Ana Sayfa > Manşet / Karusel > Azərbaycan Prezidenti: “Azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək”
Azərbaycan Prezidenti: “Azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək”3-02-2021, 16:43. Yazar: Admin |
“Sizin gələcək tərəfdaşlığımızla bağlı ideya və fikirlərinizi tam dəstəkləyirəm. Əlbəttə, Turin Universitetinin ümumi işlərimizdə iştirakı çox alqışlanandı. Həmçinin siz “yaşıl kimya”nı qeyd etdiniz. Bildiyimə görə, bu, texnoloji inkişaf baxımından yenilikdir”. Qarabaginfo.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib. Prezident bildirib ki, bu, həmçinin bizim gündəliyimizə tam uyğundur: “Çünki əvvəlki illərdə biz çox işlər görməli idik ki, həyat tərzini yaxşılaşdıraq və xüsusən də bütün çirklənmiş sahələri təmizləyək. Xüsusən də burada, Bakıda və Abşeron yarımadasında. Həmin ərazilər yüz ildən artıqdır ki, çirkləndirilib. Biz böyük sərmayələr yatırdıq, torpaqlarda çoxlu rekultivasiya işləri apardıq. Ətraf mühitin qorunmasına aid bir çox məsələlərlə məşğul olduq. Bu, davam edəcək”. Dövlət başçısı qeyd edib ki, buna görə, “yaşıl enerji” konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur: “Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda, biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq”. Prezident İlham Əliyev bildirib ki, biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik: “Çünki ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalıdır və sənaye sahəsində güclənməlidir ki, biz neft və qaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Təbii ki, sənaye inkişafı prosesi zamanı, qeyd etdiyiniz kimi, şirkətiniz ilə Azərbaycan arasında strateji birlik çox alqışlanacaq. Müasirləşmək, irəliyə doğru getmək və inkişaf etmək üçün bizim bu cür güclü tərəfdaşa ehtiyacımız var”. “Mən bir daha, xüsusi olaraq, qeydlərinizdən birinə istinad etmək istəyirəm. Bu, şirkətinizdə yerli işçilərin olması ilə bağlıdır. Bu, dostluğun əsl rəmzidir və dostluğu nümayiş etdirir. Mən buna görə sizə təşəkkürümü bildirmək istəyirəm və əminliyimi ifadə edirəm ki, biz şirkətinizlə və tərəfdaşlarınızla birgə işimizi davam edəcəyik. Əminəm ki, buradakı imkanlar, İtaliyaya olan səmimi münasibətlər barədə ölkənizin iş adamları nə qədər çox bilərsə, bir o qədər çox İtaliya şirkətləri bura gələcək. Biz bunu istəyirik”, - deyə Prezident əlavə edib.
Geri dön |