Ana Sayfa > Manşet / Karusel / Qarabağ > Xalq “Ya Qarabağ, ya ölüm” şüarları ilə meydana çıxır
Xalq “Ya Qarabağ, ya ölüm” şüarları ilə meydana çıxır29-09-2018, 13:58. Yazar: Admin |
Bu gün Bakıda Qarabağ mitinqi keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən Qarabağ Komitəsinin Qarabağ mitinqinin keçirilməsi ilə bağlı müraciətinə müsbət cavab verilib. Mitinq saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində, ”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda keçiriləcək.
Mitinqin Təşkilat Komitəsinin üzlərindən olan QAT sədri Akif Nağı izdihamlı mitinqin keçirilməsini nəzərdə tutduqlarını bildirib: "Mitinqə hazırlıqla bağlı komitədə kifayət qədər təcrübəsi olan adamlar var. Bundan başqa, sosial şəbəkələrin imkanlarından istifadə edirik. Həm də mitinq komitəsinə daxil olan partiyalara, ictimai təşkilatlara tapşırıqlar verilib. Hər bir yerdə mitinqlə bağlı işlərimiz davam edir. Mitinqdə iştirak etmək hər kəsin mənəvi borcudur və həm də istəyindədir. Ona görə də bir çox yerlərdən mitinqdə iştirakla bağlı təkliflər alırıq. Bu mitinqin keçirilməsi cəmiyyətdə çox böyük rezonans doğurub və böyük ehtimalla çox izdihamlı bir mitinq keçiriləcək”.
Akif Nağı deyib ki, mitinqdə şüarlar ancaq torpaqlarımızın işğalı ilə bağlı olacaq: "Mitinqin əsas şüarı "Qarabağa azadlıq” dır. Amma dünən digər şüarları da müəyyənləşdirdik. Şüarlarımız belədir: "Qarabağa azadlıq”, "Ya Qarabağ, ya ölüm”, "Yurda qayıdış təmin edilsin”, "İşğalçı Ermənistana qarşı antiterror əməliyyatına başlanılsın”, "Beynəlxalq təşkilatların ikili standartılarına son qoyulmasını tələb edirik”.
Mitinq Komitəsinə daxil olmayan siyasi təşkilatlar da aksiyaya qatılacaqlar. Bəzi qüvvələr isə mitinqdə iştirak etmək üçün xalqa çağırış ünvanlayıblar.
Ümid Partiyasının sədri İqbal Ağazadə Qarabağa dəstək adlı mitinqlə bağlı xalqa müraciət edib. Partiya sədri qeyd edib ki, təşkilatçıların kim olmasından, onların mövqeyini və siyasi kursunu bəyənib-bəyənməməyimizdən asılı olmayaraq hər bir vətəndaş Qarabağ adına orda olmalıdır: "Bu bizim vətəndaşlıq borcumuzdur. Dünyaya, Ermənistana, Qarabağ adı ilə spekulyasiya edən xarici təşkilatlara xalq olaraq bu torpaqlar uğrunda ölməyə belə hazır olduğumuzu nümayiş etdirməliyik. İqtidar mənsublarına, Yeni Azərbaycan Partiyasına müraciət edirəm. Bütün gücünüzlə bu mitinqin möhtəşəm olmasına çalışın. Süni maneələr, əngəllər törətmək istəyənlərə çağırış edin, göstəriş verin ki, mitinqin izdihamlı olmasına şərait yaratsınlar.
Siyasi partiyalara, ictimai təşkilatlara səslənirəm. Bir-birimizi sevməyə, hətta siyasi müttəfiq olmaya bilərik. Lakin Qarabağ naminə hər bir üzvünüzü, təəssübkeşinizi bu mitinqə israrla dəvət etməyə borclusunuz.
Qaçqın və məcburi köçkünlərə üzümü tuturam. Cəmi 2 saat o torpaq üçün meydanda birlik nümayiş etdirək. Harda yaşamağımızdan, yolumuzun uzaq olmasından, maddi vəziyyətimizin çətinliyindən asılı olmayaraq, mütləq o saatda müqəddəslərimizin ruhu naminə birlikdə olmalıyıq.
Qazi qardaşlarıma, müharibə iştirakçılarına səslənirəm: Bir də toparlanaq. Hər kəsə sübut edək ki, biz yenə döyüşməyə hazırıq.
Gənclərə, tələbələrə müraciət edirəm. Gəlin, Qarabağ üçün birlikdə millət olaraq çiyin-çiyinə dayanaq. Hər kəsə bu torpaq üçün canını verməyə hazır olan yeni, daha mübariz nəslin yetişdiyini bir daha nümayiş etdirək.
