Ana Sayfa > Manşet / Karusel / Qarabağ > Ordumuz müasir silahlarla təchiz olunub”

Ordumuz müasir silahlarla təchiz olunub”


6-04-2018, 14:44. Yazar: Admin

 

“Ordumuz müasir silahlarla təchiz olunub”

 

“Bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir”.

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib. 

“Azərbaycan silah ixrac edən ölkəyə çevrilir”

Ali Baş Komandan qeyd edib ki, ölkənin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir:

“Bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib. Qarşıdakı illərdə biz maddi-texniki baza ilə bağlı prosesi tam başa çatdıracağıq. Təbii ki, qarşıdakı illərdə biz hərbi quruculuq işi ilə fəal məşğul olacağıq. Silahların alınması məsələsinə gəldikdə, bu iş daha böyük seçim əsasında, daha konkret aparılacaq, müvafiq məsələlərin həlli üçün həyata keçiriləcək. Bununla paralel olaraq, təqribən 10 il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Ona görə ki, o vaxta qədər biz hərbi məhsullar istehsal etmirdik. Bu gün isə belə məhsulları nəinki istehsal edir, həm də ixrac edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq standartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensialı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir”.

“Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir”

Prezident “Bəzi qonşularınızdan fərqli olaraq Azərbaycan tarixən multimilli ölkə olub və bu gün də belədir. Azərbaycanda təkcə iri milli diasporların sayı 10-dan çoxdur, azsaylı xalqları da nəzərə alsaq, belə diasporlar onlarcadır. Sizin fikrinizcə, bu millətlərarası həmrəyliyi, sülhü dəstəkləmək, bu diasporların bir-biri ilə xoş qarşılıqlı münasibətlərdə yaşamaları üçün nə iş görülür və Siz bu fəaliyyəti nə dərəcədə gərəkli hesab edirsiniz?" sualını belə cavablayıb:

“Bilirsinizmi, tarixən iş elə gətirib ki, Azərbaycan həmişə mədəniyyətlərarası, dinlərarası dialoqun yüksək səviyyəsi ilə fərqlənən ölkə olub. Məsələn, əvvəllər multikulturalizm kimi terminlər yox idi, lakin bu, həmişə bizim həyat normamız olub. Müstəqillik illərində biz bu müsbət meyilləri nəinki qoruyub saxlamağa, həm də onları möhkəmlətməyə nail olmuşuq. Bu gün ölkəmizdə yaşayan bütün xalqlar, bütün konfessiyaların nümayəndələri özlərini rahat, ölkəmizin layiqli vətəndaşları kimi hiss edir və həqiqətən belədir. Mən dəfələrlə demişəm, bizim müxtəlifliyimiz bizim sərvətimizdir. Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir, biz onu çox yüksək qiymətləndiririk və bu müsbət meyillərin möhkəmlənməsi üçün nə lazımdırsa edirik.

Azərbaycanın daxilində millətlərarası, konfessiyalararası münasibətlər sahəsində heç bir potensial problem yoxdur. Biz bu istiqamətdə dövlət siyasətini həyata keçiririk. Bu da çox vacibdir ki, cəmiyyət bu siyasəti tamamilə dəstəkləyir. Biz bu müsbət meyillərin regionda da, dünyada da yayılması üçün fəal iş aparırıq. Ona görə ki, biz vakuumda yaşamırıq. Təbii ki, dünyanın istənilən nöqtəsində baş verən, millətlərarası münasibətlərdə gərginliklərlə, mürəkkəbliklərlə bağlı olan proseslər potensial təhlükə mənbəyidir. Buna görə bizim təşəbbüsümüzlə çoxsaylı beynəlxalq tədbirlər keçirilib - Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu. Bu il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd edirik. Azərbaycanın təşəbbüsü ilə başlanmış bu prosesin mahiyyəti, qısaca desək, İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrlə Avropa Şurasının üzvləri olan ölkələr arasında məhz mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoq səylərini əlaqələndirməkdən ibarətdir. Biz bunu bu istiqamətdə uğurlarımızı nümayiş etdirmək üçün deyil, bu müsbət meyillərin möhkəmlənməsi üçün edirik. Zənnimcə, qısa şəkildə şərh etsək, millətlərarası, dinlərarası həmrəyliyin bu cür yüksək səviyyəsinə necə nail olmağımız onunla bağlıdır ki, biz bu barədə yalnız danışmırıq, həm də bu istiqamətdə düşünürük və fəaliyyət göstəririk. Əgər dünyada bu cür yanaşma üstünlük təşkil etsə, bu zəmində problem olmayacaq”.

 


Geri dön