Ana Sayfa > Manşet / Karusel / Gündəm > Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsindən 5 il ötür

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsindən 5 il ötür


21-02-2022, 12:29. Yazar: Admin

Mehriban Əliyeva

 

Bu gün Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsindən 5 il ötür.

Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva 21 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezident təyin edilib.

Azərbaycanda Birinci vitse-prezidentlik institutunun yaradılması Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə həyata keçirilmiş Konstitusiya islahatlarının mühüm tərkib hissəsi olub.

Konstitusiya islahatlarının əsas məqsədi ölkədə dövlət idarəçiliyini təkmilləşdirmək və demokratik dəyişikliklərin səmərəli surətdə həyata keçirilməsinə hüquqi zəmin hazırlamaq idi.

Mehriban Əliyeva Birinci vitse-prezident kimi əsas diqqətini sosial məsələlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli üzərində cəmləşdirib. Şəhid ailələrinin, müharibə əlillərinin, məcburi köçkünlərin, sağlamlıq imkanları məhdud uşaqların, aztəminatlı ailələrin qayğıları daim onun diqqət mərkəzindədir.

Ötən müddət göstərdi ki, bu addım uğurludur. Birinci vitse-prezidentlik institutunun yaradılması sistem xarakterli institutsional islahatdır. Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi bu məsələdə öz sözünü deyib.

Mehriban Əliyevanın Birinci vitse-prezident kimi uğurunu təmin edən əsas şərtlərdən biri məhz onun artıq bu vəzifəyə təyin olunan qədər fəaliyyəti, xüsusən də Heydər Əliyev Fondunun Pezidenti olaraq gördüyü uğurlu işlərdir. O, UNESCO-nun və İSESCO-nun sülhməramlı səfiri kimi ölkəmizi Avropa və Asiyada uğurla təmsil edir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsi Mehriban Əliyevanın tarixi nailiyyətidir. Mehriban Əliyevanın dinlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlığa verdiyi töhfə, Azərbaycanda tolerantlıq və multikulturalizmin təbliği, eləcə də Azərbaycan tolerantlığının və multikulturalizminin dünyada tanıdılmasında əməyi misilsizdir.

Onun Azərbaycanda keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avroviziya kimi beynəlxalq idman və musiqi tədbirlərində yüksək təşkilatçılıq bacarıqları nəticəsində Azərbaycanın dünyada mütərəqqi ölkə imici güclənib. Habelə, Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə Vatikanda və Fransada kilsələrin və müqəddəs yerlərin bərpasında göstərdiyi xidmətlər Azərbaycanın nüfuzunu möhkəmləndirib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibə və ondan sonrakı dövrdə təsdiq olundu ki, Azərbaycan təkcə sərt gücə arxalanmır. Eyni zamanda, ölkəmizin yumşaq gücü möhkəmlənməkdədir və prosesin uğurla getməsində Mehriban Əliyeva fəal rol oynayır.

Qeyd edək ki, Mehriban Əliyeva Bakı şəhərində anadan olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub.

2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.

Mehriban Əliyeva, həmçinin, Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da fondun rəsmi açılışı olub.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

2004-cü il dekabrın 28-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.

2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.

2005-ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə 2014-cü ilin iyununda Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunub.

Rusiya Prezidenti Vladimir Putinin 9 avqust 2019-cu il tarixli fərmanı ilə Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.

Bundan başqa, Mehriban Əliyeva Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni, İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Pakistanın “Hilal-e Pakistan” ordeni, Serbiyanın “Sreten” ordeni, “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, Rusiyanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif edilib.

Bir neçə çağırış Milli Məclisin deputatı seçilib.

Yeni Azərbaycan Partiyasının sədr müavinidir.

Ailəlidir, iki qızı, bir oğlu var.


Geri dön