Ana Sayfa > Kriminal > "Eldar Mahmudovun əmisi oğlu zəng edib dedi ki...." - Elçin Quliyevin məhkəməsi

"Eldar Mahmudovun əmisi oğlu zəng edib dedi ki...." - Elçin Quliyevin məhkəməsi


25-09-2017, 17:35. Yazar: Admin

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qarabağinfo.az lent.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə siqaret qaçaqmalçılığında şübhəli bilinərək MTN-ə gətirilən və pulu alınaraq azadlığa buraxılan zərərçəkmiş Sahib Qurbanovun epizodu üzrə dinləmələr keçirilib. Şahid qismində İlham Abbasov ifadə verib. O bildirib ki, S. Qurbanovda siqaretin olmasını sabiq nazirin əmisi oğlu Vüqar Mahmudov deyib: ""Vüqar zəng elədi. Dedi Rafiq Səfərovda siqaret var. Onu götürməyimi və əldə olunan pulu ona verməyimi tapşırdı. Dediyi kimi elədim, pulunu da Vüqara verdim".
 
Daha sonra  Ankara klinikasının həkimi Elşən Tağıyevin epizodu üzrə dinləmələr keçirilib. Bu epizod üzrə iki həkim dindirilib. Onlar istintaqa verdikləri ifadəni təsdiqləyib.
 
Məhkəmə sentyabrın 28-də davam edəcək.
 
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
 
Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.


Geri dön