir, mənim aləmimdə Bakı dünyanın ən gözəl şəhəridir. Hamımız Bakını sevirik, Bakını qorumalıyıq və yenə də deyirəm, şəhər inkişaf etməlidir, ancaq planlı şəkildə. Bundan sonra da müasir memarlıq Bakının qədimliyini, o qədim tarixi simasını pozmamalıdır. Bu iki önəmli amil bir-birinə ziddiyyət təşkil etməməlidir, əksinə, qədimlik və müasirlik - Bakının xüsusi aurası qorunmalıdır və əminəm ki, biz buna nail olacağıq".

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.

"Ona görə Bakının inkişafı və idarəetmə prinsipləri başqa şəhərlərdən fərqlənir. Qeyd etdiyim kimi, mənim sərəncamımla vaxtilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bulvar İdarəsi yaradılmışdır. Bulvar da Bakının bir hissəsidir, ancaq ayrıca bir inzibati vahididir. Nə üçün? Çünki bulvar da bizim milli sərvətimizdir və indi Azərbaycan vətəndaşları, xüsusilə gənclər yəqin ki, bunu xatırlamır və ümumiyyətlə, görməyiblər ki, 10-15 il bundan əvvəl bulvarın vəziyyəti necə idi - qaranlıq, səliqəsizlik və heç bir şəhərə şərəf gətirməyən mənzərə. Biz indi bulvarın uzunluğunu 5 dəfə artırmışıq və bulvarın hər bir yerində səliqə-sahman var. Nə üçün? Çünki xüsusi idarə yaradılıb, o idarənin işi ancaq bulvara qulluq etmək, təmizliyi və bulvarın canlı orqanizm olmasını təmin etməkdir. Yəni, Bakı şəhərində mənim sərəncamlarımla yaradılmış xüsusi bir idarəetmə mexanizmi vardır, - Bakı şəhəri, İçərişəhər və Bulvar, - üç qurum. Əlbəttə, bu üç qurum arasında işgüzar əlaqələr təbii ki, vardır, olmalıdır, güclənməlidir. Çünki İçərişəhərdə olan insan - ya yerli vətəndaş, ya qonaq o qədim məkandan çıxıb bulvara keçməklə tam yeni bir Bakı görür, müasir bir Bakı görür. Bax, bu amillər çox önəmlidir. Ona görə siz də təbii ki, öz fəaliyyətinizdə bu iki qurumla sıx əlaqədə olmalısınız, onlar da sizinlə. Çünki Bakı, onun bütün yerləri, hər bir guşəsi bizim üçün doğmadır, əzizdir. Əminəm ki, Bakı bundan sonra daha da gözəl şəhər olacaq. Bakıda yeni inşa edilən binalar - istər yaşayış binaları, istər ictimai binalar, ticarət obyektləri, iaşə obyektləri ən yüksək memarlıq zövqünə uyğun olmalıdır. Bu işlərə dövlət qurumları nəzarət etməlidir ki, bundan sonra Bakı ancaq gözəlləşsin", - deyə dövlət başçısı bildirib.


Geri dön