Ana Sayfa > Manşet / Karusel / Siyasət > “Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib”
“Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib”23-01-2018, 18:18. Yazar: Admin |
"Azərbaycanda daxili təhdidlər və risklər yoxdur".
"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya iqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində çıxışında deyib.
Ölkə başçısı bildirib ki, bununla belə, Azərbaycan sərhədlərində də təhlükəsizliyini təmin etməlidir: “Qonşularla münasibətlər hər bir ölkə üçün prioritet olmalıdır. Bu, xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır. Bu, həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır.
Azərbaycan məhz belə münasibətlər qura bilib.
Azərbaycanın torpaqlarının 20 faizini işğal edən Ermənistandan başqa bütün qonşuları ilə yaxşı münasibətləri var. Bizim Xəzər dənizi və quru yolu ilə bütün qonşularla xüsusi əməkdaşlıq münasibətlərimiz mövcuddur. Ölkəmiz gəncdir, cəmi 26 yaşı var. Lakin Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib. Azərbaycan müstəqil xarici siyasət formalaşdıra bilib. Bu xarici siyasət bizim milli maraqlarımıza uyğundur və qonşularımızın maraqlarına zidd deyil.
Hesab edirəm ki, qonşularının əksəriyyətindən kiçik ölkə üçün belə bir uyğun balansı tapmaq və bu qonşuluqdan fayda əldə etmək çox vacibdir. Böyük qonşu böyük bazardır. Bizim üçün ən yaxşı bazar qonşulardır. Ölkələrimiz arasında qarşılıqlı maraqlar mövcuddur. Təbii ki, bir-birimizin daxili işinə qarışmırıq. Qonşuları ilə əməkdaşlıqda praqmatik və praktik yanaşma ölkəmizin uğurunun, daxili stabilliyinin və gələcək üçün yaxşı perspektivin əsas səbəbidir”. İlham Əliyev deyib ki, iqtisadiyyatın diversifikasiyası Azərbaycanın əsas məqsədidir.
Biz bu istiqamətdə ciddi islahatlar həyata keçirdik və yaxşı nəticələr əldə olundu. Ötən il ölkədə qeyri-neft iqtisadiyyatı 3 faiz və qeyri-neft sənayesi 4 faizi artdı. İqtisadiyyatımızın diversifkasiyası prosesi gedir və bizim dayanmaq planımız yoxdur. Hazırda neft qiyməti artır, lakin bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq", - deyə prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, biz öz xərclərimizi optimallaşdırırıq: "Keçən il neftin qiymətinin düşməsinə baxmayaraq, biz əlavə 4.5 milyard dollar qazandıq və ehtiyatlarımızı artırdıq. Neft və qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcək. Qeyri-neft sektoru isə bizim ÜDM-in 70 faizini təşkil edir. Bizim hədəfimiz ixrac portfelimizdə qeyri-neft məhsullarının həcmini artırmaq məqsədi ilə ixracı diversifikasiya etməkdir".
İlham Əliyev daha sonra əlavə edib:
“Gürcüstanın Supsa limanına kimi çəkdiyimiz Bakı-Supsa boru kəməri Xəzəri və Qara dənizi birləşdirdi. İkinci boru xətti Xəzəri və Aralıq dənizini birləşdirən Bakı-Tbilisi Ceyhan boru xətti oldu. Həmin yolla biz qaz boru xəttini də çəkdik. Buna görə də biz karbohidrogenlərin ixrac yollarını diversifikasiya etmişik və tərəfdaşlarımız üçün enerji təhlükəsizliyini təmin edirik. Azərbaycan Avropa İttifaqının bəzi ölkələri üçün artıq neft təminatçısıdır. Cənubi Qaz Dəhlizi layihəsini bitirdikdən sonra Avropa ölkələri bizim təbii qazımıza da çıxış əldə edəcəklər”.
Geri dön |