“Prezident cənab Ruhani ilə bugünkü görüş son dörd il ərzində bizim 11-ci görüşdür. Bu rəqəm özlüyündə bir göstəricidir. Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən Ruhaninin Azərbaycana üçüncü səfəridir. Eyni zamanda, biz beynəlxalq tədbirlər çərçivəsində də görüşmüşük və bütün görüşlərin böyük mənası, əhəmiyyəti var. Görüşlər zamanı əldə etdiyimiz razılaşmalar icra edilir, yaxşı nəticələr verir. Son dörd il ərzində bir çox önəmli sənədlər imzalanmışdır ki, bu sənədlər İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan vermişdir”. “Qarabaginfo”nun xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevBakıda İran prezidenti Həsən Ruhani ilə birgə mətbuata bəyanatla çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, iki ölkə beynəlxalq arenada da fəal əməkdaşlıq edir, bir-birini daim dəstəkləyir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı İran daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və beynəlxalq təşkilatlarda öz səsini qəbul edilmiş qətnamələrə verir. Ona görə, biz İrana çox minnətdarıq. Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq məsələlərdə daim İranın yanındadır”. İlham Əliyev bildirib ki, İran Azərbaycana, Azərbaycan İrana sərmayə qoyur və bu sərmayə qoyuluşu hər iki tərəfin maraqlarına xidmət göstərir: “Əminəm ki, bu səfərdən sonra, - biz bu gün bu barədə də danışmışıq, - əlavə sərmayə qoyuluşunun təşkili nəzərdə tutulacaqdır. Ticarət dövriyyəsinin gələcəkdə artırılması istiqamətində bu gün müvafiq qurumlara tapşırıqlar verildi və ümid edirəm ki, biz bunun şahidi olacağıq.
Bu gün bir çox sənədlər imzalanmışdır, onların arasında iki sənədi xüsusilə qeyd etmək istərdim. Bunlar Xəzər dənizində birgə işləməyimizlə və Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı olan sənədlərdir. Bu sənədlər tarixi əhəmiyyət daşıyır. Çünki bu sənədlərin reallaşması nəticəsində həm Xəzər dənizində, həm nəqliyyat sahəsində bizim əməkdaşlığımız daha da yüksək pilləyə qalxacaq və eyni zamanda, bu, regional əməkdaşlığa da çox müsbət təsir göstərəcəkdir. Biz energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Son illər ərzində imzalanmış sənədlər, xüsusilə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının işlənməsi, eyni zamanda, Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi ilə bağlı olan sənədlər elektroenergetika sahəsində əməkdaşlığı dərinləşdirir. Bu gün biz qərara gəldik ki, çoxtərəfli əməkdaşlıq formatını energetika sahəsində də inkişaf etdirək”. Dövlət başçısı qeyd edib ki, əlaqələr təkcə ikitərəfli formatla məhdudlaşmır: “Biz artıq üçtərəfli, dördtərəfli əməkdaşlıq formatı çərçivəsində uğurla fəaliyyət göstəririk. Azərbaycan, İran, Rusiya prezidentlərinin iki görüşü Bakıda və Tehranda, Azərbaycan, İran, Türkiyə xarici işlər və digər nazirlərinin görüşü, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan, İran, Gürcüstan, Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü – bütün bu görüşlər regional əməkdaşlığa, sabitliyə, sülhə dəstək verir. Bu gün bizim ölkələrimiz regional formatda da uğurlu əməkdaşlıq apararaq, ümumi işimizə çox böyük töhfə verirlər”. Prezident İlham Əliyev bildirib ki, iki ölkə nəqliyyat sahəsində böyük uğurlara imza atıb: “Keçən il mən İranda səfərdə olarkən biz Azərbaycandan İrana birinci qatarın qəbul olunmasını qeyd etmişik. Astaraçay üzərində tikilmiş körpü vasitəsilə birinci qatar İrana qədəm qoymuşdur. Bu gün isə biz Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı çox önəmli və tarixi əhəmiyyəti olan sazişi imzaladıq. Əminəm ki, Şimal-Cənub nəqliyyat dəhlizinin çatışmayan hissəsi - Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və beləliklə, bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır. Şimal-Cənub nəqliyyat dəhlizi bizim və qonşu ölkələrin birgə səyləri nəticəsində artıq reallaşır. Bununla paralel olaraq, biz artıq Cənub-Qərb nəqliyyat dəhlizinin yaradılması ilə bağlı fəal işlərə başlamışıq və gələcəkdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri birləşəcək. Bizim ölkələrimiz bu istiqamətdə çox önəmli rol oynayırlar. Tam məsuliyyətlə deyə bilərəm ki, Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı bu gün imzalanan saziş tarixi əhəmiyyətə malikdir və hesab edirəm ki, gələcək illərdə hər kəs bunu görəcək. Biz hərbi sahədə də uğurlu əməkdaşlıq edirik və hərbi-texniki sahədə əməkdaşlıq dərinləşir. Təhlükəsizlik sahəsində daim məsləhətləşmələr aparılır və bu məsələ daim diqqət mərkəzindədir”. Dövlət başçısı həmçinin xatırladıb ki, iki həftə bundan əvvəl Azərbaycanda qəbul edilmiş qərara əsasən İran vətəndaşları Azərbaycanda vizaları aeroportlarda alacaqlar: “Artıq bu proses başlamışdır, yəni, sadələşdirilmiş viza rejimi həm bizim dostluğumuzu əks etdirir, eyni zamanda, turistlərin axınını şərtləndirir. Hər il Azərbaycandan 100 minlərlə insan İrana səfər edir və şadam ki, son müddət ərzində İrandan Azərbaycana da gələn turistlərin sayı artır. Əgər 2016-cı ildə 240 min İran vətəndaşı gəlmişdisə, keçən il bu rəqəm 360 minə çatıb. Yəni, burada əlbəttə ki, bir çox amillər rol oynayır. İlk növbədə, İran-Azərbaycan dostluq, qardaşlıq münasibətləri, bizim çox güclü tarixi əlaqələrimiz, siyasi əlaqələrimiz və bu gün biz dünyada çox müsbət qonşuluq nümunəsi göstəririk. Bu amillər rol oynayır, eyni zamanda, sərbəst gediş-gəliş rejimi turistlərin axınını şərtləndirir”. Prezident deyib ki, digər sahələrdəki əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılıb: “Bu günə qədər həll olunmayan məsələlər haqqında da çox müzakirə apardıq, o cümlədən bank sektorunda və digər sahələrdə əməkdaşlıq üçün gələcəkdə addımlar atılmalıdır. Ancaq son dörd il ərzindəki birgə fəaliyyətimiz göstərir ki, biz nə qərar qəbul etmişiksə, onu da icra edirik və bunun nəticəsində bu gün İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır”
Geri dön
|