Ana Sayfa > Manşet / Karusel / Gündəm > Azərbaycan Prezidenti: “Rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk”
Azərbaycan Prezidenti: “Rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk”24-09-2021, 13:38. Yazar: Admin |
“İndi bizdə, deyərdim ki, yeni mərhələdir, Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub. Təbii ki, bu mövzu da daim gündəmdədir və deməliyəm ki, təqribən bir il tamamilə adi ştat rejimində, asayişin pozulması halları olmadan, əksinə, tam qarşılıqlı anlaşma, qarşılıqlı fəaliyyət şəraitində keçib. Biz rusiyalı sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndiririk”. Qarabaginfo.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində deyib. Prezident bildirib ki, bu, sabitlik üçün mühüm amildir: “Əlbəttə, ümid edirik ki, ermənilərlə azərbaycanlılar arasında bir növ barışıq prosesi də gedəcək. Biz də qonşularıq və bir-birimizin yanından heç yerə getməyəcəyik. Ona görə bu reallıqları düzgün qəbul etmək lazımdır. Əlbəttə, burada da Rusiyanın rolu çox vacibdir və biz görürük ki, bu rol çox müsbətdir”. Dövlət başçısı Azərbaycanda böyük rus icmasının olduğunu qeyd edib: “Onlar ölkəmizin layiqli vətəndaşlarıdır, onlar ikitərəfli əlaqələrin möhkəmlənməsi işində çox böyük rol oynayırlar. Bizdə təhsilin rus dilində olduğu 340-dan çox məktəb, dövlətə məxsus ali təhsil müəssisələrində tədrisin rus dilində olduğu fakültələr var, on minlərlə tələbə və məktəbli rus dilində təhsil alır. Mən bunu da bizim dövlətlərarası münasibətlərin mühüm amili hesab edirəm. Sizin auditoriyanın imkanlarından istifadə edərək rusiyalıları Azərbaycana, Qarabağa, bu gözəl mənzərəli yerlərə gəlməyə, - bizdə pandemiya artıq azalıb, - Azərbaycanı daha yaxşı tanımağa və dostluğumuzu möhkəmləndirməyə dəvət etmək istərdim. Bir də, əlbəttə, rusiyalılara bütün işlərində uğurlar diləyirəm”. Geri dön |