Ana Sayfa > Manşet / Karusel > Prezident: Bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar
Prezident: Bundan sonra da çalışacağıq ki, dünya ölkələri Xocalı soyqırımını rəsmən tanısınlar26-02-2021, 12:36. Yazar: Admin |
Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın təşəbbüsü ilə Xocalı soyqırımına öz münasibətini bildirmişlər və bu istiqamətdə işlər davam etdiriləcək. Soyqırımı törədiləndə Azərbaycan demək olar ki, informasiya blokadasında idi. O vaxt indiki imkanlar da yox idi. Ona görə bir çoxları üçün bu məsələ o qədər də aydın deyildi. Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bildirib.
Bu gün Xocalı soyqırımı ilə bağlı dünyada geniş məlumatın olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Halbuki burada da Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə atmaq istəyirdi. Sanki Azərbaycan özü Xocalı soyqırımını törətmişdir. Bu addımların təkrarını biz ikinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki ballistik raketlərlə atılan atəş peyk tərəfindən izlənilir və böyük dövlətlər və ilk növbədə, Minsk qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Ermənistan ərazisindən buraxılmışdır - Gəncə şəhərinə, Tərtər, Bərdə, digər şəhərlərə. Yəni növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var”.
Geri dön |