Milli Məclisin deputatlarına səslənirəm. Siz o meydanda Qarabağ üçün xalqla birlikdə olun. Bu ən böyük xidmət və Qarabağı müdafiədir. Hər bir Azərbaycan vətəndaşına israrla, təkidlə, xahişlə müraciət edirəm. Bu, bizim milli birlik üçün ən böyük fürsətimiz, imkanımızdır. Heç kim bundan siyasi məqsəd üçün istifadə etməyəcək. Tək məqsəd dünyaya və Ermənistana bu xalqın Qarabağ üçün əl-ələ, çiyin-çiyinə dayana biləcəyini nümayiş etdirməkdir. Nə hava şəraiti, nə işimizin çoxluğu, nə imkansızlıq bizi bu birliyi nümayiş etdirməkdən çəkindirməməlidir. Hamımız Qarabağ naminə, Azərbaycanın birliyi və bütövlüyü naminə sevgi və hörmətlə yanaşı dayanmağa, bu ölkəni necə sevdiyimizi birlikdə nümayiş etdirməyə borcluyuq. Borcumuzu ödəmək zamanıdır".
ADP sədrinin müavini Həsrət Rüstəmov isə "Reytinq”ə deyib ki, Qarabağla bağlı xalqın münasibətini göstərə biləcək aksiyaya tərəfdarıdır. Onun sözlərinə görə, bu cür kütləvi aksiyalar xalqın nisbətən laqeyd, passiv kəsiminin diqqətini ərazilərimizin işğaldan azad edilməsi məsələsinə yönəldə bilər:
"Qarabağ məsələsi həmişə ictimai diqqət tələb edir. Hazırda Qarabağla bağlı danışıqlar prosesi dalana dirənib. Ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar vəziyyət daha mürəkkəb xarakter almağa başlayıb. Bu baxımdan nəzərdə tutulmuş mitinqin keçirilməsi vacibdir. Amma Qarabağın azadlığı ilə bağlı mitinq digər siyasi aksiyalardan həm kütləviliyi, həm də mütəşəkkilliyi ilə ciddi şəkildə fərqlənməlidir. Mitinqin təşkilinə siyasi palitranın ən müxtəlif tərəfləri ciddi şəkildə qoşulmalıdır. Elə etmək lazımdır ki, iqtidar bu mitinqin onun əleyhinə çevrilməyəcəyindən, müxalifət isə iqtidarın mitinqə mənfi mənada müdaxilə etməyəcəyindən əmin olsun. Daha doğrusu, bu aksiyanın həqiqi ümumxalq aksiyası olmasına nail olmaq lazımdır. Əks halda aksiyanın Qarabağ məsələsinə heç bir müsbət təsiri olmayacaq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qarabağ mitinqinə münasibət bildirərkən deyib ki, bu məsələyə cəmiyyətin kütləvi reaksiyası vacibdir: "Hökumət də, cəmiyyətin fəal siyasi hissəsi də qəti qərarların qəbul olunmasının vaxtı çatdığının fərqindədirlər. Biz dünya birliyinə, o cümlədən Ermənistana göstərməliyik ki, artıq səbrimiz tükənib və daha 25 il də mənasız danışıqlara vaxt sərf etməyəcəyik. Bunu etməyimiz üçün isə xalq mitinqə gəlməlidir. Əgər xalqımız seyrçi mövqə tutsa, bu mitinqin ziyanı xeyrindən daha çox olacaq”.
Tərcüməçi-yazar Nadir Qocabəyli hesab edir ki, Böyük güclər - ABŞ və Rusiya arasında dünyanın taleyini həll etmək, onu öz nüfuz dairələrinə bölmək uğrunda gedən savaş növbəti mərhələyə qədəm qoyub və bu kontekstdə Qarabağ da yenidən masaya çıxarılıb: "Bununla bağlı Azərbaycan hökumətinin qarşısına da müəyyən variantlar qoyulub ki, burada geniş ictimaiyyətin, eyni zamanda bizim bilmədiyimiz məqamlar var. Hökumət bu məsələdə hər hansı addımı atmazdan qabaq ictimai rəyi "yoxlamağa" qərar verib. Əslində hakimiyyətin bu rəydən xəbəri var, onun necəliyi, təqdimatı bir çox məqamlarda hakimiyyətin özündən asılıdır. Sadəcə, hökumətimizə bütün məsələlərdə olduğu kimi, bu məsələni də öz xeyrinə həll etmək üçün fakt lazımdır və həmin faktın təsdiqi də bu mitinq olacaq. Əgər ona zəif mitinq lazımdırsa, zəifini, güclüsü lazımdırsa, güclüsünü təmin etməyə çalışacaq. Mən ikinci variantı istisna edirəm. Çünki bu heç kəsə lazım deyil: nə böyük dövlətlərə, nə də bizim hakimiyyətə. Azərbaycan xalqını da elə buna görə məhv ediblər. Güclü Qarabağ mitinqi hakimiyyətə sərf etməz, onu təşkil edəcək başqa qüvvələr isə yoxdur”.
