Ana Sayfa > Manşet / Karusel / Sosial > Mingəçevir şəhərinin su təchizatı sistemi yenidənqurmadan sonra istifadəyə verilib

Mingəçevir şəhərinin su təchizatı sistemi yenidənqurmadan sonra istifadəyə verilib


27-02-2018, 13:17. Yazar: Admin

 

Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.

 

"Qarabaginfo"un "Apa.az"a istinadən məlumatına görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlət başçısına məlumat verib.

 

Bildirilib ki, dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

 

Qeyd olunub ki, layihə çərçivəsində Mingəçevir şəhərində 344 kilometr uzunluğunda içməli su şəbəkəsinin inşası tam başa çatdırılıb, 30 min 211 abonentin 14 mindən çoxu sayğacla təmin olunub. Şəhərdə layihələndirilmiş 236 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 103 kilometrlik hissəsi və 21 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib.

 

Bildirilib ki, şəhərdə mövcud olmuş 175 kilometr uzunluğunda içməli su şəbəkəsi bütün istehlakçıları əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü, içməli su fasilələrlə verilirdi. Əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyirdi. Mingəçevirdə mövcud olmuş kanalizasiya şəbəkəsi də şəhəri tam əhatə etmirdi və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüşdü. Məhsuldarlığı sutkada 15 min 300 kubmetr olan tullantı sutəmizləyici qurğunun fəaliyyəti 1985-ci ildən dayandırılıb.

 

Prezident İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildirən düyməni basıb.


Geri dön