Müasir Müsavat Patiyasının sədri Hafiz Hacıyev isə bildirib ki, Qarabağla bağlı hər hansı bir addım atmaq üçün heç kimdən icazə almaq lazım deyil. Onun sözlərinə görə, Qarabağ tələbi ilə bağlı mitinqin keçirilməsi vacibdir: "Dövlətin özü də bu mitinqin keçirilməsində maraqlı olmalıdır. Dünyaya göstərməlidirlər ki, biz öz torpaqlarımızı istəyirik. Biz öz mövqeyimiz bəyan etməliyik. Bildirməliyik ki, vasitəçi dövlətlər və qurumlar 25-26 ildir ki, başımızın altına yastıq qoyurlar, Qarabağı unutdurmaq istəyirlər. Bu cür tədbirlər keçirib göstərməliyik ki, biz mövqeyimizdən geri çəkilməyəcəyik”.
MMP sədri nəzərə çatdırıb ki, bu mitinqdə bütün siyasi qüvvələr bir araya gəlməlidir. YAP başda olmaqla, iqtidarlı, müxalifətli bütün siyasi qüvvələr bir şüar altında birləşməlidir: "Sərbəst toplaşma azadlığı var, aidiyyatı qurumu xəbərdar edib aksiyamızı keçirməliyik. Dünya da görməlidir ki, Azərbaycan xalqı bir metr torpağını da güzəştə getmək fikrində deyil.
Çox təəssüflə qeyd etməliyəm ki, bəzi vəzifə sahibləri bu məsələnin gündəmə gəlməsini istəmirlər. Bunun üçün onlar arvadlarından icazə almalıdırlar ki, Ermənistana qarşı hansısa addım atılsın. Torpağımızı işğaldan azad eləmək üçün kimdənsə icazə almalı deyilik. Hakimiyyətdəki bəzi məmurlar da bilməlidirlər ki, biz ermənilərə güzəştə getməyəcəyik. Prezidentin də bu məsələdə mövqeyi bəllidir. Cəmiyyət də çıxıb bütövlükdə mövqeyini ortaya qoymalıdır”.
ALDP sədri Fuad Əliyev isə "Reytinq”ə deyib ki, Qarabağın işğaldan azad olunması ilə bağlı davamlı mitinqlər olarsa, izdiham öz-özlüyündə yaranacaq. Burda heç kimsənin "mənəmlik” iddiasına yer yoxdur.
F. Əliyev bu mitinqdən aktivlik gözləməyi elə də vacib saymır:
"Qarabağa dəstəklə bağlı mitinqlərin keçirilməsi illər boyu istənilsə də, buna icazə verilmirdi. İndi icazə verilib və əgər iştirakçıların sayı az olacaqsa, bunu faciə kimi qəbul etmək lazım deyil. Çünki bu, Qarabağla bağlı ilk icazəli mitinqdir və hələ ki, aktivlik olmaya bilər. Mitinqlər davamlı olduqca, aktivlik də artacaq. Bütün zümrədən olanlar - müxalifətli, iqtidarlı - hamı bu meydanda bir araya gələrək dünyaya lazımi mesajımızı verməliyik. Təbii ki, Qarabağ Komitəsinin üzvü kimi bizim partiya da mitinqdə öndə dayanacaqdır. Eləcə də bütün partiyalar, ictimai fəaliyyəti aktiv olan insanlar mitinqdə olmalıdır”.
ALDP sədri bildirib ki, bütün partiya liderləri diqqəti mitinqi kimin keçirməsinə deyil, orada qoyulan məsələyə yönəltməlidir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov da Modern.az-a açıqlamasında Qarabağ mitinqinin keçrilməsinə münasibət bildirib.
YAP rəsmisi hesab edir ki, mitinq Qarabağla bağlı olduğundan orada hər bir kəs iştirak etməlidir:
"Bu mitinq Azərbaycan millətinin mitinqidir. Burada iqtidar, müxalifət adı olmamalıdır. Qarabağ problemi bütün Azərbaycanın dərdidir. Burada müxalifət və iqtidar yoxdur. Ona görə də hesab edirəm ki, mitinqə hamı qoşulmalıdır. Amma mitinq də mitinq səviyyəsində olmalıdır. Mitinq Bakı Şəhər İcra Hakimiyyətinin icazəsinə hörmət əlaməti olaraq qaydalara uyğun keçirilməlidir”.
E. İbrahimov deyib ki, sentyabrın 29-da keçiriləcək Qarabağ mitinqi elə bir aksiya olmalıdır ki, onu ümumxalq mitinqi adlandıra bilək: "Çünki biz Qarabağla bağlı mitinq keçiririk və düşmən də bizə kənardan baxıb gülməsin ki, bu nə mitinqidir”.
Zaur ƏHMƏD
Geri dön |